“Maaşda 2000 manat fərq yaranması fərdin günahı deyil…”
Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərcləri müzakirə olunarkən Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa sosial sahədəki bəzi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini bildirib, həmçinin əməkhaqlarındakı mövcud fərqlərə diqqət çəkib.
Deputat qeyd edib ki, təqdim olunan büdcə sənədi ehtiyacı olan insanlara dövlət tərəfindən sosial müdafiə təminatının daha əlçatan şəkildə həyata keçirildiyini göstərir: "Fondun gəlirləri 9,22 milyard manat təşkil edir və ötən illərlə müqayisədə xərclərin artırılması müsbət haldır”.
O, fondun investisiya imkanlarının genişləndirilməsinin zəruriliyini vurğulayıb: "Vaxtilə Sosial Müdafiə Fonduna investisiya qoymaq hüququ tanındı. Hesab edirəm ki, bu mexanizmi daha da təkmilləşdirmək və dayanıqlı sabit gəlirlərə sahib olmaq üçün investisiya imkanlarını genişləndirmək lazımdır".
Deputat həmçinin əhalinin rifahına yönələn bəzi əhəmiyyətli artımları yüksək qiymətləndirib: “Uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan 1500 manata qaldırılması təqdirəlayiq addımdır. Xüsusilə özəl sektorda xidmət sahələrinin fərqliliyi və böyük xərclər tələb olunması ailələri çətin duruma sala bildiyindən, bu artım böyük dəstəkdir. Dəfn üçün nəzərdə tutulan məbləğin 1200 manata çatdırılması da olduqca doğru addımdır”.
İşsizlikdən sığorta fondunun vəsaitlərinin bölgüsünə toxunan F.Mustafa bu sahədə prioritetlərin dəyişdirilməli olduğunu bildirib: "Əsas meyar işsizliyə görө sığorta ödənişi olmalıdır. İşsiz insan gəlib hansısa məsləhəti almaq istəmir, o, günü və ya ayı qurtarmaq, ailəsini yaşatmaq üçün pul istəyir. Məsləhətə və ya başqa tədbirlərə ayrılan vəsaitlərin bir hissəsini birbaşa işsizliyə görə sığorta ödənişlərinə yönəltmək lazımdır".
Çıxışının sonunda deputat qurumlararası əməkhaqqı fərqliliklərinə də toxunaraq, Elmlər Akademiyasının institutlarının ləğv edilməsindən sonra yaranan vəziyyəti xatırladıb. O qeyd edib ki, status dəyişikliyi (publik hüquqi şəxs statusu) səbəbindən eyni işi görən şəxslərin maaşlarında 2000 manata yaxın fərqin yaranması fərdin günahı deyil və bu cür uyğunsuzluqların aradan qaldırılmasına ehtiyac var.
Rasim Əliyev
“AzPolitka.info”


Şərhlər