ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə İrkutsk vilayətində mümkün taun xəstəliyi ilə bağlı vəziyyəti müzakirə edəcəyini açıqlayıb. Vaşinqton Moskvaya yardım təklif etsə də, Rusiya tərəfi diaqnozu təkzib edir.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını və bu söhbət zamanı İrkutsk vilayətində mümkün taun təhlükəsi ilə bağlı vəziyyətin müzakirə olunacağını bildirib. AFP agentliyinin məlumatına görə, Tramp bu mövzunu hələlik Putinlə müzakirə etmədiyini, lakin təmasın planlaşdırıldığını qeyd edib.
Daha əvvəl ABŞ lideri Rusiyaya bu məsələdə hər cür yardım göstərməyə hazır olduqlarını bəyan etmişdi. ABŞ-nin dövlət katibi Marko Rubio da Vaşinqtonun İrkutsk vilayətindən gələn xəbərləri izlədiyini, lakin hələlik yeni məlumatların olmadığını və "təşviş üçün heç bir səbəb olmadığını" bildirmişdi.
Oktyabrın 6-da ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində ağciyər taununun mümkün ehtimalı və tətbiq olunan karantin tədbirləri ilə əlaqədar Amerika vətəndaşlarına xəbərdarlıq yaymışdı.
Diplomatik missiya ABŞ vətəndaşlarına karantinə alınan obyektlərdən uzaq durmağı, hərarət və ya tənəffüs yolları simptomları yarandıqda dərhal tibbi yardım axtarmağı tövsiyə edib.
Səfirlik həmçinin Dövlət Departamentinin ABŞ vətəndaşlarına Rusiya ərazisini tərk etmək barədə qüvvədə olan xəbərdarlığını bir daha xatırladıb.
İrkutsk vilayətində mümkün ağciyər taunu ilə bağlı xəbərlər Şelixov şəhər xəstəxanasında İrkutsk Taunəleyhinə İnstitutunun əməkdaşının ölümü ilə bağlı xəbərlərdən sonra yayılıb. Bir sıra KİV mənbələrinə istinadən ölüm səbəbinin ağciyər taunu ola biləcəyini və xəstə ilə təmasda olan şəxslərin nəzarətə götürüldüyünü iddia etmişdi. Lakin hələlik bu diaqnozun rəsmi təsdiqi yoxdur.
Öz növbəsində, Rusiyanın federal xidməti olan "Rospotrebnadzor" ölümün səbəbinin taun deyil, "mənşəyi məlum olmayan sətəlcəm (pnevmoniya)" olduğunu bəyan edib.
“AzPolitika.info”


Şərhlər