Menu

Katolikos və sarımsaqla bağlı çıxış qalmaqala səbəb oldu - VİDEO

17.11.2026, 17:47
Katolikos və sarımsaqla bağlı çıxış qalmaqala səbəb oldu - VİDEO

Ermənistan parlamentində bütün ermənilərin katolikosu II Qareginin və sarımsağın xatırladılması ciddi qalmaqala səbəb olub. Etiraz əlaməti olaraq müxalifət deputatları iclas zalını tərk ediblər.

"AzPolitika" Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlamentdəki gərginliyə hakim Vətəndaş Sazişi Partiyasının deputatı Hasmik Akopyanın çıxışı yol açıb. O, kinayəli şəkildə bildirib ki, katolikos II Qaregin müxalifət tərəfdarlarına "şər qüvvələr"lə mübarizədə sarımsaqdan istifadə etməyi öyrətmiş ola bilər.

Parlament üzvü bu açıqlaması ilə noyabrın 16-da keçirilən dinləmələr zamanı baş verən insidentə münasibət bildirib. Həmin vaxt müxalifətin dəvət etdiyi bir neçə qonaq hökumət nümayəndələrinin rəmzi olaraq uzaqlaşdırılmasını nümayiş etdirmək məqsədilə tribunaya sarımsaq asmışdı.

Akopyanın Erməni Apostol Kilsəsinin rəhbəri barəsində səsləndirdiyi fikirlər müxalifətçilərin kəskin etirazına səbəb olub və onlar masaları yumruqlamağa başlayıblar. Parlamentin spikeri Ruben Rubinyanın da din xadiminin ünvanına sərt ifadələr işlətməsindən sonra müxalifət nümayəndələri iclası tərk ediblər.

Bundan əlavə, iqtidar çoxluğu müxalifətin siyasi təqiblərlə bağlı irəli sürdüyü bəyanat layihəsinin gündəliyə salınmasına imkan verməyib. Təşəbbüsün əleyhinə 54, lehinə isə 33 deputat səs verib.

Qeyd edək ki, sözügedən sənəddə hakimiyyətin cinayət təqiblərindən ruhanilərə və siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi vurğulanırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol