Ötən gecə Ukrayna PUA-ları növbəti dəfə Rusiya neft emalı zavodlarını hədəf alıb.
“AzPolitika” xəbər verir ki, sosial mediada Krasnodar diyarının Severski rayonuna kütləvi PUA hücumu və nəticədə baş verən yanğınlarla bağlı görüntülər yayımlanıb.
Krasnodardakı regional əməliyyat qrupu bildirib ki, "Dronların qalıqları iki müəssisədə yanğınlara səbəb olub, doqquz yerdə - şəxsi evlərin həyətlərində və küçələrdə PUA-ların qalıqları aşkar edilib". Məlumatda dörd nəfərin yaralandığı qeyd olunur.
Ukraynanın "Eksilenavo+" monitorinq kanalının məlumatına görə, iki böyük neft emalı zavodu - Afipski və İlski zərbələrə məruz qalıb.
Afipski Neft Emalı Zavodu Krasnodar diyarındakı üç ən böyük zavoddan və Rusiyanın cənubundakı beş ən böyük zavoddan biridir. Zavod ildə 7 milyon tondan çox neft emal etmək gücünə malikdir. O, benzin, dizel yanacağı, reaktiv yanacaq və digər neft məhsulları istehsal edir. Bu, ilin əvvəlindən bəri həmin neft emalı zavoduna edilən səkkizinci və bir ay ərzində ikinci hücumdur.
İlski Neft Emalı Zavodu isə Krasnodar diyarındakı ən yaxşı üç neft emalı zavodundan biridir. İldə təxminən 6,6 milyon ton neft istehsal gücünə malik zavod benzin, dizel yanacağı və digər məhsullar istehsal edir. Zavod sonuncu dəfə 16 noyabrda dron hücumlarına məruz qalıb.
Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın sonlarında Rusiya neft emalı zavodlarına zərbələri bərpa edib və son həftələrdə 35 neft emalı zavodundan təxminən 10-na hücum edib. “Reuters” qeyd edib ki, bu, ötən ayın sonu ilə müqayisədə xam neft emalında 30% azalma ilə nəticələnib.
“AzPolitika.info”


Şərhlər