Menu

Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək

30.09.2026, 14:28
Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək

Azərbaycanın Cənubi Qafqazda regional çəkisi davamlı şəkildə artır və rəsmi Bakının geopolitik iradəsi həlledici faktorların sırasına daxil olur... Rəsmi İrəvanı ciddi şəkildə narahat edən bu geopolitik reallıq həm də Ermənistanın gələcək taleyinin məhz Azərbaycandan asılı vəziyyətə düşə biləcəyini göstərir...

Cənubi Qafqazda geopolitik balansla yanaşı, bu regionun nəqliyyat-kommunikasiya və logistika xəritəsi də sürətlə dəyişir. Dünyanın nəhəng gücləri arasında yeni marşrutlar uğrunda rəqabət dərinləşir. Ona görə də, Azərbaycan, Ermənistan və Gürcüstanın regional proseslərdə tutacağı mövqe bütövlükdə Cənubi Qafqaz üçün geostrateji əhəmiyyət daşıyır. Və Ermənistanın siyasi-ictimai dairələrindəki müzakirələr isə onu göstərir ki, rəsmi İrəvan bu geostrateji transformasiyanın mümkün nəticələrindən ciddi şəkildə narahatdır.

Bu baxımdan, son vaxtlar Ermənistanda fəaliyyət göstərən bəzi araşdırma mərkəzlərinin bu proseslərlə bağlı qənaətləri böyük maraq doğurur. Belə ki, həmin qənaətlərdə Azərbaycanın Cənubi Qafqazda geopolitik mövqeyinin ciddi şəkildə gücləndiyi birmənalı olaraq, etiraf edilir. Ermənistanla bağlı isə bu region dövlətinin, başqaları tərəfindən müəyyən olunan nəqliyyat layihələrində yalnız “keçid məkanı”na çevrilmə təhlükəsindən ciddi narahatlıq ifadə edilir.


Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda yeni nəqliyyat-logistika sistemi formalaşmaqdadır. Əsas qlobal güc mərkəzləri isə indi gələcək marşrutların istiqamətlərinə və fəaliyyət mexanizmlərinə təsir göstərmək imkanları qazanmaq uğrunda rəqabət aparırlar. Və bu prosesdə Azərbaycanın geopolitik mövqeyi Ermənistan tərəfindən də getdikcə, daha çox nəzərə alınan önəmli faktora çevrilir.

Ermənistanın siyasi-ictimai dairələrində hesab edirlər ki, Azərbaycan birmənalı şəkildə regional güc statusuna iddia edir. Ona görə də, Cənubi Qafqazın logistika gələcəyinə maraq göstərən böyük dövlətlər rəsmi Bakının güclənən geopolitik mövqeyini nəzərə almadan regional strategiya qura bilməzlər. Və Ermənistan siyasi-ictimai dairələrində Azərbaycan ilə bağlı üstünlük qazanan bu yanaşma tərzi əslində, regiondakı geopolitik dəyişikliklərin önəmli istiqamətlərindən birini göstərir.


Məsələ ondadır ki, Ermənistanda nəqliyyat dəhlizləri artıq yalnız geoiqtisadi layihə kimi deyil, həm də geopolitik və geostrateji təsir aləti kimi nəzərdən keçirilir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində formalaşan logistika marşrutlarında fəal iştirakı isə rəsmi Bakının regional proseslərdə çəkisini ciddi şəkildə artıran əsas faktorlardan biri kimi diqqətə alınır. Və bu baxımdan, erməni ekspertlərin Azərbaycanla yanaşı, Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqeləri ilə bağlı etirafları da böyük maraq doğurur.

Məsələ ondadır ki, onların fikrincə, Rusiya bu regiondakı təsir mexanizmlərini hələ tam itirməsə də, əvvəlki manevr imkanlarını qorumaqda ciddi çətinliklərlə üzləşir. Ona görə də, əgər, Rusiya Cənubi Qafqazda öz mövcudluğunu davam etdirmək istəyirsə, yalnız Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərini nəzərə almaqla, kifayətlənə bilməz. Və bu səbəbdən, Kremlin daha genişmiqyaslı geopolitik oyunçularla razılaşmalar əldə etməyə məcbur qalacağı da qətiyyən şübhə doğurmur.


Ona görə də, Çinin Cənubi Qafqaza marağı da bu yeni situasiyanın ən önəmli faktorlarından biri hesab olunur. Belə ki, rəsmi Pekin yükdaşımalarının marşrutlarını şaxələndirmək və Çinin ayrı-ayrı istiqamətlərdən mövcud olan asılılığını mümkün qədər azaltmaq üçün həm Orta Dəhlizin, həm də Şimal-Cənub nəqliyyat marşrutunun inkişafında birbaşa maraqlıdır. Bu önəmli faktor isə Cənubi Qafqazı Çin, Rusiya, Avropa Birliyi və digər güc mərkəzlərinin nəqliyyat strategiyalarının kəsişdiyi məkanlardan birinə çevirir.

Digər tərəfdən, ABŞ-ın Cənubi Qafqaz siyasətində isə TRIPP layihəsi xüsusi yer tutur. Bəzi qənaətlərə görə, Ağ Ev bu layihə vasitəsilə Cənubi Qafqazda geopolitik və geoiqtisadi iştirakını gücləndirməyə çalışır. Ancaq belə bir önəmli geostrateji layihənin reallaşdırılması ilə bağlı proses yalnız region ölkələri arasında razılaşmalarla məhdudlaşmır. Çünki Çin və Rusiya kimi böyük güclərin geostrateji maraqları da bu prosesə dolayısı ilə təsvir göstərir. Və belə bir situasiyada Avropa Birliyinin məhz yalnız rəsmi İrəvanla yaxınlaşma cəhdləri isə Ermənistanın Brüssel üçün əhəmiyyətini daha da ön plana çıxarır.

Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyinin Azərbaycana qarşı təzyiq göstərmək imkanları hazırda yox səviyyəsindədir. Üstəlik, Avropa Birliyinin Gürcüstanda da mövqeləri ciddi şəkildə zəifləyib və bu qurumun rəsmi Tiflisə təsiri artıq əvvəlki qədər geniş deyil. Belə vəziyyət isə indi həm Brüsseldə, həm də İrəvanda ciddi narahatlıq ilə qarşılanır. Çünki regionda geopolitik "zəif bənd" olan Ermənistan Avropa Birliyinin Cənubi Qafqazda geostrateji manevrlər etmək imkanları qazanması baxımından, yeganə istinad nöqtəsi olaraq qalır.

Belə anlaşılır ki, hazırda Ermənistanın qarşısında əsas dilemma regional layihələrdə iştirak şanslarını artırmaq ilə birbaşa bağlıdır. Xüsusilə də, rəsmi İrəvan üçün regionda formalaşmaqda olan yeni nəqliyyat-kommunikasiya sisteminin fəal iştirakçısına çevrilmək hədəfi strateji istiqamət hesab olunur. Əgər, rəsmi İrəvan bu strateji hədəfi reallaşdırmağa nail olmazsa, onda Ermənistan Cənubi Qafqazda böyük güclərin də iştirak edəcəyi geoiqtisadi layihələrdə sadəcə, tranzit coğrafi məkana çevrilmək taleyi ilə barışmalı olacaq.

Göründüyü kimi, hazırda Cənubi Qafqazın yeni geopolitik xəritəsi artıq yalnız sərhədlərlə deyil, həm də dəhlizlər, marşrutlar, logistika mərkəzləri və böyük güclərin maraqlarının kəsişməsi ilə müəyyənləşir. Bu prosesdə Azərbaycanın regional çəkisi isə davamlı şəkildə artır və rəsmi Bakının geopolitik iradəsi həlledici faktorların sırasına daxil olur. Bu önəmli geopolitik reallıq Ermənistanda artıq həm açıq şəkildə etiraf edilir, həm də böyük narahatlıq ilə qarşılanır. Çünki bütün bunlar Ermənistanın gələcək taleyinin tədricən məhz Azərbaycandan asılı vəziyyətə düşə biləcəyini göstərir.

Analitik xidmət,

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol