İspaniyada iki sürət qatarının toqquşması ağır faciə ilə nəticələnib. Qəza nəticəsində azı 39 nəfər həlak olub, onlarla insan yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
"AzPolitika" xəbər verir ki, qatarlar Madridlə Əndəlüs istiqamətində hərəkət edərkən toqquşub. Hadisə yerli vaxtla saat 09:10 radələrində qeydə alınıb.
Məlumata əsasən, toqquşmanın gücü nəticəsində qatarların vaqonları relsdən çıxıb. Vaqonlardan ikisinin yamacdan aşağı yuvarlandığı bildirilir.
Qəza iştirakçılarından biri İspaniyanın dövlətə məxsus “Renfe” şirkətinin, digəri isə İtaliyanın “Iryo” şirkətinin istismar etdiyi sürət qatarı olub.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralıların təxliyəsi və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, bu faciə İspaniyada sürətli dəmir yolu nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Yanvar ayında Əndəlüs bölgəsində, Adamus yaxınlığında baş verən digər qatar qəzasında 46 nəfər həlak olmuşdu.


Şərhlər