Menu

Səudiyyə ehtiyat neftini Sinqapurda saxlayacaq – Razılaşma imzalanıb

26.10.2026, 14:54
Səudiyyə ehtiyat neftini Sinqapurda saxlayacaq – Razılaşma imzalanıb

Səudiyyə Ərəbistanı və Sinqapur Yaxın Şərqdə potensial böhranlar və tədarük fasilələri zamanı Cənub-Şərqi Asiyanı fasiləsiz enerji ilə təmin etmək məqsədilə mühüm razılaşma imzalayıblar.

Sinqapurun Ticarət və Sənaye Nazirliyinin məlumatına əsasən, tərəflər 2027-ci ilin ikinci yarısından etibarən Səudiyyə neftinin Sinqapurun Curonq adasındakı eyniadlı yeraltı rezervuarlarında saxlanılması barədə razılığa gəliblər.

Layihə ticarət yollarında və ya Yaxın Şərqdə baş verə biləcək hər hansı tədarük pozuntuları zamanı Sinqapurun daxili ehtiyaclarını qarşılamağa və Cənub-Şərqi Asiya regionunun neft təchizatı zəncirini qorumağa xidmət edəcək.

Oktyabr ayında Manilada keçirilən görüşdə Səudiyyə Ərəbistanı və BƏƏ Yaponiyanın təcrübəsindən istifadə edərək ASEAN ölkələrinə strateji neft ehtiyatları yaratmağa kömək etməyə hazır olduqlarını bildiriblər. Yaponiya modelinə əsasən, ixracatçılar ehtiyatlarını həmin ölkələrdə saxlayır, böhran zamanı isə həmin ölkələr neftə ilkin hüquqla yiyələnirlər.

Daxili ehtiyatları çox cüzi olan Cənub-Şərqi Asiya ölkələri Körfəz regionundakı gərginliklərdən asılı olaraq xammal qıtlığı riski ilə üz-üzə qalmasın deyə bu cür təşəbbüslərə xüsusi önəm verirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol