Sorğular nə göstərir?
Son günlər, xüsusilə də Rusiyanın Kiyevdəki əsas körpünü vurması, qış öncəsi enerji obyektlərini və hətta mobil operator stansiyalarını hədəf alması fonunda Ukraynada bir sıra siyasətçilər, tanınmış şəxslər və millət vəkilləri Prezident Volodimir Zelenskiyə “Rusiyaya güzəştə getmək” barədə çağırışlar etməyə başlayıblar.
Onların hər biri öz arqumentlərini və təkliflərini təqdim edir.
Məsələn, Azərbaycanda da yaxşı tanınan Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko Zelenskiyə açıq müraciətində bildirib: "Hazırda REALLIQ budur: müharibəni uduzuruq. Gəlin hər şey barədə danışıqlar aparaq. Addım-addım danışıqlara başladıqda və bu razılaşmalara hörmət edildikdə, tədricən daha çox şey barədə razılığa gələ və nəhayət, sülhə nail ola bilərik".
Onun təkliflərinə “Rusiyaya qarşı sanksiyaların bütün uzunmənzilli zərbələrin dayandırılması müqabilində ləğv edilməsi, Qara dənizin açılması və hərbi əməliyyatların Donbasdakı cəbhənin bir hissəsi ilə məhdudlaşdırılması" daxildir. Tanınmış deputatın fikrincə, bu, Ukraynanın neytral statusuna sadiq qaldığını göstərər.
Üstəlik, Qonçarenko aşağıdakı məsələlərdə kompromislər təklif edir:
-Müəyyən şərtlər altında rus dilinin istifadəsi;
-Rus Pravoslav Kilsəsinin fəaliyyətinə icazə verilməsi.

O, eləcə də Donbas ərazisinin neytral zonaya çevrilməsini, qoşunların geri çəkilməsini, cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasını və s. təklif edir. Onun müraciətində işğal olunmuş Krım və Cənubi Ukrayna məsələsindən ümumiyyətlə bəhs edilmir.
"Biz Rusiyanı məğlub edə bilmərik. Rusiya bizi məğlub edə bilməz. Gəlin danışaq", - Qonçarenko deyir.
Qeyd edək ki, Qonçarenko keçmiş prezident Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi Partiyası”ndan millət vəkilidir. Ancaq Zelenskiyə “Rusiyaya güzəşt” çağırışı edənlər arasında onun öz partiyasından – “Xalqın xidmətçisi” partiyasından olan deputatlar da var.
Məsələn, hakim partiyadan millət vəkili Danilo Getmantsev də Zelenskini güzəştə və sülhə çağırıb. Lakin o bunu daha çox iqtisadi zəminlə bağlayıb.
Həm də Parlamentin Maliyyə Komitəsinin sədri olan deputat hesab edir ki, iqtisadiyyatın mümkün qədər tez sabitləşdirilməsi, Ukraynaya investisiya qoyulması və bərpanın başlanması üçün şərait yaradılması lazımdır: "Həqiqətlə üzləşməliyik. Müharibə davam etdiyi müddətcə insanlar, müəssisələr və investorlar hətta yaxın gələcəyi belə düzgün planlaşdıra bilməzlər. Bunsuz nə investisiya, nə inkişaf, nə də tam bərpa ola bilər. Buna görə də, hətta bu il belə iqtisadiyyatımızın çökmə riski yüksəkdir. Məhz buna görə də danışıqların və sülhün gücləndirilməsi bizim əsas prioritetimiz olmalıdır".
Getmantsev həmçinin Ukraynada keçirilən rəy sorğularını qiymətləndirərək bildirib ki, "insanların əksəriyyəti çətin şərtlər altında danışıqları və sülhü, lakin müharibənin birdəfəlik sonunu təmin edəcək, ən azından ərazimizin və xalqımızın həyatı ilə bağlı yenidən bölünmənin qarşısını alacaq şərtlərlə sülhü dəstəkləyir".
Hakim partiyanın üzvü əlavə edib ki, həm xaricdən, həm də daxildən Zelenskiyə “ölkənin qorunması və qələbə qazanılması üçün lazım olan çətin qərarları qəbul etmək üçün zəmin yaradılmalıdır”. Yəni, bir növ güzəştə getməsi üçün Zelenskiyə dəstək verilməidir...
“Güzəşt və sülh” çağırışlarına qoşulanlardan biri də Xarkov şəhərinin meri İqor Terexovdur. Hətta keçmiş baş komandan Valeri Zalujnıya da qarşı çıxan Terexov, onun “Rusiya ilə sülhün siyasi və ya biznes müqavilələrinin mövzusu ola bilməyəcəyi” barədə fikirlərini tənqid edib.

Terexov ukraynalıların müharibəyə danışıqlar yolu ilə son qoymaq istəyini göstərən sorğu nəticələrinə istinad edib.
O, müharibənin Xarkova böyük dağıntılar və itkilər hesabına başa gəldiyini qeyd edib: "Daim müharibədə yaşamaq Ukrayna üçün mümkünsüzdür və müharibə “Ukraynanın gələcəyinə yeganə alternativ” kimi qəbul edilə bilməz. Mən bununla razı deyiləm. Özünü müdafiə etmək qabiliyyəti ölkənin və onun xalqının qorunmasına xidmət etməlidir. Biz öz dövlətimizdə yaşamaq, uşaq böyütmək və gələcək qurmaq imkanı uğrunda mübarizə aparırıq. Sülh arzusu heç bir əsaslandırma tələb etmir".
Qeyd etmək lazımdır ki, sorğular doğrudan da ukraynalıların müharibədən olduqca yorulduqlarını və bezdiklərini göstərir. Gələcək Tədqiqat Fondu tərəfindən aparılan son sorğunun nəticələrinə görə, ukraynalıların 51,7%-i müharibənin dayandırılması üçün ərazi güzəştlərinə razıdır. 41,3%-i torpaqların Rusiyaya verilməsinə qarşı çıxıb. Respondentlərin 72,2%-i Moskva ilə sülh danışıqlarını dəstəkləyib.

Müharibəyə son qoymaq üçün variantlar arasında respondentlərin 48,5%-i ərazi və ya siyasi güzəştlər də daxil olmaqla, kompromis və atəşkəs danışıqlarını seçib. Digər 24,6%-i ərazi itkisini etiraf etmədən mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların müvəqqəti olaraq dondurulmasını dəstəkləyib. Respondentlərin yalnız 18,6%-i Ukraynanın 1991-ci il sərhədləri bərpa olunana qədər müharibənin davam etdirilməsini dəstəkləyib. Bu göstəricilər ötən illərdəkindən xeyli fərqlidir və ukraynalıların yarıdan çoxunun sülh xatirinə ərazi güzəştlərinə razı olduğunu göstərir.
Bu arada, Zelenskiyə müraciət edən Qonçarenkonun “Avropa Həmrəylik Partiyası” onun bəyanatının deputatın şəxsi mövqeyi olduğunu açıqlayıb və bu müraciətlə razı omadığını bəyan edib.
"Sülh müharibəni dayandırmalıdır. Lakin sülh Ukrayna dövlətçiliyinin və kimliyinin təslim olması demək ola bilməz”, - deyə partiyanın bəyanatında deyilir.
Bu müraciətlərə Prezident Volodimir Zelenski də cavab verib. O, jurnalistlərin bu barədə sualına cavab verərkən bəyan edib ki, “Ukrayna öz maraqlarını Rusiyaya təslim edə bilməz, əks halda ölkə dağılacaq”.

Zelenski Ali Rada deputatlarının müharibəni dayandırmaq üçün Moskvaya güzəştlər tələb etmələrini bu cür şərh edib: "Dövlətimizin maraqlarından heç bir halda imtina etmək olmaz. Biz Rusiyaya əyilə bilmərik, çünki Ukraynanı sındıracaqlar. Danışıqlar prosesi əlbəttə ki, bu insanlardan(Zelenskiyə müraciət edənlərdən-red.) asılı deyil. Buna görə də Ukrayna xalqı arxayın ola bilər".
Zelenskinin cavabı və müxalif “Avropa Həmrəyliyi Partiyası”nın mövqeyi göstərir ki, Ukryana siyasi isteblişmenti hələlik təslimçilik çağırışlarına müsbət cavab verməyə hazır deyil və bunu əsaslandırmaq üçün önəmli arqumentlərə malikdir. Çünki doğrudan da, mümkün güzəştlər hələ müharibənin birdəfəlik sonuna və yeni hücumların olmayacağına təminat vermir.
Rusiya danışıqlara hazır olduğunu bildirməsinə baxmayaraq, öz tələbləri ilə bağlı heç bir güzəştə getmir. Xatırladaq ki, Rusiyanın şərtlərinə Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən çıxarılması, neytral və bitərəf status, məhdud sayda ordu, "denasifikasiya", rus dilinin və dini təşkilatların statusunda dəyişikliklər və s. daxildir. Bütün bunların qəbul edilməsi isə faktiki kapitulyasiya anlamına gəlir...
Cəlal Məmmədli
“AzPolitika.info”


Şərhlər