Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini ciddi narahat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılıb. Səfirlikdən verilən məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı isə davam etdirilir.
Qeyd olunub ki, araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır.
"Hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir. Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək", - deyə məlumatda vurğulanıb.
Dövlət komitəsi media və sosial şəbəkə istifadəçilərini həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırıb.


Şərhlər