İraq 12 il ərzində fəaliyyət göstərməyən Kərkükdən Türkiyənin Ceyhan limanına uzanan neft kəməri vasitəsilə neft tədarükünü yenidən bərpa edib.
"AzPolitika" xəbər verir ki, bu barədə İraqın INA dövlət informasiya agentliyi ölkənin neft naziri Basim Xudeyr əl-Abadiyə istinadən məlumat yayıb.
"İraq köhnə Kərkük-Ceyhan boru xətti ilə Türkiyəyə xam neft ixracını yenidən işə saldı. İlkin mərhələdə tədarükün həcmi gündəlik 120 min barel təşkil edəcək. Bu göstəricinin tədricən sutkada 500 min barelə qədər artırılması imkanı da mövcuddur", – deyə nazir bildirib.
İraqın Neft Nazirliyindən verilən məlumata əsasən, İŞİD terror qruplaşmasının hücumları səbəbindən 2014-cü ildən bağlı qalan boru xəttinin fəaliyyətinin bərpası İraq Kürdüstanından keçən hazırkı kəmərə əlavə olaraq ölkənin şimalından neftin nəqli üçün yeni marşrut yaradacaq. Bu addım cənubdakı ixrac terminallarından və Hörmüz boğazı vasitəsilə həyata keçirilən daşımalardan asılılığı azaltmağa imkan verəcək.
Qeyd olunur ki, OPEC-də neft hasilatına görə ikinci yerdə qərarlaşan İraq ABŞ və İran arasındakı münaqişə fonunda Hörmüz boğazı vasitəsilə əsas ixrac marşrutunun sabitliyini itirməsindən bəri alternativ nəql yolları axtarır.


Şərhlər