Rusiya-Ukrayna müharibəsinin getdikcə necə şiddətlənməsini iri şəhərlərin daha intensiv şəkildə raket və dron zərbələrinə məruz qalmasından görmək mümkündür. Raket arsenalına görə üstün durumda olmasına baxmayaraq, cəbhə xəttində ciddi nailiyyət qazana bilməyən Rusiya Ukraynanın mülki və sənaye infrastrukturunu məhv etməyə başlayıb.
Bununla da ukraynalıları müqavimətini qırmağa və müharibədə qalib gələcəyinə əmindir. Elə Rusiyanın bu müharibəyə başlamasının əsas səbəbi də məhz bu əminlikdən qaynaqlanır.
Bəs, Rusiya müharibədən öncə hansı strateji resurslara və hansı geosiyasi proqnozlardan çıxan nəticələrə arxayın idilər?
Görünən odur ki, Rusiya müasir dövrümüzün ən mürəkkəb geostrateji oyununa qoşulub. Belə ki, Rusiya yeni dünya nizamı çərçivəsində yeni mövqe bölgüsünün iştirakçısı və qlobal geostrateji müstəvinin əsas qütblərindən biri olmaq niyyətindədir. Bunu rusiyalı politoloqların çıxışlarından anlamaq olar.
Görəsən, Rusiyanın potensialı düzgün hesablanıb?
Moskvanın hesablamasına görə, onun yeni dünya nizamında nüfuzlu mövqeyə yiyələnməsi üçün dörd güclü kartı var. Hadisələrin dinamikası göstərir ki, müharibədə hələ istədiyinə nail olmayan Rusiya əvvəlkitək həmin kartlara güvənməkdə davam edir.
Birinci kart Rusiyanın güclü orduya və dünyanın ən böyük nüvə arsenallarından birinə sahib olmasıdır.
İkinci kart böyük ərazi, nəhəng enerji resursları və zəngin xammal ehtiyatlarıdır.
Üçüncü kart Çindir. Moskva hesab edir ki, yeni dünya nizamında Qərblə mübarizə aparmağa məhkum olan Pekin Rusiya ilə strateji müttəfiqliyə getməyə məcbur qalacaq.
Dördüncü kart isə Avropa ilə bağlı hesablamalardır. Rusiya düşünür ki, yeni dünya nizamında Avropa təhlükəsizlik baxımından ABŞ-dən asılılığını azaltmaq istəyəcək. Bu isə Vaşinqtonla Avropa arasında dərin fikir ayrılıqlarına gətirib çıxaracaq. Belə bir məqamda Moskva Qərb dünyasında yaranan ziddiyyətlərdən uğurla istifadə edə biləcəyini fikirləşir.

Rusiya yuxarıda sadalanan öz qələbə arqumentlərinə güvənərək Ukraynaya hücüm etdi. Ancaq onun hesablamaları elə müharibənin ilk günlərindən özünü doğrultmadı. Ukraynada müharibə başlamazdan əvvəl Rusiya dünyanın ikinci ən güclü ordusuna malik ölkə kimi təqdim edilirdi. Bu təsəvvür Ukraynanın qısa müddətdə işğal ediləcəyinə əminlik yaratmışdı. Amma müharibənin praktik nəticələri Rusiya ordusunun zəif cəhətlərini üzə çıxardı və Moskvanın sürətli qələbə planı baş tutmadı.
Bununla belə, Rusiya artıq geriyə çəkilə bilməzdi, əks təqdirdə onun gələcək qlobal pay bölgüsündə yeri olmayacaqdı. Ona görə də Rusiya digər kartlarına güvənərək müharibəni davam etdirmək qərarına gəldi.
Rusiya ordusu muzdlu sistemə keçərək Ukraynanı taqətdən salmaq və şəhərləri bombalamaq strategiyasına başladı. Bu strategiya beş ilə yaxındır ki, davam edir. Ukrayna nə qədər məhrumiyyətlər yaşasa da, Qərbin köməyi ilə öz hərbi potensialını əhəmiyyətli dərəcədə artıraraq Rusiyanın mühüm hərbi, enerji və mülki obyektlərini raket/dron zərbələrinin hədəfinə çevirib.

Bu gün Rusiyanın zəngin təbii resursları onun müharibəni davam etdirməsi üçün ən mühüm dayaqlardan biridir. Enerji resursları və xammal ehtiyatları Moskvanın iqtisadi potensialını müəyyən qədər qoruyub saxlamağa imkan verir. Ancaq zəngin təbii resurslara sahib olmaq hələ müharibədə qələbə qazanmaq anlamına gəlmir. Uzunmüddətli müharibə üçün yalnız resursların mövcudluğu kifayət deyil, bu imkanların iqtisadi və hərbi gücə çevrilməsi də vacib amildir.
Rusiyanın özü üçün əlverişli geosiyasi kart hesab etdiyi digər məsələ ABŞ və Avropa arasındakı fikir ayrılıqlarıdır. Qərbdaxili ziddiyyətlərin dərinləşəcəyinə ümid bağlamaq kifayət qədər riskli yanaşmadır. BMT-dəki çıxışında Lavrovun ABŞ-dən çox Avropaya qarşı ittihamlar səsləndirməsi heç də təsadüfi deyil. Avropanın öz təhlükəsizlik maraqları var və bu təbii ki, Moskvanın proqnozlaşdırdığı yöndə getməyəcək.

Bu baxımdan Qrenlandiya ilə bağlı ABŞ və Danimarka arasındakı proses çox maraqlı nümunədir. Rusiya rəsmiləri və politoloqları Tramp administrasiyasının Qrenlandiya məsələsində Danimarka ilə anlaşmasının mümkün olmayacağını bildirirdilər. Onların arqumentinə görə, Kopenhagen öz suverenliyi uğrunda hüquqi mübarizədən vaz keçməyəcək, Avropa İttifaqı isə Danimarkanı dəstəkləyəcəkdi. Hətta Qrenlandiya uğrunda mübarizənin NATO daxilində ciddi parçalanmaya gətirib çıxara biləcəyi də irəli sürülürdü.
Amma hər şey Moskvanın gözlədiyinin əksinə cərəyan etdi və Danimarkanın baş naziri bu razılaşmadan məmnun qaldığını söylədi.Yekun nəticədə Qrenlandiyanın suverenliyinə xələl gəlmədən ABŞ strateji baxımdan bu nəhəng adanın təhlükəsizliyi və təbii sərvətləri üzərində nəzarətini möhkəmləndirməyə müvəffəq oldu.

Rusiyanın son ümid kartı Çinlə strateji əməkdaşlıqdır. Amma Pekin Kremli çətin vəziyyətdən ona görə xilas etmir ki, Rusiya qlobal piroqdan yaxşı pay götürsün. Çin Rusiyanın hansı mövqedə qərarlaşacağına təkbaşına müəyyənləşdirməyəcək, hər şey ABŞ ilə konsensus əsasında baş tutacaq.
Müharibə nəticəsində iqtisadi və hərbi cəhətdən zəifləyən Rusiyanın əvvəlki geosiyasi çəkisni qoruyub saxlması müşkülləşəcək. Əlbəttə, Çin Rusiyanı bütövlükdə həzm etmək istərdi, lakin bunun çətin olduğunu anlayan Pekin bu məsələdə ABŞ-nin iradəsinə qarşı kəskin addımlar atmayacaq. Pekin üçün Rusiya həm enerji və xammal mənbəyi, həm də mühüm geosiyasi tərəfdaşdır. Ancaq Çin eyni zamanda ABŞ və bütün Qərb dünyasıyla geniş iqtisadi əlaqələrə malikdir. Buna görə də Pekinin Moskva ilə münasibətlərində öz maraqları arasında balans yaratmağa çalışması təbiidir.

ABŞ-nin Çinə təzyiq göstərmək və onu geostrateji planda razılaşmağa vadar edəcək xeyli sayda vasitələri var. Bunlardan biri Çin mallarına tətbiq olunan tariflərdirsə, digər mühüm istiqamət beynəlxalq dəniz daşımaları və enerji nəqli yollarıdır. ABŞ Çin üçün mühüm ixrac bazarıdır. Bu bazarda yaranacaq ciddi problemlər Pekinin gəlirlərinə təsir göstərir. Çin son illərdə ixracını şaxələndirsə və ticarətdə müsbət saldo yaratsa da, ABŞ bazarının əhəmiyyəti böyük olaraq qalır.
Enerji məsələsi də Çin üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ-nin Venesuela neftinə əl qoyması və həmçinin Hörmüz boğazını bolkadaya alması Çinin enerji təminatına mənfi təsir göstərir. Bundan əlavə,Yəməndəki husilər Səudiyyə Ərəbistanının neft boru kəmərlərinə hücumlar etməklə yanaşı, onların Qırmızı dənizdəki neft ixracını da əngəlləyirlər. Maraqlıdır ki, Yəməndəki “Ənsərullah” qruplaşması ABŞ və digər ölkələrin donanmasına yox, məhz Səudiyyənin tankerlərinə imkan verməyəcəklərini bəyan edirlər.
Əgər Yaxın Şərqdə baş verənlərin pərdə arxasına işıq salınsa,ortalığa üzdə görünənlərdən fərqli nəticələr çıxa bilər. Hazırda Çinin neft tələbatında problemlər yaranıb.Təchizatda yaranmış kəsintilərin öhdəsindən gəlmək üçün Çin nəhəng strateji ehtiyatlar toplasa da, məlumdur ki, bu ehtiyatlar tükənməz deyil.
Deməli,Yaxın Şərqdəki münaqişələr uzandıqca enerji amilinin ABŞ-Çin münasibətlərində əlavə təzyiq vasitəsinə çevrilməsi ehtimalı da artır. Yaxın Şərqdə baş verənlərə yalnız regional hadisələr kimi deyil, böyük dövlətlərin qlobal rəqabəti kontekstində baxdıqda, daha geniş geosiyasi mənzərə ortaya çıxır. ABŞ Çindən bir çox məsələdə geri çəkilməyini və ya yeni dünya düzənində Rusiya kimi böyük əraziyə təkbaşına nəzarət edilməsi kimi iddiadan əl çəkməsini tələb edəcək.
Rusiya özünü ABŞ və ya Çin kimi aparmaq istəyir, fövqəldövlət iddiasındadır. Lakin bu gün fövqəldövlət statusu yalnız hərbi güclə müəyyənləşmir. Bununla yanaşı, çoxşaxəli iqtisadi potensial, yüksək texnologiya, milli valyutanın qlobal çəkisi və dövlətin öz resurslarını nə dərəcədə səmərəli idarə etməsi də mühümdür. Rusiya isə bu göstəricilərdən uzaqdır.
Beləliklə, Rusiyanın ən böyük problemi, heç şübhəsiz ki, öz imkanlarını real geosiyasi çəkisindən daha böyük qiymətləndirməsidir. Ukrayna müharibəsi həm də böyük güclərin gələcək dünya nizamı uğrunda rəqabətinin mühüm elementinə çevrilib. Ona görə də Moskvanın gələcək mövqeyi yalnız öz iradəsindən yox, ABŞ, Çin və Avropa arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.
Vaqif Nəsibov
“AzPolitika.info”


Şərhlər