"İctimaiyyətin diqqəti Rusiya əhalisinə ağrı vermək üçün nəzərdə tutulmuş dərin zərbələrin tamaşasına yönəlsə də, bizim qiymətləndirməmizə görə, bu cür zərbələr effektiv olmayıb. Və onlar Rusiyanın cəbhə xəttində irəliləməsinin qarşısını almaq üçün heç nə etmir".
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin müavini Elbric Kolbi NATO-nun Ukrayna üzrə Təmas Qrupunun iclasında deyib.
Onun sözlərinə görə, bu cür hücumlar "yalnız Kremlin eskalasiya istəyini gücləndirib". Pentaqon sözçüsü əlavə edib ki, "dərin zərbələr mübadiləsində üstünlük balansı Moskvanın xeyrinə dəyişə bilər".
Kolbi Kiyevi cəbhə xəttinin müdafiəsinə və Rusiya qoşunlarının təchizatını pozan orta mənzilli zərbələr endirməyə diqqət yetirməyə çağırıb. ABŞ administrasiyasını təmsil edən Kolbi çıxışında Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbələri, dinc əhalinin qətli, insanların istiliksiz, işıqsız qoyulması üçün elektrik stansiyalarının hədəf alınması, Kiyevdəki körpülərin vurulması və s. faktları isə dilə gətirməyib. Onu da deməyib ki, Rusiyanın uzaq mənzilli zərbələri Ukraynaya qarşı müharibənin hələ ilk günlərindən müşahidə olunub.
Onun bu yanaşmasına Avropadan sərt cavab gəlib. Görüşdən sonra Almaniyanın Müdafiə naziri Boris Pistorius Rusiyanın dərinliyinə endirilən zərbələri tənqid etməyi "axmaqlıq” adlandırıb: "Düşünürəm ki, bu, tamamilə axmaqlıqdır. Ukraynanı tənqid etmək əvəzinə, onun mülki enerji, su və istilik infrastrukturuna qarşı hər gecə və hər gün həyata keçirilən terror hücumlarını tənqid etməli və onlar haqqında danışmalıyıq... Biz Rusiyada qeyri-mülki hədəflərə qarşı qanuni və legitim hücumlar haqqında deyil, bu barədə danışmalıyıq".
Eyni mövqedən Böyük Britaniya da çıxış edib. Britaniya Müdafiə naziri Ues Stritinq öz növbəsində qeyd edib ki, məhz Ukraynanın uzun mənzilli zərbələri Rusiyanın müharibə maşınını zəiflətməyə, vaxt qazanmağa və Ukraynada insanların həyatları xilas etməyə kömək edir: "Ukraynaya müharibəni necə aparacağını diktə edə bilmərik. Rusiya ərazisinin dərinliklərində zərbələrə gəldikdə, şübhə etmirəm ki, onlar Rusiya hərbi maşınının effektivliyini azaltmağa kömək edib".
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 2026-cı ildə Rusiyadakı hədəflərə qarşı zərbələri xeyli gücləndirib. Hərbi infrastrukturla yanaşı, hücumlar neft emalı zavodlarını, sənaye obyektlərini, böyük anbarları, elektrik stansiyalarını, dəmir yollarını və nəqliyyat infrastrukturunu hədəf alıb. Son olaraq isə Krım körpüsünə sarsıdıcı zərbə endirilib.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər