Polonya polisi və kəşfiyyat xidmətləri Başbakan Donald Tusk və müdafiə naziri Uladzislau Kosiinyak-Kamışa qarşı planlaşdırılan sui-qəsd cəhdi barədə məlumat əldə edib.
“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, bu təhlükə ilə əlaqədar olaraq ölkənin daxili işlər və kəşfiyyat xidmətlərinin koordinasiya naziri dərhal təcili toplantı çağırıb.
Hələlik planın kim tərəfindən hazırlandığı, nə vaxt həyata keçirilməsinin nəzərdə tutulduğu və ya hər hansı şübhəlinin saxlanılıb-saxlanılmadığı barədə rəsmi açıqlama verilməyib. Lakin bu xəbər Avropa ölkələrində Rusiya xüsusi xidmət orqanlarının aktivləşməsi fonunda ciddi təşviş yaradıb.
Qeyd edək ki, bundan əvvəl "Financial Times" qəzeti beş Avropa kəşfiyyat xidmətinin məlumatına istinadən bildirmişdi ki, Rusiya Avropanın müdafiə şirkətlərinin, xüsusilə də PUA istehsal edən kiçik müəssisələrin rəhbərlərinə qarşı sui-qəsd hazırlıqlarını gücləndirib. Almaniya əks-kəşfiyyatı da Rusiyanın dövlət strukturları və ya onların nəzarətində olan cinayətkar ünsürlər vasitəsilə ayrı-ayrı şəxslərə qarşı zorakılıq aktları planlaşdırdığını təsdiqləyib.
Oktyabrın 7-də Danimarka polis kəşfiyyatının analitiki Yosefin Kristensen də Ukraynaya hərbi təchizat həyata keçirən Danimarka şirkətlərinə qarşı təxribat əməliyyatlarının başladığını açıqlamışdı. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı əsasən sosial şəbəkələr, xüsusilə də Telegram vasitəsilə cəlb edilən, aralarında evsizlərin və narkomanların da olduğu hazırlıqsız agentlərdən istifadə edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər