Donald Tramp bu həftə İranla yeni danışıqların keçiriləcəyini bildirib. Eyni zamanda, ABŞ prezidenti İranın Hörmüz boğazının açılması ilə bağlı son təklifini rədd edib.
Belə olan halda danışıqların baş tutması və sülhün əldə edilməsi mümkündürmü? Ümumiyyətlə danışıqlar nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki,
ABŞ və İran arasında danışıqlar hazırda mürəkkəb mərhələdən keçir. Çünki hər iki ölkə öz şərtlərini irəli sürür və qarşı tərəfin tələblərini qəbul etməkdən boyun qaçırır:
"Belə bir vəziyyətdə danışıqların davam etdirilməsi yalnız siyasi-diplomatik pəncərənin açıq saxlanmasına xidmət edən prosesə çevrilə bilər. Hazırkı müşahidələr göstərir ki, yaxın perspektivdə böhranın tənzimlənməsi istiqamətində atılan addımların nəticə verməsi ehtimalı o qədər də yüksək deyil. ABŞ öz məqsədlərinə tam nail olmayıb, eyni zamanda İran da qarşıya qoyduğu hədəflərdən uzaqdır. Belə şəraitdə tərəflərdən hər hansı birinin tam məğlubiyyətinə qədər danışıqların davam etdirilməsi daha çox zaman qazanmaq məqsədi daşıya bilər. Mövcud vəziyyət onu göstərir ki, ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmaq imkanları hazırda məhduddur. Eyni zamanda, İranın da ABŞ üzərində hərbi qələbə qazanmaq imkanları real görünmür. Bu baxımdan, hər iki tərəfin müəyyən mənada çıxılmaz vəziyyətə düşdüyünü söyləmək mümkündür. Yəni hazırkı danışıqlar daha çox vaxt qazanmaq, siyasi-diplomatik pəncərəni formal olaraq açıq saxlamaq və vaxtaşırı sülh prosesi istiqamətində müəyyən addımlar atmaq görüntüsü yaratmaq məqsədi daşıyır".
Ekspertin sözlərinə görə, real sülhə aparan yol hələlik bağlı olaraq qalır:
"Çünki hər iki tərəf öz mövqeyində israrlıdır və irəli sürdüyü şərtlərdən geri çəkilmək niyyətində görünmür. Belə bir vəziyyət isə sülh prosesinin faktiki olaraq bloklanması anlamına gəlir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər