Bu gün tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başlayır.
"AzPolitika" xəbər verir ki, qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.
Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı 30 sentyabr saat 15:00-dan 5 oktyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.
Xatırladaq ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2 393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1 818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.


Şərhlər