Azərbaycan hər zaman, xüsusilə də Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib.
"AzPolitika" xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciətində qeyd edilib.
Dövlət başçısı deyib ki, tarixi İpək Yolunun mərkəzində yerləşən Türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olub:
"Xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır. Ötən il Bişkek şəhərində keçirilmiş ilk görüş bu sahədə atılmış əhəmiyyətli addım idi".


Şərhlər