Menu

"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

31.10.2026, 21:41
"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşımı kimi göstərilməsi, ardınca isə Türkiyəyə ünvanlanmış mesaj axtarışına çıxılması jurnalistikanın elementar yoxlama prinsipləri ilə uzlaşmır.

Əvvəlcə ən sadə faktı xatırladaq: Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.

"AzPolitika" Oxu.Az-a istiandla xəbər verir ki, bu barədə artıq oxucularla məlumat paylaşılıb. Deməli, həmin platformada yayılan videonu "Azərbaycan Prezidentinin paylaşımı" adlandırmaq üçün əsas yoxdur.

Buna baxmayaraq, "Milli Gazete" və "Sonsöz" kimi nəşrlərdə sözügedən video İlham Əliyevin "rəsmi "TikTok" hesabı"ndan paylaşılmış material kimi təqdim olunub. Beləliklə, mövcud olmayan rəsmi hesaba istinad xəbər mətnlərinə yol tapıb. Sosial şəbəkələrdə isə bu təqdimat daha da irəli aparılaraq videonun Türkiyəyə mesaj olub-olmadığı müzakirəyə çıxarılıb.

Halbuki səsləndirilən sözlərin mənbəyi də, tarixi də, konteksti də məlumdur.

Videoda istifadə olunan ifadələr Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində yer alır. Dövlət başçısı həmin çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, Ermənistanın məğlubiyyətindən və üçtərəfli bəyanatdan danışırdı. Azərbaycan xalqının səbri ilə oynamağın nəticələri barədə xəbərdarlıq da məhz bu kontekstdə səslənib. Çıxışın tam mətni Prezidentin rəsmi saytında açıq şəkildə yerləşdirilib. Bu sözləri bugünkü Türkiyə gündəminə ünvanlanmış yeni bəyanat kimi təqdim etmək onların tarixi mənasını təhrif edir.

Bu məlumatı yoxlamaq üçün xüsusi araşdırmaya ehtiyac yox idi. Hesabın rəsmiliyini dəqiqləşdirmək və çıxışın ilkin mənbəyini tapmaq kifayət edərdi.

Bu gün istənilən istifadəçi sosial şəbəkədə hesab aça, Prezidentin görüntülərini yerləşdirə, üzərinə başqa tarixdəki çıxışından səs əlavə edə və istədiyi başlığı yaza bilər. Videonun üzərinə yeni tarix qoyulması çıxışı yeniləmir. Paylaşımın çox baxış toplaması onu rəsmi bəyanata çevirmir. Hesabın adında Prezidentin adının, profilində isə şəklinin olması həmin səhifəyə dövlət başçısının adından danışmaq səlahiyyəti vermir.

Adi istifadəçinin səhvini peşəkar media təkrarlayanda yanlış məlumat daha geniş auditoriyaya çatır və xəbər statusu qazanır. Buna görə böyük media qurumlarının, jurnalistlərin və çoxsaylı izləyicisi olan hesabların məsuliyyəti daha böyükdür.

Oxu.Az Türkiyənin bəzi media resurslarının bu məsələdə nümayiş etdirdiyi yanaşmanı məsuliyyətsiz hesab edir. Azərbaycan Prezidentinə aid materialı yoxlamadan yaymaq, sonra da onun üzərində dövlətlərarası münasibətlərə dair mülahizələr qurmaq qəbuledilməzdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər barədə danışanlardan xüsusilə dəqiqlik və təmkin gözlənilir.

Prezidentin hansısa ölkəyə mesaj verdiyini iddia edən media əvvəlcə həmin mesajın həqiqətən Prezident tərəfindən verildiyini yoxlamalıdır.

Dövlət başçısının rəsmi "Instagram", "YouTube", "Facebook" və "X" hesablarına keçidlər president.az saytında yerləşdirilib. Etibarlı məlumat üçün müraciət ediləcək ünvanlar açıqdır.

Türkiyədəki həmkarlarımızı və geniş auditoriyaya malik sosial şəbəkə istifadəçilərini belə materiallara məsuliyyətlə yanaşmağa çağırırıq. Yanlış məlumatı yayan redaksiyalardan isə xəbərlərini düzəltmələrini və oxucularına aydın izah vermələrini gözləyirik.

Auditoriyaya hörmət yoxlanılmış məlumatdan başlayır. İllər əvvəlki çıxışdan bugünkü qarşıdurma üçün başlıq düzəltmək peşəkar jurnalistikaya yaraşmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol