ABŞ Konqresinin Nümayəndələr Palatasının hər iki partiyasını təmsil edən 20 üzvü konqresmenlər Don Beykon, Pet Rayan və Gil Sisnerosun rəhbərliyi ilə Prezident Donald Trampa müraciət edərək Rusiyanın Mayamidə keçiriləcək G20 sammitinə dəvətinin geri çağırılmasını istəyiblər.
"AzPolitika" xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
Konqresmenlər tələblərinə əsas səbəb kimi Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini, eləcə də Moskvanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri göstəriblər. Qeyd olunur ki, həmin məlumatlardan 12 amerikalı hərbçinin yaralanması ilə nəticələnən hücum zamanı istifadə edildiyi ehtimal olunur. Konqresmen Don Beykon Raufoğlunun paylaşımını “Rusiyanı Amerikada xoş qarşılamırlar” sözləri ilə yenidən yayımlayıb.
Konqresmenlərin Trampa ünvanladıqları müraciətdə deyilir: “Bu ilin dekabrında Mayamidə keçirilməsi planlaşdırılan “Böyük İyirmilik” (G20) sammitinə Rusiyanı dəvət etməyinizlə bağlı ciddi narahatlığımızı ifadə etmək üçün yazırıq və bu dəvəti dərhal geri çağırmağa çağırırıq. Rusiya dörd ildən artıqdır ki, Ukraynaya qarşı əsassız işğala başlamaqla kifayətlənməyib, indi də onun İrana peyk görüntüləri və müvafiq kəşfiyyat məlumatları ötürdüyünə dair narahatedici xəbərlər daxil olur.
Bu məlumatlar İranın ABŞ qüvvələrinə, o cümlədən martın sonunda Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına zərbələr endirməsinə kömək edə bilərdi. Məlumatlara görə, həmin hücum nəticəsində on iki amerikalı hərbçi yaralanıb, uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə sisteminə (AWACS) malik təyyarə isə məhv edilib”.
Müraciətdə həmçinin vurğulanıb ki, Rusiya ilə iqtisadi əməkdaşlıq və ya müzakirələr üçün uyğun vaxt deyil: “Ədalətsiz müharibənin dayandırılması ilə bağlı müzakirələr istisna olmaqla, istər G20 sammiti çərçivəsində, istərsə də hər hansı digər platformada Rusiya ilə dialoq aparmağın vaxtı deyil. Biz həm amerikalı hərbçilərin, həm də Ukrayna xalqının zərər çəkdiyi bu addımlara görə Rusiyanın məsuliyyət daşımasına nail olmalıyıq”.
Xatırladaq ki, Mayamidə keçiriləcək G20 sammiti dekabr ayında baş tutacaq. Sentyabr ayında ABŞ dövlət katibi Marko Rubio Rusiyaya sammitə dəvət göndərildiyini bildirmişdi. Bununla belə, üç avropalı rəsmi "Azadlıq Radiosu"na açıqlamasında Rubionun qapalı söhbətlərdə Rusiya tərəfinin bu dəvəti qəbul edəcəyinə şübhə ilə yanaşdığını qeyd edib.
"AzPolitika.info"


Şərhlər