Azərbaycanda kənd təsərrüfatı sektorunun idarə olunması və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addım atılır. Hazırlanan yeni “Aqrar sahə haqqında” qanun layihəsi qəbul ediləcəyi təqdirdə, sahəni tənzimləyən bir sıra ayrı-ayrı qanunlar – o cümlədən “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək. Digər xüsusi istiqamətlər üzrə qanunvericilik aktları isə qüvvədə qalacaq.
İqtisadçı-ekspert Eldəniz Əmirov yeni qanun layihəsinin əsas yeniliklərini və tətbiqi zamanı diqqət yetirilməli olan məqamları təhlil edib.
Layihə əvvəlki qanunvericilikdən nə ilə fərqlənir?
Ekspert yeni qanunun gətirdiyi mühüm dəyişiklikləri səkkiz əsas istiqamət üzrə ümumiləşdirib:
"Aqrar məhsul istehsalçılarının iqtisadi səmərəliliyi, resurslardan istifadəsi və dövlət dəstəyindən düzgün yararlanması qiymətləndiriləcək. Gələcəkdə dövlət dəstəyi məhz bu reytinq əsasında paylanılacaq;
Fermer məhsulu əkməzdən əvvəl alıcı ilə miqdarı, keyfiyyəti və qiyməti (və ya qiymətin müəyyənləşmə qaydasını) əvvəlcədən razılaşdıra biləcək ki, bu da satış risklərini minimuma endirəcək;
Məhsul bolluğu zamanı qiymətlərin kəskin düşməsinin qarşısını almaq üçün dövlət zərurət yaranarsa məhsul ala, ehtiyat yarada və saxlanc xərclərini subsidiyalaşdıra biləcək;
Kiçik və parçalanmış torpaq sahələrinin yaratdığı səmərəsizliyi aradan qaldırmaq məqsədilə vahid əkin imkanları və kooperativlər təşviq ediləcək;
Ənənəvi yarmarkalarla yanaşı, fermer mağazaları, səyyar satış yerləri, elektron platformalar və kooperativlərin öz satış şəbəkələrini qurması təmin olunacaq;
Subsidiyalar, güzəştli kreditlər, lizinq, qrantlar, dövlət investisiyaları, vergi-gömrük güzəştləri və aqrar sığorta mexanizmləri sistemləşdiriləcək;
Regionların aqrar ixtisaslaşması ilə dövlət dəstəyi əlaqələndiriləcək – hansı bölgədə hansı məhsulun yetişdirilməsi səmərəlidisə, dəstək də ona uyğun veriləcək;
Fermerlərin qeydiyyatı, dövlət xidmətləri və dəstək tədbirləri vahid rəqəmsal platformada cəmləşdiriləcək".
Ekspert haqlı olaraq vurğulayır ki, kağız üzərində nə qədər mükəmməl mexanizmlər yazılmasından asılı olmayaraq, əsas nəticəni tətbiq prosesi müəyyən edir.
"Uğurlu nəticə əldə etmək üçün aşağıdakı şərtlər ödənməlidir:
-Tətbiq qaydaları tam dəqiq olmalı, mərkəzi icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü dəqiq müəyyənləşdirilməlidir;
-Fermerlər üçün prosedurlar maksimum sadə və anlaşıqlı olmalıdır;
-Regionlarda yarana biləcək hər hansı özbaşınalıq və ya subyektiv yanaşma hallarına qarşı sərt nəzarət mexanizmi işləməlidir;
-Mərkəzi qurumların qərarları ilə yerlərdə fermerin üzləşdiyi praktiki reallıq üst-üstə düşməlidir".
Ekspert hesab edir ki, əgər icra mexanizmləri şəffaf və işlək olarsa, yeni qanun aqrar sahədə məhsuldarlığın, investisiyaların və fermer gəlirlərinin artmasına mühüm töhfə verəcək. Əks təqdirdə, gözlənilən iqtisadi effekti əldə etmək çətin olacaq.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər