Menu

Bahalı rəsm və heykəllərə 950 min manat ödənib

26.10.2026, 14:25
Bahalı rəsm və heykəllərə 950 min manat ödənib

Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrdən 187 orijinal heykəl idxal edib. Onların ümumi gömrük dəyəri 445.63 min ABŞ dolları (757.6 min manat) təşkil edib.

"AzPolitika" xəbər verir ki, bu məbləğin 749.3 min manatı Böyük Britaniya və İtaliyadan gətirilən cəmi beş heykələ ödənilib.

Belə ki, Böyük Britaniyadan idxal olunan dörd heykəlin ümumi dəyəri 309.96 min dollar (526.9 min manat) təşkil edib. Bu da hər heykəl üçün orta hesabla 131.7 min manat deməkdir.

İtaliyadan isə bir heykəl gətirilib. Onun gömrük dəyəri 130.81 min dollar (222.4 min manat) olub.

Bu iki ölkədən alınan beş heykəl sayca ümumi idxalın cəmi 2.7 faizini təşkil etsə də, dəyər baxımından payı təxminən 99 faizə çatıb.

Çindən gətirilən heykəllərin sayı isə daha çox olub. Bu ölkədən 175 heykəl idxal edilib. Lakin onların hamısının ümumi gömrük dəyəri 3 080 dollar (5 236 manat) göstərilib. Hesablamaya görə, Çindən alınan bir heykəlin orta dəyəri təxminən 30 manat olub.

Yaponiyadan da yeddi heykəl gətirilib.

Eyni dövrdə Azərbaycandan xaricə iki orijinal heykəl ixrac olunub. Onların ümumi gömrük dəyəri 4740 dollar (8058 manat) təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan xarici ölkələrdən 132 rəsm əsəri və pastel də idxal edib. Onların ümumi gömrük dəyəri 110.68 min ABŞ dolları (188.2 min manat) olub.

Ən bahalı rəsm əsəri Almaniyadan gətirilib. Bu ölkədən alınan bir əsərin gömrük dəyəri 58.07 min dollar (98.7 min manat) göstərilib.

Rusiyadan isə 38 rəsm əsəri idxal olunub. Onların ümumi dəyəri 35,04 min dollar (59.6 min manat) təşkil edib. Hesablamaya görə, bu ölkədən gətirilən bir əsərin orta gömrük dəyəri 1568 manat olub.

ABŞ-dən alınan 14 rəsm əsərinin ümumi dəyəri isə 490 dollar (833 manat) göstərilib. Bu da hər əsər üçün orta hesabla 60 manata yaxın məbləğ deməkdir.

Almaniyadan gətirilən bir rəsm əsərinin gömrük dəyəri ABŞ-dən alınan 14 əsərin ümumi dəyərindən təxminən 119 dəfə çox olub.

Eyni dövrdə Azərbaycandan xaricə 328 rəsm əsəri və pastel ixrac edilib. Onların ümumi gömrük dəyəri 70,69 min dollar (120.2 min manat) təşkil edib.

Qeyd edək ki, Azərbaycan xaricə idxal etdiyindən təxminən iki dəfə yarım çox rəsm əsəri satsa da, idxala daha çox vəsait xərclənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol