Son illər Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlar, xüsusilə əlilliyin təyinatı mexanizmlərində baş verən dəyişikliklər cəmiyyətin diqqət mərkəzindədir. Rəsmi statistika və cari ilin göstəriciləri göstərir ki, ölkədə əlilliyi olan şəxslərin ümumi sayında, eləcə də illik təyinat dinamikasında nəzərəçarpacaq dərəcədə azalma tendensiyası hökm sürür.
Rəsmi statistikaya əsasən, son illərdə ölkədə əlilliyi olan şəxslərin ümumi sayında əhəmiyyətli eniş qeydə alınıb. Məsələn, əvvəlki illərdə (2021-ci ildə) bu rəqəm 614 min nəfərdən çox idisə, sonrakı dövrlərdə rəqəmlər təxminən 498 min nəfərə qədər enib. Bu da sistemin sərtləşməsi fonunda 116 mindən çox azalma deməkdir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində cəmi 40 minədək şəxsə əlillik təyin edilib ki, bunun 16,3 mini ilkin, 23,6 mini isə təkrar təyinatdır. Təyinatdan sonra e-sistem üzərindən proaktiv sosial ödənişlər həyata keçirilsə də, ümumi rəqəmlərdəki bu kəskin azalmanın arxasında dayanan obyektiv səbəblər və cəmiyyətdə doğurduğu narahatlıqlar ciddi müzakirə mövzusudur.
Xatırladaq ki, Azərbaycanda əlillərin sayının azalma tendensiyasının əsas təməli məhz 1 iyul 2022-ci il tarixindən etibarən tətbiq olunan yeni meyarlara dayanır. Həmin vaxtdan etibarən əlilliyin qiymətləndirilməsində tamamilə yeni qaydalar qüvvəyə mindi:
Köhnə mexanizmlərdə xəstəliyin adı (diaqnoz) əlillik üçün əsas ola bilirdisə, yeni sistem Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Funksionallıq Təsnifatına əsaslandı və orqanizmin funksiyalarının pozulma dərəcəsi (31-100%) əsas götürüldü.
Həmçinin yüngül və orta dərəcəli funksiya pozuntuları olan şəxslərin əlillik dairəsindən kənarda qalması ümumi rəqəmlərdə təbii azalma yaratdı.
Məsələnin ən ağrılı və həssas tərəfi isə hərbi travmalardan və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, xüsusilə müharibə əlillərinə münasibətdə özünü büruzə verir. Belə ki, yeni qaydaların tətbiqindən sonra minlərlə şəxs, o cümlədən 1000-dən artıq Qarabağ əlili müavinətdən məhrum edilib.
Onların bir çoxu hazırda 60-70 yaşlarında olan və I Qarabağ müharibəsində yaralanan şəxslərdir. Yaşlaşdıqca orqanizmin təbii qocalma prosesi illər əvvəl alınmış ağır hərbi travmaların, qəlpə yaralarının və xroniki xəstəliklərin üzərinə gəlir. Lakin mexaniki və sərt faiz meyarları bu ahıl insanların real həyatdakı ağır durumunu nəzərə ala bilmir.
Ahıl yaşda, ağır sağlamlıq problemləri ilə üz-üzə qalan bu insanların əsas gəlir mənbəyi məhz həmin müavinətlər idi. Məlum məsələdir ki, yaşlı nəslin nümayəndələri aldıqları vəsaitin çox hissəsini gündəlik tələbatdan əlavə, dava-dərmana və tibbi xərclərə yönəldirlər.
Yeni meyarlar səbəbindən onların sosial müdafiədən məhrum edilməsi bu qəbildən olan insanların həyat şəraitini daha da ağırlaşdırır, onları təkbaşına tibbi dəstəkdən məhrum qoyur.
Prosesin tamamilə elektron sistem üzərindən, insan amilindən kənar həyata keçirilməsi korrupsiyanın qarşısını alsa da, eyni zamanda fərdi yanaşmanı aradan qaldırıb. Kağız üzərindəki faizlər insanın gündəlik həyatda çəkdiyi ağrıları, əmək qabiliyyətinin olmamasını və sosial dəstəyə real ehtiyacını əks etdirməkdə çətinlik çəkir.
Statistikada 116 mindən çox azalma və cari ilin göstəriciləri kağız üzərində islahatların miqyasını göstərsə də, prosesin insani və sosial tərəfləri ciddi narahatlıq doğurur. Əlilliyin qiymətləndirilməsi mexanizmləri təkmilləşdirilərkən, xüsusilə ahıl yaşda olan I Qarabağ müharibəsi əlillərinin və ağır xəstələrin sosial təminatı diqqətdən kənarda qalmamalı, onların humanitar və sosial müdafiəsi təmin olunmalıdır.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər