Azərbyacan dünyanın aparıcı supergücləri olan ABŞ və Çin kimi dövlətlərlə strarteji tərəfdaşlığa malikdir. Bununla yanaşı, ölkəmizin strateji tərəfdaşlıq əlaqələri qurduğu ölkələr arasında bizdən məsafəcə xeyli uzaq olsa da, siyasi, iqtisadi və digər maraqlar baxımından kifayət qədər yaxın olan Vyetnam kimi vacib ölkələr də var…
Azərbaycanın müstəqilliyinin bərpasının ilk vaxtlarından - 1992-ci ildən Vyetnamla diplomatik münasibətlərin təsis edilməsilə əsasını götürən bu tərəfdaşlıq 2025-ci ilin 7 may tarixində qəbul edilmiş Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatla məntiqi nəticəyə qədər gəlib çıxdı. Azərbaycan Prezidentinin bu günlərdə baş tutan Vyetnama rəsmi səfəri isə bu tərəfdaşlığı yeni və daha praktik mərhələyə daşıdı.
Məlum olduğu kimi, dünən Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı yayımlanıb.
Bəyanat Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri kontekstində xüsusi əhəmiyyət kəsb edir və tərəflərin strateji əməkdaşlıq niyyətinin köklü əsaslara söykəndiyindən xəbər verir. Təbii ki, belə ölkələrlə strateji tərəfdaşlıqdan qaynaqlanan siyasi və diplomatik uğuru möhkəm və davamlı etmək üçün prioritet sektorlar olan iqtisadi, ticarət, investisiya, hərbi, hüquqi və s. sahələr üzrə əməkdaşlığı genişləndirmək lazımdır. Lakin bu sırada təhsil, mədəniyyət və turizm kimi sahələr də var ki, onlar öz əhəmiyyətinə görə prioritet istiqamətlərdən qətiyyən geri qalmır. Əksinə, bu sahələrdə əməkdaşlığın genişlənməsi, yəni, iki ölkə toplumlarının, elminin, təhsilinin, mədəniyyətinin bir-birini daha yaxşı tanıması ilə digər prioritetlərin də təməlini möhkəmləndirmiş olur.

Nəzərə alsaq ki, Vyetnamın 102 milyon əhalisi var və onun əhəmiyyətli hissəsi gənclərdir (Vyetnam əhalisi yaxınlıqdakı Yaponiya, Cənubi Koreya və xüsusilə də Qərb ölkərilə, Avropa ilə müqayisədə xeyli gəncdir), bu ölkə ilə təhsi əlaqələrinin nə dərəcədə faydalı olacağını təsəvvür etmək çətin olmaz. Azərbaycanın vyetnamlı tələbələrə təhsil verilmsinə dair kifayət qədər zəngin SSRİ təcrübəsi var.
Sovet dövründə Azərbaycanın ali məktəblərində təxminən 5 000 nəfər vyetnamlı tələbə təhsil alıb. Onların bir çoxu sonradan Vyetnamda yüksək dövlət vəzifələrində, iqtisadiyyatın, elmin müxtəlif sahələrində çalışıblar. Lakin sonradan bu tendensiya kəskin şəkildə zəiflədi və demək olar ki, yoxa çıxdı. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycandakı əcnəbi tələbələrin sayı 7 716 nəfərə çatıb, lakin onların arasında cəmi 1 nəfər Vyetnamdan olan tələbə var...

Məlumat üçün qeyd edək ki, Vyetnamın Təhsil və Təlim Nazirliyinin son hesabatlarına görə, xaricdə təhsil alan vyetnamlıların ümumi sayı təxminən 250 000 nəfərdir. Yalnız ali təhsil pilləsini əhatə edən UNESCO statistikasında isə bu rəqəm 137 000 nəfərdən çox göstərilir.
Bu tələbələrin təxminən 5 200 – 5 500 nəfəri (ümumi sayın təxminən 2%-i) keçmiş SSRİ respublikalarının payına düşür. Onların mütləq əksəriyyəti Rusiyada cəmləşib. Belə ki, Rusiyada təxminən 5000, Belarusda 150, Qazaxıstanda 50 vyetnamlı tələbə təhsil alır. Göründüyü kimi, ümumilikdə 5500 tələbədən yalnız 1-i bizim ölkənin payına düşüb.
Əlbəttə ki, bu sayı ən azı yüzlərlə etmək və bu sırada Rusiyadan sonra ikinci olmaq üçün potensialımız var. Ancaq bundan ötrü qarşılıqlı əlaqələr, təbliğat və təşviqat işləri aparılmalı, ən əsası isə tərəflər arasındakı yeni bəyanatda qeyd edildiyi kimi, incəsənət və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni və tarixi mübadilələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və s. kimi işlər görülməlidir. Bu, təkcə təhsil deyil, digər sahələrdə də əməkdaşlıq üçün geniş zəmin yaradar. Bu sırada Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili də olduqca önəmli rol oynaya bilər.
Nəhayət, bəyanatda deyilir ki, təhsil sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi, qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, həmçinin birgə tədqiqat layihələrinin icrası və tələbələr və tədqiqatçılar üçün davamlı mübadilə mexanizmlərinin yaradılması prioritet məsələlərdən biri olacaq. Bu isə o deməkdir ki, tələbə mübadiləsi və ümumilikdə təhsil sahəsində əməkdaşlıq üçün siyasi iradə var. Qalır müvafiq qurumlarımızın bu iradəni əməli işdə həyata keçirməsi...
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər