Menu

ABŞ mane olmağa çalışıb, amma... - Krım körpüsü əməliyyatında "Starlink"dən istifadə edilməyib

18.11.2026, 10:24
ABŞ mane olmağa çalışıb, amma... - Krım körpüsü əməliyyatında "Starlink"dən istifadə edilməyib


Ukrayna hərbçilərinin “The Times” qəzetinə açıqladığı təfərrüatlar Krım körpüsünə edilən hücumla bağlı bir sıra maraqlı detalları üzə çıxarıb. Məlum olub ki, ABŞ bu əməliyyatın qarşısını almağa çalışsa da, Ukrayna hərbi sənayesi və xüsusi təyinatlıları məhdudiyyətləri aşmağa nail olublar.

Əməliyyatda iştirak edən zabitlərdən biri qəzetə açıqlamasında bildirib:

"Biz bunu Trump, Putin və Si Cinpinin görüşündən əvvəl simvolik jest kimi planlaşdırdıq ki, Putinin zəif olduğunu göstərək."

Məlumata görə, bu uğurlu hücum həm də Ukraynanın İlon Maskın "Starlink" və "Starshield" şəbəkələrindən artıq asılı olmadığını sübut edib. Kiyev ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərdən və rabitəni paralizasiya etmək cəhdlərindən yan keçməyi bacarıb.

Ukraynalı hərbçi vurğulayıb:

"Amerikalılar rabitəmizi iflic etməyə çalışırdılar ki, belə əməliyyatlar keçirə bilməyək. Lakin bu missiya sübut etdi ki, biz öz rabitə kanallarımızı yarada bilərik. Tarixdə ilk dəfə olaraq raketlərə video siqnal ötürmək üçün dronlardan istifadə etdik və onlar məhz körpünün lazım olan nöqtələrinə dəydilər. Biz Starlink olmadan da belə əməliyyatlar keçirməyə qadir olduğumuzu göstərdik."

Ukrayna hərbçilərinin məlumatına görə, əməliyyat yüksək səviyyədə koordinasiya olunub və bir neçə elitar struktur tərəfindən həyata keçirilib:

Raket qoşunları;

"Madyarın quşları" kimi tanınan 7-ci Dərin Zərbələr Mərkəzinin elit operatorları;

Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci Xüsusi Əməliyyat Briqadası;

Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələr.

Bazar ertəsi gecə Ukrayna yüzlərlə dronla kütləvi zərbə endirərək Rusiya və işğal olunmuş ərazilər üzərindəki səmanı demək olar ki, "bağlayıb". Nəticədə Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri sıradan çıxarılıb, neft emalı zavodları hədəfə alınıb və rusların önləyici raket ehtiyatları tükənməyə məcbur edilib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol