Menu

MAKKİNDER NƏDƏ YANILIRDI? - Bakının cızdığı yeni XXI əsr xəritəsi

24.09.2026, 11:21
MAKKİNDER NƏDƏ YANILIRDI? - Bakının cızdığı yeni XXI əsr xəritəsi

"Müharibəni udmaq asandır, çətini sülhü qazanmaqdır"

Mustafa Kamal Atatürk.


  Azər Rəşidoğlu

Müharibə bitəndə tarix dayanmır, əksinə, ən çətin mərhələsi başlayır. Qarabağ zəfəri Azərbaycanın uzun illər davam edən ən böyük təhlükəsizlik problemini geridə qoydu və ölkəmizi tamamilə yeni bir dövrün astanasına gətirdi. İndi qarşımızda duran əsas sual yalnız qazanılmış torpaqları necə qorumaq deyil, əsl çağırış bu böyük geosiyasi zəfəri necə dayanıqlı siyasi, iqtisadi və regional gücə çevirməkdir.

Bu gün Azərbaycanın post-Qarabağ mərhələsinə geosiyasətin üç böyük sütunu - Makkinder, Bjezinski və Kissincerin baxış bucağından nəzər salmaq olar. Makkinder bizə coğrafiyanın qaçılmaz gücünü, Bjezinski Azərbaycanın unikal strateji mövqeyini, Kissincerin siyasi realizmi isə qazanılmış hərbi üstünlüyün necə davamlı sülh nizamına çevrilməli olduğunu xatırladır.

Makkinder və axınların coğrafiyası - tranzitdən platformaya

Halford Makkinder 1904-cü ildə təqdim etdiyi "Tarixin coğrafi oxu" məruzəsində Avrasiyanın mərkəzi quru məkanının dünya siyasətindəki strateji əhəmiyyətini vurğulamışdı. Şübhəsiz ki, XXI əsrdə həmin xəritəni olduğu kimi tətbiq etmək qeyri-mümkündür. Amma bir prinsip qüvvədə qalır ki, coğrafiya dövlətlərin imkanlarını müəyyən edən əsas amildir. Bu gün coğrafiya yalnız torpaq deyil, eyni zamanda enerji kəmərləri, dəmir yolları, magistrallar, limanlar və rəqəmsal bağlantılar da müasir geosiyasi xəritənin əsas elementləridir.

XXI əsrdə coğrafiya həm də axınların xəritəsidir. Enerji haradan keçir? Yük hansı marşrutla daşınır? Mərkəzi Asiya dünya bazarlarına hansı istiqamətdən çıxır? Rusiya, İran, Türkiyə və Ermənistanla qonşu olan, Xəzər dənizinə çıxışı bulunan Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropa istiqamətləri arasında mühüm mövqedə yerləşir?

Deməli, Azərbaycan sadəcə xəritədə yerləşən bir nöqtə deyil. O, qlobal xəritələrin bir-biri ilə kəsişdiyi və yenidən cızıldığı məkandır. Azərbaycan haqqında uzun illər "Şərqlə Qərb arasında körpü" ifadəsi işlədilib. Lakin körpü yalnız keçidi təmin edir, qovşaq isə axınları birləşdirib əlavə dəyər yaradır. Yük Azərbaycandan sadəcə keçib gedirsə, ölkə bəsit bir tranzit məkanıdır. Əgər həmin yük burada saxlanılır, çeşidlənir, maliyyələşdirilir və emal olunursa, artıq tam fərqli bir iqtisadi model yaranır. Azərbaycanın strateji məqsədi də məhz budur - yalnız yol olmaqdan platforma olmağa keçmək.

Gələcək geosiyasi çəkini yalnız dəmir yollarının kilometrləri və daşınan yükün həcmi ilə ölçmək olmaz. Əsas hədəf bu yolların yaratdığı iqtisadi dəyərin nə qədərinin Azərbaycanda qalacağıdır. Logistika, sənaye, maliyyə və texnologiya ekosistemi yaranarsa, coğrafiya real iqtisadi gücə çevrilə bilər.

Bjezinskinin şahmat löhvəsi: Fiqur, yoxsa geosiyasi akter?

Zbiqnev Bjezinskinin "Böyük şahmat löhvəsi" əsərində Azərbaycan Avrasiyanın strateji baxımdan mühüm geosiyasi "ox"larından biri kimi təqdim edilir. Lakin burada mühüm bir fərqi görmək lazımdır: Strateji mövqeyə sahib olmaq hələ strateji gücə sahib olmaq demək deyil. Coğrafiya imkan yaradır, strategiya isə onu nəticəyə çevirir. Bjezinskinin şahmat metaforasını Azərbaycana tətbiq etsək, sual belə səslənir- Bakı taxtadakı fiqurdur, yoxsa taleyüklü gediş edən önəmli oyunçu? Əgər böyük enerji və nəqliyyat layihələri ölkənin ərazisindən keçirsə, bu, avtomatik olaraq geosiyasi güc yaratmır. Əsas məsələ həmin imkanların idarəçiliyini əldə saxlamaqdır. Bjezinskinin "pivot" anlayışı ilə fəal oyunçu olmaq arasında mühüm keçid xətti var. Böyük dövlətlərin layihələri Azərbaycandandan keçərkən, Bakı sadəcə bu keçidə ev sahibliyi etmir, həm də iqtisadi və siyasi şərtlərin formalaşmasında birbaşa iştirak edir. Azərbaycan müxtəlif qlobal maraqları öz milli strategiyası daxilində uğurla uzlaşdırdığı üçün coğrafi üstünlük artıq real dövlət gücünə çevrilməkdədir.

Beləliklə, Bakının əsas hədəfi regional xəritənin iqtisadi və siyasi dinamikasını birbaşa tənzimləyən fəal qlobal oyunçu statusunu daha da möhkəmləndirməkdir.

2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması baxımından yeni mərhələ yaratdı. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılmasının əhəmiyyəti vurğulandı. Həmçinin Ermənistanın ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə bağlantı layihəsi üçün çərçivə hazırlamaq istiqamətində işləyəcəyi qeyd edildi.

Bu məsələ yalnız Naxçıvanla lokal bir əlaqə deyil. Burada daha qlobal bir xətt görünür: Mərkəzi Asiya - Xəzər- Azərbaycan - Türkiyə - Avropa. Əgər bu imkan davamlı iqtisadi mexanizmə çevrilərsə, Azərbaycanın qlobal geosiyasi funksiyası köklü şəkildə dəyişəcək və Bakı marşrutların kəsişdiyi əsas qovşağa çevriləcəkdir.

Kissincer reallığı: Ərazi gücündən sistem gücünə

Coğrafiya imkan yaradır, imkanı gücə çevirmək isə siyasətin və diplomatiyanın işidir. Henri Kissincerin siyasi realizmində güc balansı ilə yanaşı, həmin balansın davamlılığını təmin edən siyasi nizam da mühüm yer tutur. Müharibə konkret hərbi-siyasi nəticə yaradır, yaradılmış nəticəni qoruyan və legitimləşdirən isə qurulan nizamdır. Hərbi zəfərdən sonra regionda dayanıqlı münasibətlər sistemi formalaşmalıdır. Nəqliyyat, enerji, ticarət və investisiya layihələri tərəflər arasında elə bir qarşılıqlı asılılıq və maraqlar şəbəkəsi yaratmalıdır ki, sülh qaçılmaz olsun. Sülhü yalnız diplomatik sənəd kimi görmək kifayət deyil, onun mütləq güclü iqtisadi və hüquqi infrastrukturu olmalıdır.

Dünyada marşrutlar sürətlə dəyişir, yeni dəhlizlər yaranır və böyük dövlətlər daim alternativ yollar axtarırlar. Azərbaycanın strateji məqsədi sadəcə müvəqqəti tranzit ölkə olmaq deyil, regionda əvəzlənməsi çətin olan iqtisadi-logistik sistem qurmaqdır. Bunun üçün təkcə dəmir yolu, magistral və liman kifayət etmir, rəqəmsal infrastruktur, beynəlxalq hüquqi təminat, çevik diplomatiya və insan kapitalı vahid dövlət strategiyasının tərkib hissəsi olmalıdır. Əks halda, marşrutun yaratdığı əlavə dəyərin böyük hissəsi Bakıda deyil, başqa qlobal mərkəzlərdə formalaşacaq.

Coğrafiyanın diktəsi: Bakının yeni əsr ssenarisi

Qarabağ zəfərindən əvvəl Azərbaycanın strateji gündəminin mərkəzində torpaqların azad edilməsi və fundamental təhlükəsizlik dayanırdı. İndi isə ağırlıq mərkəzi tədricən regional əlaqələrə, qlobal axınlara və makro-iqtisadi sistemlərə keçir. Enerji, nəqliyyat, investisiya və rəqəmsal infrastruktur da ən azı hərbi qüdrət qədər dövlət gücünün göstəricisidir. Beləliklə, Azərbaycanın qarşısında yeni dövlətçilik missiyası dayanır - Ərazi gücünü sistem gücünə çevirmək.

Makkinder coğrafiyanın imkanlarını, Bjezinski Azərbaycanın strateji mövqeyini, Kissincerin siyasi realizmi isə yeni siyasi nizamın əhəmiyyətini xatırladır. Amma tarix quru nəzəriyyələrlə yaşamır. Nəzəriyyəni strategiyaya, strategiyanı isə real dövlət gücünə çevirənlər tarixdə böyük iz buraxırlar. Bjezinskinin şahmat löhvəsində əsas sual artıq Bakının hansı xanada dayanması deyil, əsas sual növbəti böyük gedişin necə hesablanacağıdır.

Azərbaycanın qarşısında yeni əsr başlayır. Coğrafiya böyük imkanlar verib, Qarabağ zəfəri yeni geosiyasi reallıq yaradıb, yeni bağlantılar üçün zəmin formalaşıb. Amma bunların mütləq dövlət gücünə çevrilməsi avtomatik baş verməyəcək. Bunun üçün uzunmüddətli strategiya, iqtisadi diversifikasiya və çevik diplomatiya tələb olunur. Post-Qarabağ mərhələsində Azərbaycanın əsas hədəfi mövqeyin yaratdığı qlobal imkanları genişləndirmək və onları milli maraqların xidmətinə verməkdir. Bakı sahib olduğu üstünlükləri uğurla idarə edərək, regional proseslərin sadəcə iştirakçısı deyil, Avrasiya məkanının ən həlledici oyunçularından birinə çevrildiyini nümayiş etdirir...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol