Oktyabrın 12-si səhər saatlarında Rusiya qoşunları Ukraynanın müxtəlif bölgələrinə dron və raketlərlə kütləvi zərbələr endirib. Hücumlar nəticəsində mülki infrastruktur və yaşayış binaları ciddi dağıntılara məruz qalıb, xəsarət alanlar var.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıblar.
Ən ağır zərbələrdən biri Xarkova dəyib. Şəhər meri İqor Terexov bildirib ki, işğalçılar Kiyev rayonunda çoxmərtəbəli yaşayış binasını pilotsuz uçuş aparatıyla (PUA) hədəfə alıblar. Hücum nəticəsində binanın bir blokunda 7-ci mərtəbədən 9-cu mərtəbəyə qədər olan mənzillər tamamilə dağılıb, güclü yanğın baş verib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Hazırda ərazidə xilasetmə və axtarış işləri davam etdirilir.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə digər bir dronun idman müəssisəsinin binasına düşdüyünü açıqlayıb.
Odesa vilayət vilayət Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, hücum nəticəsində "Yeni poçt" şirkətinin binalarına ziyan dəyib. Xoşbəxtlikdən, ölən və ya yaralanan yoxdur, ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Dnipropetrovsk vilayətinin Pavloqrad rayonunda yerləşən müəssisələrdən birində pilotsuz uçuş aparatının zərbəsi nəticəsində genişmiqyaslı yanğın baş verib. Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib ki, yanğın qısa müddətdə söndürülüb. Zərər çəkmiş müəssisənin təyinatı hələlik açıqlanmır.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya tərəfi Ukrayna ərazisinə X-59 raketi və 121 PUA buraxıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin çevik cavab tədbirləri nəticəsində 89 düşmən dronu zərərsizləşdirilib. Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynanın liman infrastrukturu və gəmilərinə zərbələrin davam etdirildiyini açıqlayıb. Rusiya tərəfi Odessaya doğru hərəkət edən və guya "hərbi təyinatlı yük" daşıyan quru yük gəmisinin vurulduğunu iddia edir.
“AzPolitika.info”


Şərhlər