Abdinur Dahir Fidou: “İnfrastruktur sahəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası təcrübəsindən yararlanmaq bizim üçün dəyərlidir”
“Azərbaycanın Türkiyə ilə sıx əlaqələri, Türkiyənin isə Somalinin ən güclü strateji tərəfdaşı olması üçtərəfli əməkdaşlıq üçün real potensial yaradır”
Şərqi Afrikada yerləşən Somali barədə xəbərləri biz Azərbaycan ictimaiyyəti sadəcə beynəlxəlq xəbər agentlikləri, müasir dövrümüzdə internet vasitəsilə alırıq. Ölkə dəfələrlə münasişələr yaşayıb, milyonlarla insan öz yurdunu tərk edib, amma böyük diaspora formalaşdırıb, Somali cəmiyyəti böyük dayanıqlılıq nümayiş etdirib. Ağsaqqallar, dini liderlər, biznes dairələri və diasporadan göndərilən pul köçürmələri icmaların yaşamasına kömək edib. Hazırda dünyanın bir çox ölkəsində Somalidən olan insanlar parlament üzvüdür, aktiv siyasətlə məşğuldur. Somalililər çox vətənpərvər, millətinə, ölkəsinə bağlı insanlardı. Bunu bir daha Somali Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidou ilə söhbətdə də hiss etdim. Gənclik illərdində Ali təhsilini Türkiyədə aldığından dil baxımından onunla söhbətləşmək çətin olmadı.
Abdinur Dahir Fidou Azərbaycan mediasında ilk olaraq müsahibəsini “AzPolitika.info” saytına verdi.
- Cənab səfir, siz əvvəllər Somalinin müdafiə naziri kimi hərbi sahədə fəaliyyət göstərmisiniz. Hazırda isə səfir kimi ilk diplomatik missiyanızı həyata keçirirsiniz. Bu iki fərqli sahəni müqayisə etdikdə, hansında işləmək sizin üçün daha rahatdır və hərbi təcrübəniz diplomatik fəaliyyətinizə necə kömək edir?
- Mən bu iki sahəyə bir-birinə zidd istiqamətlər kimi baxmıram. Somalidə təhlükəsizlik və diplomatiya hər zaman bir-biri ilə sıx bağlı olub. Ölkəmizin bərpası silahlı qüvvələrimizi təlimləndirən, Afrika İttifaqının missiyasına dəstək göstərən və beynəlxalq platformalarda suverenliyimizin yanında olan tərəfdaşlardan asılı olub. Müdafiə sektorunda çalışdığım müddətdə vaxtımın böyük hissəsini məhz həmin tərəfdaşlarla əməkdaşlığa sərf etmişəm. Bu mənada, əslində, artıq diplomatik fəaliyyətlə məşğul olurdum.
Müdafiə sektorundakı fəaliyyətim mənə diqqətlə planlaşdırmağı, verdiyim sözə sadiq qalmağı və əldə olunan razılaşmaları onların praktik nəticələrinə əsasən qiymətləndirməyi öyrətdi. Həmçinin, təhlükəsizliyin yalnız hərbçilərlə bağlı olmadığını anladım. Ən çox qürur duyduğum proqramlardan biri silahlı qruplaşmalardan ayrılmış gənclərin vətəndaş cəmiyyətinin yaxından iştirakı ilə yenidən öz icmalarına inteqrasiyasına kömək edirdi. Bu təcrübə məni belə bir qənaətə gətirdi ki, davamlı sülh insanlar, təhsil və imkanlar vasitəsilə qurulur.
Diplomatiya daha çox səbr tələb edir və mən bu fəaliyyət sahəsindən zövq alıram. Bakıda əsas vəzifəm etimad yaratmaq və xoş münasibətləri konkret nəticələrə çevirməkdir. Bu, eyni intizamın fərqli vasitələrlə tətbiq edilməsidir.
- Səfir kimi ilk fəaliyyətinizə məhz Azərbaycanda başlamısınız. Azərbaycana yeni təyin olunmuş səfir kimi fəaliyyət müddətiniz ərzində əsas məqsədiniz nə olacaq?
- Somalinin Azərbaycandakı ilk rezident səfiri olmaq mənim üçün böyük şərəfdir və məhz bu amil əsas məqsədimi müəyyən edir: ikitərəfli münasibətlərimizə daimi institusional əsas yaratmaq və əməkdaşlığımıza davamlı iş ritmi qazandırmaq.
Prezident Həsən Şeyx Mahmudun 2025-ci ilin fevral ayında Bakıya həyata keçirdiyi tarixi səfər zamanı hökumətlərimiz təhsil, enerji, müdafiə və idarəetmə sahələrində əməkdaşlığa dair sazişlər imzalayıb. Mənim əsas prioritetim həmin razılaşmaların icrasını təmin etməkdir. İstəyirəm ki, hər bir saziş real və görünən nəticələr versin: Azərbaycanda təhsil alan somalili tələbələrin sayının artırılması, enerji sahəsində praktiki təlim əməkdaşlığının qurulması, ASAN Xidmət modelinin Somaliyə tətbiqi istiqamətində irəliləyiş və müdafiə sahəsində fəal dialoqun inkişafı. Bununla yanaşı, ticarət və investisiya üçün yeni imkanlar yaratmaq, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələr qurmaq və burada yaşayan, xüsusilə təhsil alan Somali vətəndaşlarının səfirliyin hərtərəfli dəstəyindən yararlanmasını təmin etmək istəyirəm.

-Azərbaycan və Somali arasında diplomatik münasibətlərin inkişafı baxımından hazırda əsas prioritetlər hansılardır? Somalinin Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlər üçün hansı yeni imkanlar yarada bilər?
- Ölkələrimiz arasında diplomatik münasibətlər 2019-cu ildə qurulub və həmin vaxtdan etibarən sürətlə inkişaf edib. Prezidentin səfərindən sonra Azərbaycan hökumətinin nümayəndə heyəti Somaliyə səfər edib və xarici işlər nazirliklərimiz arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Daha sonra, 2025-ci ildə Somalinin xarici işlər naziri Bakıya səfər edib. Hazırda əsas prioritetimiz müntəzəm məsləhətləşmələr və imzalanmış sazişlərin icrasına yaxından nəzarət vasitəsilə bu dinamikanı qoruyub saxlamaqdır. İkinci prioritet çoxtərəfli əməkdaşlıqdır. Somali 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Həmçinin, hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyan bir prinsipi bölüşürük: beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət.
Rezident səfirliyin açılması bütün proseslərin sürətini dəyişir. Əvvəllər üçüncü ölkələr vasitəsilə həyata keçirilən məsələlər artıq birbaşa Bakıdan idarə oluna bilər. Biz tələbələrə dəstək göstərə, Azərbaycan şirkətlərinə Somali bazarını tanımağa kömək edə, viza məsələlərini həll edə və yüksək səviyyəli səfərləri lazımi qaydada hazırlaya bilərik. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri, Türkiyənin isə Somalinin ən güclü strateji tərəfdaşı olması üçtərəfli əməkdaşlıq üçün real potensial yaradır.
- Somali Prezidenti Həsən Şeyx Mahmud ötən il Azərbaycana və Türkiyəyə səfər edib. Bu səfərlərin Somali üçün əsas nəticələri nələr olub?
- Prezidentin Azərbaycana səfəri fəaliyyətdə olan Somali prezidentinin ölkənizə ilk səfəri idi. Prezident İlham Əliyev bu səfəri münasibətlərimizin inkişafında yeni səhifənin açılması kimi qiymətləndirib. Təhsil, enerji, müdafiə və idarəetmə sahələrini əhatə edən dörd saziş imzalanıb. Prezident həmçinin Səngəçal neft terminalına baş çəkib. Bu səfər nümayəndə heyətimizə Azərbaycanın enerji sektorunu necə inkişaf etdirdiyini yaxından görmək imkanı yaradıb.
Səfərin nəticələri artıq özünü göstərir. Azərbaycan 2025–2026-cı tədris ilindən etibarən somalili tələbələr üçün 20 dövlət təqaüdü ayırıb. ASAN Xidmət təcrübəsinin Somaliyə tətbiqi istiqamətində işlər davam edir və nazirliklərimiz kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Türkiyə ilə tərəfdaşlığımız isə geniş və uzunmüddətli xarakter daşıyır. Ən nəzərəçarpan nəticələr enerji sahəsində əldə olunub. 2024-cü ildə imzalanmış sazişlərdən sonra Türkiyənin seysmik tədqiqatları Somali sahillərində tamamlanıb və 2026-cı ilin aprelində “Çağrı Bey” qazma gəmisi Somalinin tarixində ilk dərin dəniz kəşfiyyat quyusunun qazılmasına başlamaq üçün Moqadişuya gəlib. Türkiyə, həmçinin Somali və Efiopiya arasında gərginliyin azaldılmasına töhfə verən Ankara Bəyannaməsinin əldə olunmasına kömək edib və Somali Milli Ordusunun təlimləndirilməsi sahəsində əsas tərəfdaşımız olaraq qalır.

- Azərbaycan və Somali arasında iqtisadi və ticarət əməkdaşlığının potensialını necə qiymətləndirirsiniz? Azərbaycan şirkətləri üçün Somali bazarında gələcəkdə hansı imkanlar yarana bilər?
- Potensial əhəmiyyətlidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi hələ kiçik olduğundan, bazara ilk daxil olan şirkətlər üstünlük əldə edə bilər. Somali materik Afrikanın ən uzun sahil xəttinə, gənc və sahibkarlıq ruhuna malik əhaliyə, eləcə də ölkənin ən çətin illərində belə fəaliyyətini davam etdirən özəl sektora sahibdir. Şərqi Afrika Birliyinə üzvlüyümüz böyük regional bazara çıxış imkanı yaradır. 2023-cü ildə borc yükünün azaldılması prosesinin başa çatması isə beynəlxalq maliyyə resurslarına çıxışımızı yenidən mümkün edib.
Azərbaycan şirkətləri üçün dörd əsas istiqamət görürəm: Enerji: SOCAR və Azərbaycan xidmət şirkətləri bu sahədə onilliklərə əsaslanan təcrübəyə malikdirlər. Limanlar, logistika və tikinti: Azərbaycanın Orta Dəhliz və Ələt limanı istiqamətindəki fəaliyyəti bizim üçün xüsusilə aktualdır. Kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq. Rəqəmsal xidmətlər və elektron hökumət.
Səfirlik Azərbaycan şirkətlərinə etibarlı yerli tərəfdaşlar tapmaqda dəstək göstərməyə hazırdır.
- Somali Azərbaycanın hansı sahələrdəki təcrübəsindən yararlanmaqda maraqlıdır? Məsələn, enerji, infrastruktur, təhsil, rəqəmsallaşma və ya dövlət idarəçiliyi sahələrində.
- Bütün bu sahələrdə, lakin artıq bir neçə istiqamətdə konkret işlərə başlanılıb. İlk növbədə dövlət idarəçiliyi sahəsini qeyd edərdim. Vətəndaşların çoxsaylı xidmətlərdən bir məkanda, operativ və korrupsiyasız şəkildə yararlana bildiyi ASAN Xidmət modeli Somalinin dövlətlə xalq arasında etimadı yenidən qurması üçün məhz ehtiyac duyduğu sistemdir. Bu məsələ Prezidentin səfəri zamanı imzalanmış idarəetmə sazişinin də tərkib hissəsi olub. Enerji sahəsində Azərbaycan neft və qaz ehtiyatlarını milli sərvətə çevirib və gələcək nəsillər üçün gəlirlərin qorunması məqsədilə Dövlət Neft Fondunu yaradıb. Somali kəşfiyyat işlərinə başladığı üçün biz həm texniki təcrübədən, həm də təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf idarə edilməsindən öyrənmək istəyirik.
Təhsil sahəsində mühəndislər, neft mütəxəssisləri və İT mütəxəssisləri hazırlamaq istəyirik. Rəqəmsallaşma istiqamətində elektron hökumət sistemini qurmaq, infrastruktur sahəsində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası təcrübəsindən yararlanmaq bizim üçün dəyərlidir. Çünki Somalidə də “Əş-Şəbab” terror qruplaşmasından azad edilmiş və yolların, məktəblərin, xidmətlərin sürətlə bərpasına ehtiyac duyulan çoxsaylı ərazilər var.

- Yuxarıda təhsil sahəsinə toxunmuşdunuz. Ümumiyyətlə, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində tələbə mübadiləsi və humanitar əməkdaşlıq planlaşdırılırmı? Hazırda Azərbaycanda neçə somalili tələbə təhsil alır və onlar hansı ixtisaslar üzrə təhsil alırlar? Ölkənizdə təhsil alan xarici tələbələr arasında azərbaycanlılar varmı?
- Bəli. Təhsil əməkdaşlığımızın ən güclü istiqamətidir. Somalili tələbələr bir neçə ildir ki, Heydər Əliyev adına beynəlxalq təhsil qrantı çərçivəsində Azərbaycanda təhsil alırlar. 2025–2026-cı tədris ilindən etibarən isə Azərbaycan xüsusi olaraq somalili tələbələr üçün 20 dövlət təqaüdü ayırıb. SOCAR da Bakı Ali Neft Məktəbində təhsil almaq üçün yerlər təklif edib.
Hazırda 50 somalili tələbə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi də daxil olmaqla müxtəlif ali təhsil müəssisələrində təhsil alır. Onların əksəriyyəti neft və sənaye mühəndisliyi, informasiya texnologiyaları və menecment ixtisasları üzrə təhsil alırlar. Mən onlarla mütəmadi görüşürəm və onlar Azərbaycan xalqının qonaqpərvərliyi haqqında çox müsbət fikirlər bildirir.
Hazırda Somalidə təhsil alan azərbaycanlı tələbələr yoxdur və biz bu vəziyyəti dəyişmək istərdik. Somali universitetləri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. İslamşünaslıq, Afrikaşünaslıq, birgə elmi tədqiqatlar, eləcə də film həftələri, sərgilər və jurnalist səfərləri kimi mədəni mübadilə istiqamətlərində geniş imkanlar mövcuddur.

- Somali xalqı Azərbaycan haqqında daha çox nə bilir və iki xalq arasında münasibətlərin gələcəyini necə təsəvvür edirsiniz?
- Bir çox somalili Azərbaycanı İƏT ailəsinə daxil olan qardaş müsəlman ölkəsi və enerji resursları hesabına müasir iqtisadiyyat qurmuş dövlət kimi tanıyır. 2024-cü ildə COP29-a ev sahibliyi etməsi də Bakını Afrika qitəsində daha geniş tanıdıb. Tələbələrimiz Azərbaycanın ən yaxşı təbliğatçılarına çevrilirlər, çünki onlar ailələrinə burada gördükləri və yaşadıqları təcrübələr barədə danışırlar.
Bununla yanaşı, siyasi yaddaşımız da mövcuddur. Somali uzun illərdir İƏT çərçivəsində Azərbaycanı dəstəkləyir, Azərbaycan isə hər zaman Somalinin birliyinə və ərazi bütövlüyünə dəstək nümayiş etdirib. Hər iki xalq öz torpağını müdafiə etməyin və münaqişədən sonra yenidən quruculuq aparmağın nə demək olduğunu yaxşı bilir.
Mən münasibətlərimizin gələcəyini təhsil, ticarət və beynəlxalq təşkilatlarda sıx koordinasiya əsasında görürəm. Ümid edirəm ki, on ildən sonra ölkələrimiz arasında birbaşa işgüzar əlaqələr, müntəzəm yüksək səviyyəli səfərlər olacaq və Bakıda təhsilə başlamış çoxsaylı somalili mühəndislər, həkimlər və dövlət qulluqçuları yetişəcək.
- Somali hazırda regionda sabitlik və inkişafı təmin etmək üçün hansı əsas addımları atır?
- İlk növbədə təhlükəsizlik məsələsini qeyd edərdim. Afrika İttifaqının Dəstək və Sabitləşdirmə Missiyasının və ikitərəfli tərəfdaşlarımızın dəstəyi ilə Somali Milli Ordusu “Əş-Şəbab” terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir. Silahlı qüvvələrimiz, həmçinin Puntland dağlarında İŞİD-ə qarşı mübarizə aparıblar. Biz Somalinin təhlükəsizliyinə görə tam məsuliyyət daşıya biləcək silahlı qüvvələr formalaşdırırıq.
İkinci istiqamət iqtisadi islahatlardır. Somali 2023-cü ilin dekabrında uzun illər davam edən dövlət maliyyəsi və gəlirlərin toplanması sahəsində islahatlardan sonra borc yükünün genişləndirib.
Üçüncü istiqamət regional inteqrasiyadır. Somali Şərqi Afrika Birliyinə qoşulub, IGAD çərçivəsində fəal iştirakını davam etdirir və BMT Təhlükəsizlik Şurasındakı üzvlüyündən Afrika Buynuzu regionunun problemlərini beynəlxalq gündəmə gətirmək üçün istifadə edir.
Dördüncü istiqamət siyasi sistemimizdir. Hökumət onilliklər ərzində mövcud olmuş qəbilə əsaslı dolayı seçkilərdən sonra vətəndaşların öz rəhbərlərini birbaşa seçmək hüququnun təmin edilməsinə sadiqdir. Bu proses bütün siyasi aktorlar və federal üzv dövlətlərlə dialoq tələb edir, lakin davamlı sabitlik üçün vacibdir.

- 1988-ci ildə Somalidə başlayan daxili münaqişələrin və vətəndaş müharibəsinin əsas səbəbləri nələr idi? 1991-ci ildən sonra mərkəzi hökumətin zəifləməsi ölkənin siyasi və sosial həyatına necə təsir göstərdi?
- Münaqişənin kökləri 1969-cu ildə hakimiyyətə gəlmiş hərbi rejimə gedib çıxır. 1977–1978-ci illərdə Efiopiya ilə müharibədən sonra hökumət daha repressiv siyasət yürütməyə başladı və hakimiyyətdə qalmaq üçün getdikcə daha çox qəbilə mənsubiyyətinə əsaslanan loyallıqdan istifadə etdi. Müxalifətin öz mövqeyini dinc yolla ifadə etmək imkanları olmadığından silahlı hərəkatlar formalaşmağa başladı. İqtisadiyyat kəskin şəkildə zəiflədi, ölkə böyük qaçqın yükü ilə üzləşdi və Soyuq müharibə başa çatdıqda rejimi ayaqda saxlayan xarici dəstək aradan qalxdı.
1988-ci ildə münaqişə ölkənin şimalında daha da kəskinləşdi və rejim öz şəhərlərinə və mülki əhaliyə qarşı güc tətbiq etdi. Bu, heç vaxt unudulmamalı olan böyük iztirablara səbəb oldu. Döyüşlər ölkənin cənubuna yayıldı və rejim 1991-ci ilin yanvarında süqut etdi.
Dövlətin dağılması milli faciə idi. Dövlət institutları fəaliyyətini dayandırdı, silahlı qruplar əraziləri öz aralarında bölüşdürdülər və 1992-ci ildə baş verən aclıq çoxsaylı insanın həyatına son qoydu. Milyonlarla insan öz yurdunu tərk etdi və böyük diaspora formalaşdı. Bununla belə, Somali cəmiyyəti böyük dayanıqlılıq nümayiş etdirdi. Ağsaqqallar, dini liderlər, biznes dairələri və diasporadan göndərilən pul köçürmələri icmaların yaşamasına kömək etdi. Telekommunikasiya və pul köçürmə şirkətləri hətta dövlətin olmadığı şəraitdə belə inkişaf etdi. Bu dayanıqlılıq hazırda üzərində yenidən quruculuq apardığımız əsas təməldir.
- Beynəlxalq səviyyədə tanınmış Keçid Federal Hökumətinin ölkə ərazisinin yalnız bir hissəsinə nəzarət etməsi dövlət idarəçiliyi baxımından hansı çətinliklər yaratmışdı?
- Ölkə ərazisinin yalnız bir hissəsinə nəzarət edən hökumət hər yerdə vergi toplaya, xidmət göstərə və qanunun aliliyini təmin edə bilməz. Bu vəziyyət dövlətə olan ictimai etimadı zəiflətdi və “Əş-Şəbab” kimi silahlı qruplaşmalara özlərini alternativ qüvvə kimi təqdim etmək imkanı verdi.
Keçid Federal Hökuməti təhlükəsizlik və büdcə məsələlərində beynəlxalq dəstəkdən ciddi şəkildə asılı idi. Eyni zamanda, dövlətin süqut etdiyi illərdə müstəqil şəkildə formalaşmış regional administrasiyalarla səlahiyyətləri bölüşməli olurdu. Somalinin bu vəziyyətə cavabı 2012-ci ildə yaradılmış federal sistem oldu. Hazırda federal hökumətimiz və səlahiyyətləri müəyyən edilmiş federal üzv dövlətlərimiz mövcuddur. Bu sistemin effektiv fəaliyyətini təmin etmək hələ də əsas idarəçilik vəzifəmizdir. Bura Konstitusiyanın yekunlaşdırılması, səlahiyyətlərin və resursların bölüşdürülməsi barədə razılığın əldə olunması və dövlət hakimiyyətinin hər bir rayonda təmin edilməsi daxildir. Həmin dövrlə müqayisədə bu gün Somali dövlət institutları daha güclüdür, öz gəlirlərinin daha böyük hissəsini toplayır və legitim tərəfdaş kimi tanınır.
- Qədim dövrlərdə Somali Afrika və Asiyanı birləşdirən ticarət yollarının mühüm hissəsi hesab olunurdu. Somali tarixi İpək Yolunda hansı rol oynayıb? Böyük ticarət mərkəzi kimi tarixi mövqeyi ölkənin hazırkı geosiyasi əhəmiyyətinə necə təsir göstərir?
- Somalinin tarixi mövqeyi Hind okeanının dəniz marşrutlarından ibarət olan Dəniz İpək Yolu ilə bağlı olub. Sahillərimiz qədim Punt ölkəsi ilə əlaqələndirilir. Həmin ərazi Misirlə buxur və mirra ticarəti aparırdı. Eramızın birinci əsrinə aid yunan və Roma dənizçilik mənbələrində Somali sahillərindəki ticarət limanları təsvir olunur. Orta əsrlərdə Moqadişu öz sikkələrini zərb edən, Ərəbistan, İran, Hindistan və Çinlə ticarət aparan zəngin şəhər idi. XV əsrin əvvəllərində admiral Çjen Hənin donanması Moqadişu və Baravaya səfər etmişdi.
Bu gün də eyni coğrafi mövqe Somaliyə strateji əhəmiyyət qazandırır. Sahillərimiz Ədən körfəzi və Asiya, Avropa və Yaxın Şərq arasında ticarətin əhəmiyyətli hissəsinin həyata keçirildiyi Bab əl-Məndəb boğazının girişinə yaxın ərazidə yerləşir. Qırmızı dənizdə son dövrlərdə baş verən pozuntular bu marşrutların nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Orta Dəhlizin mərkəzində yerləşən Azərbaycan bunu çox yaxşı anlayır. Bizim də məqsədimiz coğrafi mövqeyimizi limanlar, logistika və tərəfdaşlıqlar vasitəsilə iqtisadi rifaha çevirməkdir.
- Somalinin zəngin qızıl və neft ehtiyatları beynəlxalq güclərin ölkəyə marağını necə artırır? Uran, dəmir, qalay, mis, gips, boksit və təbii qaz kimi mövcud, lakin kifayət qədər istifadə olunmayan yeraltı sərvətlər ölkənin gələcək iqtisadi inkişafında hansı rol oynaya bilər? Bu təbii resurslar region dövlətləri və beynəlxalq şirkətlər üçün hansı strateji əhəmiyyət daşıyır?
- Somalinin təbii sərvətləri beynəlxalq diqqəti təbii olaraq cəlb edir və kəşfiyyat işlərinə başlanılması ilə bu maraq daha da artıb. 2026-cı ildə Türkiyəli tərəfdaşlarımızla birlikdə sahillərimizdə başlanmış qazma işləri tariximizdə ilk dərin dəniz kəşfiyyat quyusudur və enerji sektorumuz üçün yeni mərhələnin başlanğıcını göstərir. Uran, dəmir filizi, qalay, mis, gips, boksit və təbii qaz gələcəkdə sənayenin, tikintinin, energetikanın və ixracın inkişafına töhfə verə bilər. Bu resurslardan səmərəli istifadə etmək üçün müasir geoloji tədqiqatlara, aydın hüquqi çərçivəyə və investisiyalar üçün təhlükəsiz şəraitə ehtiyacımız var. Regional dövlətlər və beynəlxalq şirkətlər üçün bu resurslar həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Xüsusilə Somalinin coğrafi mövqeyi ilə birlikdə bu əhəmiyyət daha da artır.
Bizim prinsipimiz sadədir: Somalinin təbii sərvətləri Somali xalqına məxsusdur. Onlar Somali qanunvericiliyinə uyğun, şəffaf şəkildə və federal hökumətlə federal üzv dövlətlər arasında ədalətli bölgü prinsipi əsasında mənimsənilməlidir.
Bu sahədə də enerji gəlirlərinin gələcək nəsillər üçün qorunması və investisiya edilməsi istiqamətində mühüm təcrübə nümayiş etdirmiş Azərbaycandan öyrənmək istəyirik. Bu şərtlər əsasında fəaliyyət göstərməyə hazır olan, o cümlədən Azərbaycan şirkətlərinin məsuliyyətli investisiyalarını alqışlayırıq.
- Somalinin Şərqi Afrika regionundakı qonşu dövlətlərlə münasibətləri hazırda hansı vəziyyətdədir? Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqası başda olmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı istiqamətlərdə inkişaf edir?
- Qonşularımızla münasibətlərimiz yaxşıdır və daha da inkişaf edir. Somali IGAD və Şərqi Afrika Birliyinin üzvüdür. Təhlükəsizlik, ticarət və qaçqın məsələləri üzrə Keniya, Cibuti və Efiopiya ilə sıx əməkdaşlıq edirik. Efiopiya ilə münasibətlərimiz müəyyən çətin dövr yaşasa da, Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş Ankara Bəyannaməsi Somalinin suverenliyinə hörmət əsasında dialoq yoluna qayıtmağımıza imkan yaradıb. Birləşmiş Millətlər Təşkilatında Somalinin 2025–2026-cı illər üzrə Təhlükəsizlik Şurasına üzvlüyü ölkəmizin hansı inkişaf yolunu keçdiyini göstərir. BMT-nin rolu böhranların idarə olunmasından suveren hökumətin daha çox məsuliyyət götürməsinə dəstək istiqamətinə doğru dəyişir. Afrika İttifaqı bizim ən yaxın təhlükəsizlik tərəfdaşımız olub. Somalinin təhlükəsizliyi naminə böyük fədakarlıqlar göstərmiş hərbçilərin təmsil olunduğu qoşun göndərən ölkələrə dərin minnətdarlığımızı bildiririk.
Somali 1974-cü ildən Ərəb Dövlətləri Liqasının üzvüdür. Həmin təşkilat, eləcə də İƏT ölkəmizin birliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib.

- Beynəlxalq ictimaiyyət Somalidə təhlükəsizlik və sabitliyin təmin olunması üçün hansı addımları atır? Ölkədə davam edən siyasi böhran Afrika regionunun beynəlxalq təhlükəsizliyi və sabitliyi üçün hansı riskləri yaradır?
- Beynəlxalq ictimaiyyət Somaliyə Afrika İttifaqının missiyası, Türkiyə, Qətər, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı kimi tərəfdaşların ikitərəfli təlim və təchizat dəstəyi, eləcə də inkişaf və humanitar yardımlar vasitəsilə dəstək göstərir.
2023-cü ilin dekabrında BMT Təhlükəsizlik Şurası Federal Hökumətə qarşı silah embarqosunu ləğv edərək əldə etdiyimiz irəliləyişi tanıdı. Hazırda əsas məsələlərdən biri Afrika İttifaqının missiyasının maliyyələşdirilməsinin davamlı və proqnozlaşdırıla bilən şəkildə təmin edilməsidir.
Bu gün Somalidə seçki modeli və siyasi keçid prosesi ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Hökumətimiz vətəndaşların öz rəhbərlərini birbaşa seçməli olduğunu düşünür və müxalifət, eləcə də federal üzv dövlətlərlə dialoqa açıqdır. Somali xalqı əvvəllər də ciddi fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edib və bunu yenidən bacaracaq.
Əsas risk siyasi parçalanmanın Afrikanın ən təhlükəli terror qruplaşmalarından biri olan “Əş-Şababa” daha geniş fəaliyyət imkanları yaratmasıdır. Somalidəki qeyri-sabitlik Ədən körfəzində gəmiçiliyə və bütövlükdə Afrika Buynuzu regionunun təhlükəsizliyinə də təsir göstərir. Məhz buna görə somalililərin birliyi və tərəfdaşlarımızın davamlı dəstəyi böyük əhəmiyyət daşıyır.
- Nəhayət, İsrailin 2025-ci ilin dekabrında Somalilandın müstəqilliyini tanıması və 2026-cı ilin iyununda Qüdsdə qondarma Somaliland səfirliyinin açılması Somalinin ərazi bütövlüyü məsələsini yenidən gündəmə gətirib. Somali hökuməti bu addımlara necə reaksiya verir və beynəlxalq ictimaiyyətdən hansı mövqeyi gözləyir?
- Somali Federal Hökuməti İsrailin qondarma tanınma qərarını qəti şəkildə rədd edir. Bu qərarın heç bir hüquqi qüvvəsi yoxdur. O, BMT Nizamnaməsini, Afrika dövlətlərinin müstəqillik əldə etdikləri zaman mövcud olmuş sərhədlərə hörmət etməsini nəzərdə tutan Afrika İttifaqının Təsis Aktını və hər bir dövlətin suverenliyini qoruyan prinsipi pozur. Somalinin şimal bölgələri Somali Federativ Respublikasının ayrılmaz hissəsidir və orada yaşayan insanlar bizim xalqımızdır.
Beynəlxalq ictimaiyyətin reaksiyası aydın olub. Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, İƏT və bir çox dövlət İsrailin bu addımını pisləyib. Bir qrup müsəlman ölkəsi Qüdsdə həmin ofisin açılmasını da birgə bəyanatla qınayıb. BMT-yə üzv olan başqa heç bir dövlət İsrailin mövqeyini dəstəkləyərək bu addımı təkrarlamayıb.
Azərbaycanın dəfələrlə Somalinin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiqləməsindən məmnunuq və buna görə minnətdarlığımızı bildiririk. Azərbaycan öz tarixi təcrübəsindən bu prinsipin nə üçün mühüm olduğunu yaxşı bilir.
Beynəlxalq ictimaiyyətdən gözləntimiz bu tanınmanı qəbul etməmək və şimal bölgələrini ayrıca dövlət kimi təqdim edən hər hansı münasibətlərdən çəkinməkdir.
Bizim öz yanaşmamız qarşıdurma deyil, dialoqdur. Somali birliyi keçmiş narazılıqları aradan qaldıran və ortaq gələcək təklif edən, somalililərin öz aralarında apardıqları sülh danışıqları vasitəsilə möhkəmləndirilməlidir.
Laçın SƏMLA
AzPolitika.info


Şərhlər