Menu

“Ölkəni tərk edin!” - ABŞ izahat tələb edir, taun təhlükəsi böyüyür

07.10.2026, 10:40
“Ölkəni tərk edin!” - ABŞ izahat tələb edir, taun təhlükəsi böyüyür

“ABŞ Dövlət Departamenti hazırda Rusiyada olan ABŞ vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırır. Rusiyaya səyahət etməyi planlaşdıran ABŞ vətəndaşlarına təhlükəsizlik və qanunsuz həbs problemləri səbəbindən səyahət etməmələri tövsiyə olunur".

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Rusiyadakı səfirliyi bu cür bəyanatla çıxış edib və pnevmonik taunun yayılması şübhəsilə bağlı məlumatlardan sonra İrkutsk bölgəsindəki vəziyyəti izlədiyini bildirib.

Səfirliyin veb saytında verilən açıqlamada deyilir: "ABŞ səfirliyi İrkutsk bölgəsindən ölümlə nəticələnən şübhəli pnevmonik taun hadisəsi, eləcə də İrkutskda əlaqəli karantin tədbirləri və xəstəxanaların bağlanması ilə bağlı media xəbərlərindən məlumatlıqdır. Vəziyyəti yaxından izləyirik. Səfirlik Rusiyada, xüsusən də Moskvadan kənarda ABŞ vətəndaşlarına yardım göstərmək üçün məhdud imkanlara malikdir". 

Səfirlik amerikalıları sağlamlıq və təhlükəsizlik səbəbləri ilə Rusiya Federasiyasının bölgələrinə səyahət etməməyə və ölkəni tərk etməyə çağırıb.

Bu arada "The Washington Post" qəzeti xəbər verir ki, ABŞ Rusiyaya İrkutsk bölgəsində aşkarlanan infeksiya ilə bağlı əlavə məlumat üçün rəsmi diplomatik sorğu göndərəcək. Nəşrin mənbələri bildiriblər ki, "diplomatik dildə demarş kimi tanınan rəsmi ABŞ sorğusu Rusiyaya beynəlxalq hüquqa uyğun olaraq xəstəliklərin yayılması barədə məlumatları digər dövlətlərlə dərhal paylaşmaq məcburiyyətində olduğunu xatırlatmaq məqsədi daşıyır".

Dövlət Departamentinin adı açıqlanmayan bir rəsmisi isə CNN-ə bildirib ki, ABŞ hakimiyyəti hələ ötən cümə günü Rusiya hökuməti, o cümlədən Xarici İşlər Nazirliyi ilə taun məsələsilə bağlı əlaqə saxlayıb. Administrasiya rəsmisinin sözlərinə görə, bu iş davam edir. O bildirib ki, ABŞ hakimiyyəti kəşfiyyat məlumatları toplamaq və diplomatik səylər vasitəsilə daha çox məlumat əldə etmək istəyir.

Dünən ABŞ Dövlət katibi Marko Rubio İrkutskdakı Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra Moskvadan şəffaflıq tələb edib: 

"Bir neçə qurum - təkcə ABŞ-də deyil, həm də beynəlxalq səviyyədə bunu izləyir. Biz Rusiyanı şəffaf olmağa və hər kəsin müvafiq şəkildə reaksiya verə bilməsi üçün dünyaya daha çox məlumat verməyə çağırırıq. Mən inanıram ki, Rusiya dünya ilə daha çox məlumat paylaşmalıdır".

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı dünən Rusiyanın İrkutskda taun xəstəliyi hallarının olmadığı barədə quruma məlumat verdiyini bildirib. Cenevrədəki brifinqdə ÜST nümayəndəsi Kristian Lindmeyer Rusiya hakimiyyətinin təşkilatın sorğusuna cavabını oxuyub: "Rusiya Federasiyasının İrkutsk şəhərində bu təhlükəli xəstəliyin bir dənə də olsun halı qeydə alınmayıb".

Xatırladaq ki, İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşı, 28 yaşlı Darya Şipilovanın 2 oktyabr gecəsi Şelexov Rayon Xəstəxanasında ölümü böyük ajiotaj yaradıb. Onun taundan öldüyü barədə şayiələr yayılıb. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev "xüsusilə təhlükəli infeksiya" barədə şübhələr olduğunu bəyan edib, lakin dəqiq diaqnozu açıqlamayıb.

Şipilovanın taun patogenini öyrəndiyi bildirilir. O, təbii taun ocaqlarından “Yersinia pestis” bakteriyalarının antibakterial dərmanlara həssaslığının öyrənilməsində iştirak edib. “Yersinia pestis” taun(vəba) xəstəliyinə səbəb olan bakteriyadır. Təbiətdə o, əsasən gəmiricilərdə, kiçik məməlilərdə olur və birələr vasitəsilə ötürülür. İnsanlar yoluxmuş birənin dişləməsi, yoluxmuş toxuma və bədən mayeləri ilə təmas və ya pnevmonik taun xəstəsinin xaric etdiyi damcıları nəfəs almaqla yoluxa bilərlər. Xəstəlik insandan insana hava damcıları vasitəsilə ötürülə bilər. Təcili müalicə olmadan xəstəlik tez bir zamanda ölümə səbəb ola bilir, lakin antibiotiklərin erkən istifadəsi xəstəni xilas edə bilər.

C.Məmmmədli

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol