178-dən çox böyük beynəlxalq şirkətin internet saytı "Optimizely" veb-sayt optimallaşdırma xidmətində aşkarlanan təhlükəsizlik boşluğu vasitəsilə zərərli kod hücumuna məruz qalıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Report URI" şirkətinin təsisçisi və veb-təhlükəsizlik üzrə ekspert Skott Helme təşkilatın rəsmi saytında məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, kiberhücumdan ABŞ-nin məşhur "Fox News" və CNN telekanalları, HSBC bankı, "Equifax" kredit bürosu, İsveçin IKEA mebel şirkəti, Fransanın "Air France-KLM" aviaşirkəti və "Zoom" videozəng platforması da zərər görüb. Striminq və onlayn qumar platformaları, eləcə də kriptovalyuta ticarəti ilə məşğul olan resurslar da hədəfə alınanlar arasındadır.
Skott Helme qeyd edib ki, hakerlər sözügedən şirkətlərin müntəzəm istifadə etdiyi "Optimizely" xidmətindəki təhlükəsizlik boşluğundan yararlanaraq istifadəçilərin ödəniş kartı məlumatlarını ələ keçirib, ekran görüntülərini əldə edib və kriptovalyuta cüzdanlarının ünvanlarını öz ünvanları ilə əvəzləyiblər.
Hazırda dəymiş zərərin ümumi miqyasını dəqiq qiymətləndirmək mümkün deyil. Ekspert hücuma məruz qalan şirkətləri saytlarının təhlükəsizlik sistemlərini yeniləməyə çağırıb və aşkarlanmış zərərli kodların, demək olar ki, hamısının artıq zərərsizləşdirildiyini əlavə edib.


Şərhlər