İranın bioloji silah hazırladığı və “çirkli bomba” partlatmaq planları ilə bağlı məlumatlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə potensialı tamamilə məhv edildiyi üçün ölkənin bioloji və ya kimyəvi silahlar hazırlamaq üzərində işlədiyini göstərən əlamətlər mövcuddur.
Məsələ CNN telekanalının ABŞ kəşfiyyatına istinadən yaydığı məlumatlardan sonra daha da aktuallaşıb. Yeddi amerikalı rəsmi ilə danışan telekanalın iddiasına görə, İran Tramp administrasiyasının yüksək vəzifəli şəxslərini hədəfə almaq məqsədilə Vaşinqtonda “çirkli bomba” partlatmağa hazırlaşır.
Kəşfiyyat məlumatları ilə tanış olan mənbələr bildiriblər ki, İranın planı hələlik qaçılmaz hücum kimi deyil, mümkün variantlardan biri kimi qiymətləndirilir. İki mənbə isə ABŞ-ın İranın hücum planını ələ keçirdiyini, sənəddə bombanın partladılacağı yerlərin və hədəflərin əks olunduğunu iddia edib. Mənbələrdən birinin sözlərinə görə, rəsmilər təhlükəyə qarşı mübarizə yollarını müzakirə etmək üçün bir neçə görüş keçirib. Həmçinin Məxfi Xidmət maliyyə naziri Skott Besseti hərbi mənzilə köçürüb. Tramp da bəyan edib ki, İran Vaşinqtona hücum edəcəyi təqdirdə indiyədək heç bir ölkənin üzləşmədiyi ağır zərbəyə məruz qalacaq.
CNN mənbələrə istinadən yazır ki, ABŞ qeyri-ənənəvi hücumlar qarşısında kifayət qədər həssas vəziyyətdədir.
“İranın ölkəyə təlim keçmiş əməliyyatçılar gətirməsinə ehtiyac yoxdur. ABŞ-da yaşayan bir şəxsi belə bir hücumu həyata keçirməyə inandırmaq kifayət edər. ABŞ kəşfiyyatı İranın ölkə daxilində bomba istehsalı üçün materiallar gizlətdiyinə dair şayiələri də araşdırıb. Lakin bu məlumatların etibarlılığı ilə bağlı fikir ayrılıqları mövcuddur. Əsas ehtimal ondan ibarətdir ki, İran “çirkli bomba” hücumu üçün lazım olan materialları əvvəlcədən ABŞ-da yerləşdirib”, – mənbələr iddia edir.

İran isə bütün bu iddialara sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu məlumatların yeni hücuma legitimlik qazandırmaq məqsədilə ortaya atılan şayiələr olduğunu bildirib.
“Müharibəni başlayanlar yeni hücumlara legitimlik qazandırmaq üçün zəmin hazırlamağa çalışırlar”, – deyə o bildirib.
İranın “çirkli bomba” hücumu hazırladığına dair iddialar qısa müddətdə geniş müzakirələrə səbəb olsa da, indiyədək bu məlumatları təsdiqləyən konkret faktlar ictimaiyyətə təqdim edilməyib. Məhz faktların yoxluğu şübhələri artırır və belə bir sual doğurur:
ABŞ niyə İranın “çirkli bomba” hazırladığını gündəmə gətirir?
Konkret faktların təqdim edilmədiyi bir şəraitdə ABŞ-ın belə bir iddianı gündəmə gətirməsi İran təhlükəsinin nə qədər real olduğunu göstərmək cəhdi kimi qiymətləndirilə bilər. İrana qarşı müharibənin Tramp administrasiyası üçün arzuolunmaz nəticələr doğurması da bu ehtimalı gücləndirir.
ABŞ müharibə nəticəsində İranın hərbi və nüvə potensialına ciddi zərər vursa da, qarşısına qoyduğu maksimal hədəfə – hakimiyyət dəyişikliyinə nail ola bilmədi. Əvəzində Hörmüz boğazının bloklanması qlobal enerji bazarında qiymətlərin artmasına, ABŞ-da isə dizel yanacağının bahalaşmasına səbəb oldu. Konqresə seçkilərdə respublikaçıların mümkün məğlubiyyətinin səbəbləri sırasında İran müharibəsi və onun doğurduğu nəticələr də yer ala bilər. Bu baxımdan, İranı məğlub edə bilməmək Tramp üçün yalnız xarici siyasət uğursuzluğu deyil, həm də daxili siyasi məğlubiyyət təhlükəsi yaradır.
Lakin Trampın bu vəziyyətlə barışmaq niyyətində olmadığı görünür. Onun öz bəyanatlarından da aydın olur ki, ABŞ Prezidenti İran məsələsini birdəfəlik həll etmək istəyir. İran üzərində qələbə Trampa seçki prosesindəki siyasi itkilərdən sonra nüfuzunu bərpa etmək və mövqelərini gücləndirmək baxımından da lazımdır.

Ancaq Trampın qarşısında ciddi zaman məhdudiyyəti var. Gələn ilin yanvarında Konqres yeni tərkibdə fəaliyyətə başlayacaq. Əgər demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında nəzarəti ələ keçirərlərsə, bu, İrana qarşı müharibə məsələsində Tramp administrasiyasının fəaliyyətini xeyli çətinləşdirə bilər. Belə görünür ki, ABŞ rəhbərliyi ilin sonunadək İran məsələsində nəticə əldə etməyə çalışır.
Müharibə yolu ilə arzu olunan nəticəyə nail olmaq isə kifayət qədər çətindir. Tramp da İranla uzunmüddətli razılaşma əldə etmək istədiyini bəyan edib. Lakin İranı danışıqlar masasında güzəştlərə, hətta faktiki təslimiyyətə məcbur etmək üçün ABŞ administrasiyasının qarşısında iki əsas yol görünür.
Birincisi, İranı iqtisadi blokada vasitəsilə küncə sıxışdırmaq.
İkincisi, İrana qısamüddətli, lakin həlledici zərbə endirmək.
“Çirkli bomba” iddiasının da mümkün hərbi əməliyyata zəmin hazırlamaq məqsədi daşıdığı ehtimalı var. İstisna deyil ki, Tramp administrasiyası bu cür məlumatları gündəmə gətirməklə İranın ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığı barədə ictimai rəyi gücləndirməyə, bununla da demokratların və Konqresdəki digər siyasi qüvvələrin dəstəyini qazanmağa çalışır.

Bu mənzərə Səddam Hüseyn hakimiyyətinin kimyəvi silahlara sahib olması barədə iddialar əsasında İraqa hərbi müdaxilə ssenarisini xatırladır. Həmin vaxt da kütləvi qırğın silahlarının mövcudluğu müharibənin əsaslandırılmasında mühüm arqument kimi istifadə edilmişdi. Sonradan isə bu iddiaların əsaslı olmadığı üzə çıxdı. İranla bağlı hazırkı vəziyyət də belə bir sualı aktuallaşdırır: Vaşinqton həqiqətən real təhlükə barədə xəbərdarlıq edir, yoxsa yeni hərbi əməliyyat üçün siyasi və informasiya zəmini formalaşdırır?
Burada daha bir mühüm sual ortaya çıxır: İran “çirkli bomba” hazırlamaq potensialına sahibdirmi?
Ekspertlərin qiymətləndirmələrinə görə, sənaye, tibb və elmi tədqiqat sahələrində radioaktiv materiallardan istifadə edən istənilən ölkə nəzəri baxımdan “çirkli bomba” yaratmaq imkanına malikdir. İranın inkişaf etmiş nüvə infrastrukturu və radioaktiv materiallarla işləmək təcrübəsi də onun belə bir potensiala sahib olması ehtimalını gücləndirir.

Məsələn, İranda neft-qaz sənayesində qazma işləri və boru sistemlərinin yoxlanılması zamanı radioaktiv materiallardan istifadə olunur. Eyni zamanda, nüvə obyektlərinin fəaliyyəti nəticəsində də radioaktiv tullantılar yaranır. Başqa sözlə, İranın radioaktiv materiallarla işləmək imkanları mövcuddur. Bu baxımdan, nəzəri olaraq, bir çox ölkə kimi, İran da “çirkli bomba” hazırlamaq potensialına malikdir.
Lakin burada əsas problem radioaktiv materialların əldə edilməsi deyil, onların daşınması, təhlükəsiz şəkildə idarə olunması və belə bir qurğudan real şəraitdə istifadə edilməsidir. ABŞ kəşfiyyatı Vaşinqtonda bu cür hücumun hazırlanması ilə bağlı şübhələrdən bəhs etsə də, İranın praktikada belə bir əməliyyatı həyata keçirmək imkanları və niyyəti hələ də sual altındadır.
“Çirkli bomba” nədir və onun təhlükəsi nədən ibarətdir?
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, “çirkli bomba” adi partlayıcı maddələrlə radioaktiv toz və ya hissəciklərin birləşməsindən ibarət qurğudur. Partlayıcı maddə işə düşdükdə radioaktiv materiallar ətraf mühitə yayılır və nəticədə radioaktiv çirklənmə baş verir. Lakin belə bir qurğunun əsas təhlükəsi birbaşa radioaktiv təsirdən daha çox, partlayışın özü, ətraf mühitin çirklənməsi və əhali arasında yarada biləcəyi panikadır.
ABŞ Nüvə Tənzimləmə Komissiyasının (NRC) məlumatına görə, “çirkli bomba”nın təhlükə səviyyəsi onun ölçüsündən, partlayışın gücündən, istifadə edilən radioaktiv materialın növündən və hava şəraitindən asılıdır. Belə ki, küləyin istiqaməti və sürəti, eləcə də yağıntının miqdarı radioaktiv çirklənmənin yayılma miqyasına və təsirinə təsir göstərə bilər.
Bununla belə, CDC “çirkli bomba”nın yaratdığı radiasiya səviyyəsinin əksər ssenarilərdə genişmiqyaslı və kütləvi radiasiya xəstəliklərinə səbəb olma ehtimalını nisbətən aşağı qiymətləndirir. Buna görə də mütəxəssislər belə silahları bəzən “qorxu silahı” adlandırırlar. Çünki onun tətbiqindən gözlənilən əsas nəticələrdən biri genişmiqyaslı ictimai təşviş, psixoloji gərginlik və iqtisadi-sosial pozuntular yaratmaqdır.

ABŞ-da Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Filip Blik hesab edir ki, İranın “çirkli bomba”dan istifadə etməsi daha çox qorxu yaratmaq məqsədi daşıya bilər. Bununla belə, professor İran hakimiyyətinin belə bir addım atmaq ehtimalını aşağı qiymətləndirir.
Göründüyü kimi, İran nəzəri baxımdan “çirkli bomba” hazırlamaq potensialına malik olsa da, belə bir silahdan praktikada istifadə etmək tamamilə fərqli və mürəkkəb məsələdir. Radioaktiv materiallarla işləmək imkanının mövcudluğu konkret hücum planının hazırlanması və onun həyata keçirilməsi demək deyil.
Bu baxımdan, ABŞ-ın İranın “çirkli bomba”dan istifadə edə biləcəyi ilə bağlı iddiaları hələlik ciddi suallar doğurur. Xüsusilə də konkret və yoxlanıla bilən faktların ictimaiyyətə təqdim edilməməsi bu məlumatların siyasi məqsədlərlə gündəmə gətirilməsi ehtimalını artırır.
Beləliklə, Vaşinqtonun “çirkli bomba” təhlükəsi ilə bağlı xəbərdarlığının arxasında iki mümkün məqsəd dayana bilər: bir tərəfdən, İranın potensial təhlükəsini qabardaraq ABŞ ictimaiyyətini və siyasi dairələri mümkün yeni qarşıdurmaya hazırlamaq, digər tərəfdən isə Tehranı hərbi təzyiq və iqtisadi blokada yolu ilə danışıqlar masasında daha ciddi güzəştlərə məcbur etmək.
Hələlik İranın Vaşinqtona qarşı belə bir hücum hazırladığını təsdiqləyən açıq sübutlar yoxdur. Buna görə də əsas məsələ “çirkli bomba”nın nəzəri olaraq hazırlanmasının mümkünlüyü deyil, ABŞ-ın irəli sürdüyü konkret hücum iddialarının nə dərəcədə əsaslı olmasıdır. Əks halda, dünya yenidən İraq müharibəsindən tanış olan bir ssenarinin – təsdiqlənməmiş təhlükə iddialarının hərbi müdaxiləyə əsas kimi istifadə edilməsi ehtimalının şahidi ola bilər.
Nəriman
"AzPolitika.info"


Şərhlər