Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov millət vəkili seçildiyi Salyan rayonunda şəhid ailələrinə baş çəkib.
“AzPolitika” xəbər verir ki, millət vəkili Birinci Qarabağ müharibəsi zamanı iki övladını itirmiş şəhid anasını ziyarət edib: “Şəhid Əliyev Xeyrəddin və itkin düşmüş Əliyev Hicranın anası Gülü ananı ziyarət edərək, dərdinə şərik olmağa çalışdıq. Bir ana üçün övlad itkisi qədər ağır dərd yoxdur. Övladlarından birinin şəhidlik zirvəsinə ucalması, digərinin isə taleyinin hələ də naməlum qalması Gülü ananın illərdir qəlbində daşıdığı ağrını daha da dərinləşdirir.
İllər keçsə də, müharibənin açdığı yaralar, itkin düşmüş insanların həsrəti və şəhid analarının ürəyindəki nisgil unudulmur. Hər bir şəhid ailəsinin taleyində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda verilmiş qurbanların acı, eyni zamanda, qürurverici tarixçəsi yaşayır”.
Millət vəkili qeyd edib ki, Gülü ana kimi anaların qarşısında hər birimizin mənəvi borcu var. Onların dərdinə şərik olmaq, qayğıları ilə maraqlanmaq, xatirələrini yaşatmaq və heç zaman tək olmadıqlarını hiss etdirmək həm insani, həm də vətəndaşlıq məsuliyyətimizdir.
“Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!”, - millət vəkili sosial şəbəkə hesabında yazıb.
“AzPolitika.info”


Şərhlər