Macarıstanın aparıcı media qurumları olan "Index" və "Telex" portallarının yaydığı məlumata görə, ölkə parlamenti Baş nazir Peter Madyar, eləcə də keçmiş Baş nazir Viktor Orbanın hökumətində təmsil olunmuş iki yüksək vəzifəli şəxsin toxunulmazlıq hüququnun ləğv edilməsi barədə Prokurorluğun təqdimatını qəbul edib.
Peter Madyar haqqındakı cinayət işi 2024-cü ilin iyun ayında — onun Avropa Parlamentinə seçilməsindən iki həftə sonra baş vermiş insidentlə bağlıdır. İstintaq materiallarına əsasən, Madyar gecə klubunda onu videoya çəkən şəxsin telefonunu əlindən alaraq Dunay çayına atıb.
2024-cü ilin sentyabrında Macarıstan Prokurorluğu onun toxunulmazlığının ləğv olunması üçün Avropa Parlamentinə müraciət etsə də, bu istək rədd edilmişdi. Lakin bu ilin mayında keçirilən parlament seçimində Magyarın partiyasının qələbə qazanması və onun deputat kimi fəaliyyətə başlamasından sonra istintaq prosesi yenidən bərpa olunub.
Media xəbərlərinə görə, P.Magyar parlamentdəki çoxluq təşkil edən "Tisa" Partiyasının deputatlarından öz toxunulmazlığının ləğvinin lehinə səs vermələrini xahiş edib. "Bizim Vətən" Partiyasının deputatları da bu təklifi dəstəkləyiblər.
Madyar ilə yanaşı, Viktor Orbanın "Fidesz" Partiyasından olan iki keçmiş rəsminin də toxunulmazlığı qaldırılıb. Onlardan Mikloş Sestak rüşvətxorluq və digər ağır cinayətlərdə, Balaj Hanko isə qrant və subsidiyaların mənimsənilməsində şübhəli bilinir.
Parlamentin tarixi qərarını şərh edən Baş nazir Peter Magyar Orbanın yaxın çevrəsinə mesaj ünvanlayıb: "İstər sıravi zavod fəhləsi olsun, istərsə də deputat və ya Baş nazir — qanun qarşısında herkes bərabərdir. Bu gün bu dərsi korrupsiyaya bulaşmış Viktor Orbanın ətrafındakı keçmiş nazirlər də öyrəndi. Gizlədəcək bir şeyi olmayan şəxsin adalətdən və məhkəmədən qorxması üçün heç bir səbəb yoxdur”.
Rasim
“AzPolitika.info”


Şərhlər