Menu

“İsrail qaçırılan təyyarəni vurmağa hazır olub” - “Flydubai” təyyarəsilə bağlı yeni təfərrüatlar

06.10.2026, 16:12
“İsrail qaçırılan təyyarəni vurmağa hazır olub” - “Flydubai” təyyarəsilə bağlı yeni təfərrüatlar

İsrail daha böyük terror hücumunun qarşısını almaq üçün göyərtəsində 150-dən çox İsrail vətəndaşının olmasına baxmayaraq, “Flydubai” təyyarəsini vurmağa hazır olub.

“AzPolitika” xəbər verir ki, bu barədə “CBS News” iki İsrail mənbəyinə istinadla məlumat yayıb.

Kanalın mənbələrinə görə, İsrailin 11 sentyabr hücumuna bənzər hadisələrlə mübarizə aparmaq üçün uzun müddətdir müəyyən edilmiş prosedurları var. Həmin prosedurlar daha böyük terror aktının və itkilərin qarşısını almaq üçün radikal addımlara imkan verir.

Təyyarə kəskin şəkildə 14.000 fut hündürlüyə endikdən sonra İsrail Hərbi Hava Qüvvələri kabinə ilə əlaqə saxlamağa çalışıb, lakin heç bir cavab almayıb. Tez bir zamanda xüsusi komissiya çağırılıb və komanda məntəqəsi yaradılıb. Döyüş təyyarələri havaya qalxıb və İsrailin hava məkanı bağlanıb. Lakin təyyarənin İsraildən təxminən 400 mil məsafədə Səudiyyə Ərəbistanına doğru döndüyü və Səudiyyə Ərəbistanının öz döyüş təyyarələrini havaya qaldırdığı aşkar edildikdən sonra İsrail təyyarələr geri çağırılıb.

Mənbələrə görə, əgər “Flydubai” təyyarəsi İsrailə müəyyən bir məsafədə yaxınlaşsaydı, İsrail vəziyyəti qiymətləndirmək üçün İordaniya hava məkanına qırıcı təyyarələr göndərəcəkdi. Bu halda, İsrail qırıcı pilotları sərnişin təyyarəsinin kabinəsini yoxlamaq və pilotla vizual əlaqə qurmaq üçün təyyarəyə mümkün qədər yaxınlaşacaqdılar. Daha sonra onlar sərnişinlərin vəziyyətini qiymətləndirər və panika aşkar edilərsə, məlumatı Hərbi Hava Qüvvələri Komandanlığına və xüsusi komissiyaya ötürərdilər. Qaçırma halında komissiya Müdafiə naziri və Baş nazirlə əlaqə saxlayardı.

Protokolda İsrailə doğru gedən təyyarənin təhlükə aşkar edildiyi təqdirdə havada vurulması nəzərdə tutulur. Lakin buna yalnız Baş nazir qərar verə bilər.

Qeyd edək ki, medianın yazdığına görə, BƏƏ-də dindirilərkən sərnişin təyyarəsinin ikinci pilotu bu hücumu “flydubai”-yə işə girməzdən əvvəl planlaşdırdığını bildirib. O, təyyarəni Ben-Gurion hava limanına vurmaq və bununla Qəzza zolağındakı hərbi əməliyyatlara görə qisas almaq istədiyini qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol