Səkkiz aydan çoxdur davam edən və ABŞ-də yanacaq qiymətlərinin rekord həddə çatmasına səbəb olan İranla müharibə Donald Trampa və Respublikaçılara baha başa gəlir. Nəticədə Trampın partiyasının aralıq konqres seçkilərində uduzmaq ehtimalı yüksəkdir.
“AzPolitika” xəbər verir ki, “The Atlantic” nəşri Trampın İrandakı uğursuzluğa görə məsuliyyəti öz komandasının bəzi üzvlərinin üzərinə yıxmağa hazırlaşdığını yazıb.
Söhbət Trampın özünün təkidlə təyin etdiyi müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyndən gedir. Nəşr öz mənbələrinə istinadla qedyd edir ki, Tramp onların fəaliyyətini qiymətləndirmək üçün köməkçiləri ilə müzakirələrə başlayıb. Bu barədə prezidentə yaxın iki müstəqil məsləhətçi “The Atlantic”-ə bildirib.
“Məsuliyyəti öz üzərinə götürmək istəməyən Tramp “günah keçisi” axtarır və İranla müharibənin sürətli və uğurlu olacağına dair ona zəmanət verənləri hədəfə alıb”, - deyə nəşr qeyd edir.
Heqset və Keyn Trampın müharibə ilə bağlı əsas məsləhətçiləri arasındadırlar. Məhz onlar əvvəlcədən müharibənin perspektivləri ilə bağlı ən çox nikbinlik ifadə ediblər. Lakin Trampa yaxın bəzi şəxslərin fikrincə, Heqset müharibənin gedişatı barədə heç də dürüst olmayıb və onu daim uğurlu kimi təqdim edib.
Müstəqil məsləhətçilərdən biri deyib: "Heqset prezidentə eşitmək istədiyini demək bacarığına malikdir".
Nəşr qeyd edir ki, Heqset Ağ Evdə qətiyyən populyar deyil. "Politico" isə yazıb ki, Heqset Konqresdə də populyar deyil, çünki o, büdcə vəziyyəti və hərbi əməliyyatlar barədə qanunvericilərə müntəzəm olaraq məlumat verməkdən imtina edir. Ona görə də seçkilərdən sonra Demokratlar Heqseti vəzifəsindən kənarlaşdırmağa cəhd edə bilərlər. Eləcə də Konqres, Heqsetə qarşı onlarla general və admiralı tutarlı əsaslandırma olmadan vəzifəsindən azad etməsi, həmçinin İranla uzunmüddətli müharibənin səbəbləri ilə bağlı istintaqa başlaya bilər.
Müşahidəçilər bildirir ki, Heqsetlə bağlı dinləmələr Pentaqonu iflic edəcək və onu Prezident administrasiyası üçün “artıq yükə” çevirəcək. Bu isə o deməkdir ki, Heqsetin yaxın zamanda Pentaqon şefi statusundan “günah keçisi” statusuna endirilməsi ehtimalı doğrudan da az deyil…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər