Menu

“Müharibəni bizə Tanrı göndərib” - Məşhur rusiyalı rejissordan qəribə açıqlama

08.10.2026, 11:20
“Müharibəni bizə Tanrı göndərib” - Məşhur rusiyalı rejissordan qəribə açıqlama

Tanınmış rusiyalı kinorejissor və son illər Kremlə xüsusi yaxınlığı ilə seçilən Nikita Mixalkov qəribə açıqlama verib.

“AzPolitika” xəbər verir ki, “RT” kanalına danışan rejissorun dediyinə görə, Ukrayna ilə müharibə Rusiyaya Tanrı tərəfindən göndərilib. Onun fikrincə, müharibə ona görə göndərilib ki, ruslar öz dəyərlərini yenidən nəzərdən keçirsinlər. 

Rejissorluqdan çox təbliğatla məşğul olan Mixalkov hesab edir ki, bu hadisələr cəmiyyəti "oyanmağa" və həyatda həqiqətən nəyin vacib olduğunu anlamağa məcbur etmək üçün nəzərdə tutulub: "Başa düşürəm ki, bu ifadə olduqca qəribədir, amma Tanrı bizə “SVO”nu göndərib ki, oyanaq, əsl dəyərlərin nə olduğunu anlayaq".

Rejissor "əsl dəyərlər"dən bəhs edərkən xüsusilə həyatdan həddindən artıq zövq almağa qarşı olduğunu qeyd edib. Onun sözlərinə görə, həyat "əyləncənin miqdarı və keyfiyyəti" ilə ölçülməyə başlayanda bu təhlükəlidir.

Lakin Mixalkovun özü “həyatdan zövq alması” ilə xüsusi olaraq seçilir. O, Rusiya televiziya təbliğatçıları arasında hazırda ən varlısıdır: "Rossiya" kanalındakı "Besoqon" verilişinin aparıcılığına görə o, ildə 270 milyon rubldan artıq(3 milyon dollardan çox) pul qazanır. Bundan əlavə, mediaya sızdırılan məlumata görə, Mixalkovun təkcə müxtəlif bank hesablarında 2,5 milyard rubldan(təxminən 30 milyon dollar) çox pul var. Üstəlik, xeyli sayda malikanələrə və digər varidata malikdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol