Menu

AŞPA-dan Ermənistandakı seçkilərlə sərt tənqid - MSK nəticələri təhrif edib

28.09.2026, 16:16
AŞPA-dan Ermənistandakı seçkilərlə sərt tənqid - MSK nəticələri təhrif edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanda keçirilən son parlament seçkilərini müşahidə etdikdən sonra yekun hesabatını açıqlayıb. Hesabatda Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarları, inzibati resurslardan istifadə, seçki rüşvəti və xarici müdaxilələrlə bağlı ciddi nöqsanlar öz əksini tapıb.

AŞPA müşahidəçiləri MSK-nın heç bir əsaslı səbəb göstərmədən bəzi seçki Məntəqələrinin nəticələrini ləğv etməsindən və təkrar səsvermə təyin etməməsindən dərin narahatlıq ifadə ediblər.

Qeyd olunur ki, nəticələrin ləğv edilməsi nəticəsində müxalifətdə olan "Çiçəklənən Erməniston" Partiyası parlamentdən kənarda qalıb. Bunun əvəzində çoxluq sahibi olan hakim "Mülki Müqavilə" Partiyası həlledici səsvermələrdə əlavə mandatlar əldə edib. AŞPA vurğulayır ki, MSK-nın bu qərarı seçkilərin ümumi nəticəsinə və parlamentin təmsilçilik gücünə birbaşa təsir göstərib. Assambleya İrəvan hakimiyyətini Seçki Məcəlləsinə dəyişiklik edərək ikiqat səsvermə praktikasını dəqiq tənzimləməyə çağırıb.

Avropalı müşahidəçilər seçki prosesində inzibati resurslardan sui-istifadə, seçki rüşvəti və hüquqi müdafiə mexanizmlərinin effektiv işləməməsini də qeydə alıblar:

"Təşviqat kampaniyası son dərəcə gərgin və bölücü ritorika ilə müşayiət olunub. Müxalifət namizədləri və aktivistlərinə qarşı çoxlu sayda cinayət işi açılıb, nəticədə bir çox müxalifət tərəfdarı kampaniyadan kənarda qalmağa üstünlük verib. Dövlət sektoru işçilərinin hakim partiyanın tədbirlərinə məcburi cəlb edilməsi və seçkiqabağı sosial-iqtisadi vədlər namizədlər üçün bərabər şəraitin olmadığını göstərir".

Hesabatda Rusiyanın Ermənistandakı seçki prosesinə müdaxiləsinə geniş yer verilib. Müşahidəçilərin qənaətinə görə, Moskva tərəfindən həyata keçirilən xarici informasiya əməliyyatları və müdaxilə "görünməmiş səviyyəyə" çatıb. Seçki zamanı ticarət məhdudiyyətləri və təhlükəsizlik hədələri vasitəsilə müxalifət qüvvələrinin lehinə seçicilərə təsir göstərilməyə cəhd edilib.

Bununla belə, AŞPA seçkilərin yekununda Erməniston cəmiyyətinin avropayönümlü kursu seçdiyini bildirib: "Bütün nöqsanlara və görünməmiş xarici təzyiqlərə baxmayaraq, cəmiyyət demokratik müqavimət nümayiş etdirib. Yeni seçilmiş hakimiyyət xalqdan aydın mandat alıb və indi bu mandata hörmət etməlidir".

Sənəddə həmçinin mediaya da toxunulub. AŞPA Ermənistan rəhbərliyini İctimai Televiziyanın tərəfsizliyini təmin etməyə və özəl media sahiblərinin şəffaflığını artırmağa çağırıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol