Menu

MİLLİ VALTYUTA ÇÖKÜR, İNFLAYSİYA ARTIR... - Qonşumuzda vəziyyət ağırlaşır

30.09.2026, 12:59
MİLLİ VALTYUTA ÇÖKÜR, İNFLAYSİYA ARTIR... - Qonşumuzda vəziyyət ağırlaşır

Belə görünür ki, İranı hərbi yolla məğlub edib hakimiyyəti dəyişməyə və ölkəni nəzarətə götürməyə müvəffəq olmayan ABŞ, bunu iqtisadi və siyasi təzyiq, ağır sanksiyalar, eləcə də daxili sosial narazılığı artırmaq yolu ilə həyata keçirməyi seçir.

Faktiki olaraq ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlar dalana dirənib. Tərəflər ziddiyyətli bəyanatlar verməkdə davam edir. ABŞ-nin indiki Prezidenti həmişəki kimi, bu gün bir, sabah başqa bir şey deyir. Ağ Ev mətbuata sızdırmalarında İranla razılıq əldə edilməsinə tələsmədiyini bildirir və açıq qeyd edir ki, iqtisadi təzyiq və İran neftinə qoyulan blokada ABŞ-ni üstün duruma gətirib. Ona görə də ABŞ tələsmir, onun tələblərilə razılaşmağa tələsən tərəf İran hakimiyyəti olmalıdır.

İran rejimi isə özünü “o yerə qoymur” və o da “tələsmədiyini” deyir. Lakin BMT-nin Nyu-Yorkdakı toplantısına qatılmaq üçün ABŞ-yə gedən İran nümayəndə heyətinin qarşı tərəfə yeni təkliflər təqdim etməsi göstərir ki, Tehran tələsməyə məcburdur. Çünki ölkə daxilində sosial-iqtisadi durum getdikcə ağırlaşır. İndi İran Hörmüz boğazını açmaqla bərabər, on milyardlarla dollarlıq İran aktivlərinin “donunun açılmasını” və ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının qaldırılmasını da nəzərdə tutan təkliflərə Tramp administrasiyasının cavabını gözləyir. Lakin Vaşinqton cavab verməyə tələsmir və nüvə məsələsi də daxil olmaqla, öz əsas tələblərinin yeni razılaşmada yer alacağı vaxta qədər gözləməyə hazır olduğunu nümayiş etdirir…

Bu arada isə İrandakı siyasi rejim stabillik təsəvvürü yaratmağa çalışsa da, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşır. Artıq son məlumata görə, bir ABŞ dolları 2,55 milyon riala (255.000 tümənə) bərabərdir. Beləliklə də, İranın milli valyutası son bir ayda 25%, son bir ildə isə 150% dəyərdən düşüb.

İran valyutası fevral ayında silahlı münaqişə başlayandan bəri dəfələrlə yeni minimumlara yuvarlanıb. Əvvəlki rekord 2 sentyabrda, dolların təxminən 2,2 milyon rial dəyərində olduğu zaman qeydə alınmışdı. 27 gün sonra rial artıq yeni “rekord qırıb” və bunun son hədd olmadığı da heç kimə sirr deyil...

İran iqtisadiyyatı fevrala qədər də illərlə beynəlxalq sanksiyaların təzyiqi altında idi. ABŞ və İsrailin hücumundan sonra vəziyyət daha da pisləşdi, sanksiyalar daha da çoxaldı, üstəlik, ölkə ABŞ Silahlı Qüvvələri tərəfindən tam dəniz blokadasına alındı. Hansı ki, xüsusilə də İran İqtisadiyyatının başlıca maliyyə mənbəyi olan neft daşımalarının əsasən dəniz yolu ilə həyata keçirildiyini nəzərə alsaq, ölkənin vəziyyətini təsəvvür etmək çətin oplmaz. ABŞ-nin İran neft ixracına qarşı dəniz blokadası və münaqişənin başlanğıcından bəri tətbiq etdiyi yeni sanksiyalar onsuz da çətinliklə ayaq üstə duran İran iqtisadiyyatını əsl mənada silkələyir…


İqtisadi böhran və rialın dəyərdən düşməsi İran vətəndaşlarının gündəlik həyatına olduqca mənfi təsir etməkdədir. Sosial mediada yayımlanan məlumatlara görə, ölkədə nisyə, kreditlə ərzaq alınmasına başlanıb. Sürətlə artan qiymətlər (qida inflyasiyası 100-130%-i keçib) səbəbindən İran mağazalarında kreditlə ərzaq alışı və hissə-hissə ödənişlərdə artım müşahidə olunur.

Ailələrin (məsələn, təqaüdçülər və müəllimlər) milli valyutanın ucuzlaşması səbəbindən real gəlirləri ayda 90-180 avroya bərabər olub. Ölkədə ət, süd və düyü istehlakının, eləcə də xarici və daxili səyahətlərin azaldığı bildirilir.

Kağız pulların dəyərdən düşməsi səbəbindən İran Mərkəzi Bankı insanların gündəlik alış-verişlərini nağd pul torbaları daşımadan ödəyə bilməsi üçün nəhəng 10 milyon riallıq əskinas buraxmaq məcburiyyətində qalıb.

Əhali valyutanın dəyərsizləşməsi fonunda azalan əmanətlərini xilas etmək üçün vasitələr axtarmağa məcburdur. Bank sisteminə və riala olan etibar tamamilə itirildiyindən, insanlar milli valyutadan mümkün qədər tez qurtulmağa, onu digər aktivlərə çevirməyə çalışırlar. Bu zaman ABŞ dolları və avro almaq üçün “qara bazar”a üz tuturlar.

Nağd pul alışına qoyulan sərt məhdudiyyətlər səbəbindən ölkədə kriptovalyuta bazarında bum müşahidə olunur. İranlılar bank əmanətlərini kütləvi şəkildə geri götürür və kapitalı dövlət nəzarətindən kənarda saxlamaq üçün onları Bitcoin və ya rəqəmsal dollara (USDT) çevirirlər. Eləcə də vətəndaşlar ailə büdcələrini uzunmüddətli hiperinflyasiyadan qorumağın ən etibarlı yolu kimi qızıl sikkələr alırlar. Həmçinin də pulları “batmasın” deyə, avtomobillərə, məişət texnikasına və hətta tez xarab olmayan qida məhsullarına “investisiya edirlər”. Ancaq bunları satanlar da riala deyil, dollara satmağa çalışırlar.

Bütün bunlar dollara və digər valyutalara tələbatı daha da artırır və rialı sürətlə dəyərsizləşdirir. Qarşıda isə hələlik yaxşı heç nə görünmür və görünən odur ki, İran hakimiyyəti ABŞ başda olmaqla Qərblə “dil tapmayınca”, ən azından Hörmüz boğazı və nüvə proqramı kimi məsələlərdə güzəştə getməyincə, hansısa dəyişiklik olmayacaq. Sonra isə razılıq əldə edilsə belə, böyük ehtimalla başqa tələblər irəli sürüləcək və belə də davam edəcək. Çünki İranın arxalanacağı başqa bir mənbə, güc, tərəfdaş da yoxdur. Sözdə onu dəstəkləyən Çin və Rusiya isə “öz hayındadır”…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol