Menu

Yəməndə müharibə böyüyür: Yaxın Şərqdə yeni savaş başlayır?

06.10.2026, 15:56
Yəməndə müharibə böyüyür: Yaxın Şərqdə yeni savaş başlayır?

Hazırda Yəmənin hökumət qüvvələri ilə Husilər arasında şiddətli döyüşlər gedir. Bu döyüşlərin Yaxın Şərqdə yeni və böyük müharibəyə çevriləcəyi ilə bağlı beynəlxalq ekspertlər tərəfindən fikirlər səsləndirilir. Üstəlik, hökumət qüvvələrinə İsrailin kömək etməsi, husilərin isə İran tərəfindən dəstəklənməsi vəziyyəti bir qədər də gərginləşdirir. 

Belə bir şəraitdə Yaxın Şərqdə böyük və uzunmüddətli müharibə ehtimalı nə qədərdir? Ümumiyyətlə, bu döyüşlərdə qalib kim olacaq?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Yəməndə husilər uzun müddətdir ki, Bab əl-Məndəb boğazında gəmiçilik üçün ciddi təhlükə yaradır:

"Son dövrlərdə onların Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumları beynəlxalq gəmiçiliyə əməlli-başlı əngəl törədir. Husilərin fəaliyyətinin qarşısının alınması məqsədilə ABŞ və digər Qərb ölkələri tərəfindən müxtəlif hərbi əməliyyatlar həyata keçirilib. Lakin buna baxmayaraq, husilərin hücumlarının tamamilə dayandırılması mümkün olmayıb.

Husilərin Bab əl-Məndəb boğazında fəaliyyətinin davam etməsi xüsusilə narahatlıq doğurur. Çünki bu boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və dünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan strateji su yoludur. Hazırda əsas suallardan biri ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarının husilərin fəaliyyətini nə dərəcədə məhdudlaşdıracağı ilə bağlıdır. Husilərin İranla yaxın əlaqələri də məsələnin daha mürəkkəb xarakter almasına səbəb olur. Buna görə Yəməndə baş verənlər yalnız lokal münaqişə kimi qiymətləndirilmir. Burada İranın regional siyasəti və ABŞ-la münasibətləri də mühüm rol oynayır.

Əgər husilərin hücumları davam edərsə, Qırmızı dəniz və Bab əl-Məndəb istiqamətində gəmiçilik üçün risklər daha da artacaq. Bu isə dünya ticarətinə, enerji daşıyıcılarının daşınmasına və nəqliyyat xərclərinə təsir göstərə bilər.

Digər tərəfdən, husilərin İran tərəfindən dəstəklənməsi ilə bağlı məsələ də diqqət mərkəzindədir. Husilərin hərbi imkanlarının qorunub saxlanılması İranın regiondakı təsir imkanları ilə birbaşa əlaqələndirilir.

Bu baxımdan Yəməndə husilərlə bağlı proseslərin gələcək inkişafı təkcə bu ölkə üçün deyil, bütün region və beynəlxalq gəmiçilik üçün də ciddi əhəmiyyət daşıyır".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol