Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin iclasında müzakirəyə çıxarılan yeni – “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. Bu qanuna dəyişiklik hansı müsbət nəticələrə gətirib çıxara və dövlət büdcəsi üçün nə kimi üstünlüklər qazandıra bilər?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki,
Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərdən və digər dövlət əmlakından istifadə qaydalarının sərtləşdirilməsi dövlət vəsaitlərinə qənaət, şəffaflığın artırılması və idarəetmədə məsuliyyətin gücləndirilməsi baxımından mühüm addımdır:
"Yeni qanunvericilik təşəbbüsü dövlət resurslarından şəxsi maraqlar naminə istifadənin qarşısını almaqla yanaşı, büdcə xərclərinin daha səmərəli idarə olunmasına, dövlət əmlakının qorunmasına və cəmiyyətdə ədalət prinsipinin möhkəmlənməsinə töhfə verə bilər. Layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə, xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. İlk növbədə xidməti avtomobillərdən təyinatı üzrə istifadə olunmasına nəzarətin gücləndirilməsi dövlət xərclərinin azalmasına şərait yaradacaq. Belə ki, avtomobillərin yanacaq sərfiyyatı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alınması və digər istismar xərcləri dövlət büdcəsi hesabına qarşılanır. Nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadəsinin məhdudlaşdırılması bu xərclərin optimallaşdırılmasına imkan verəcək".
Ekspert əlavə edib ki, digər tərəfdən dövlət əmlakından istifadəyə dair vahid və şəffaf qaydaların tətbiqi vəzifəli şəxslərin məsuliyyətini artıracaq:
"Dövlət resurslarının yalnız xidməti zərurət yarandıqda istifadə olunması həm idarəetmədə intizamı gücləndirə, həm də ictimai vəsaitlərin qorunmasına xidmət edə bilər. Qanun layihəsinin əhəmiyyətli tərəflərindən biri də maraqlar toqquşmasının qarşısının alınmasıdır. Dövlət vəzifəsi şəxsi üstünlüklər əldə etmək vasitəsinə çevrilməməli, vəzifəli şəxslər onlara həvalə olunan resurslardan yalnız qanunla müəyyənləşdirilən məqsədlər üçün yararlanmalıdırlar. Bu prinsipin praktikada tətbiqi dövlət idarəçiliyində şəffaflığın yüksəlməsinə və korrupsiya risklərinin azalmasına kömək edə bilər. Dövlət büdcəsi baxımından mümkün üstünlüklər yalnız yanacaq və avtomobil xərclərinə qənaətlə məhdudlaşmır. Dövlətə məxsus kompüterlərin, rabitə vasitələrinin, ofis avadanlıqlarının və digər maddi resursların şəxsi məqsədlər üçün istifadəsinin qarşısının alınması da əlavə xərcləri azaldacaq. Qənaət olunan vəsaitlərin sosial müdafiə, səhiyyə, təhsil, infrastruktur və digər ictimai əhəmiyyətli sahələrə yönəldilməsi üçün imkanlar genişlənə bilər".
Asif İbrahimov əlavə edib ki, bununla belə, qanunvericilik dəyişikliyinin real nəticələri onun icra mexanizmlərindən asılı olacaq:
"Xidməti avtomobillərin istifadəsinə dair dəqiq meyarların müəyyənləşdirilməsi, yanacaq sərfiyyatının uçotunun aparılması, avtomobillərin hərəkətinə nəzarət və qayda pozuntularına görə məsuliyyət tədbirlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, xidməti zərurətdən irəli gələn səfərlərlə şəxsi məqsədli istifadənin fərqləndirilməsi vacibdir. Burada əsas məqsəd vəzifəli şəxslərin xidməti fəaliyyətinə mane olmaq deyil, dövlət resurslarından səmərəli və təyinatına uyğun istifadəni təmin etməkdir. Çünki xidməti avtomobillər müəyyən vəzifələrin icrası üçün zəruri vasitədir. Lakin bu imkanlardan şəxsi rahatlıq və üstünlük əldə etmək məqsədilə istifadə olunması dövlət vəsaitlərinin idarəsində səmərəlilik prinsipinə ziddir. Qanunun tətbiqi dövlət əmlakının qorunması ilə yanaşı, cəmiyyətdə dövlət vəsaitlərinə münasibətin dəyişməsinə də müsbət təsir göstərəcək. Vətəndaşlar büdcədən ayrılan vəsaitlərin necə xərcləndiyinə daha həssas yanaşır və dövlət qurumlarının fəaliyyətində şəffaflıq gözləntiləri artır. Bu baxımdan, vəzifəli şəxslərin dövlət resurslarından istifadə qaydalarına əməl etməsi ictimai etimadın möhkəmlənməsinə də töhfə verəcək. Nəticə etibarilə, “Maraqlar toqquşması haqqında” qanun layihəsində nəzərdə tutulan məhdudiyyətlər dövlət və bələdiyyə əmlakından istifadədə məsuliyyətin artırılması, büdcə xərclərinin optimallaşdırılması və korrupsiya risklərinin azaldılması baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilə bilər. Əsas məsələ isə nəzərdə tutulan qaydaların bütün müvafiq vəzifəli şəxslərə eyni prinsiplərlə tətbiq edilməsi və onların icrasına effektiv nəzarətin təmin olunmasıdır. Məhz bu halda qanunvericilik təşəbbüsü kağız üzərində qalan müddəa deyil, dövlət idarəçiliyində real nəticələr yaradan mexanizmə çevrilə bilər".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər