İsraildə yeni Baş nazirin seçilməsi üçün partiyalar arasında müzakirələr davam edir.
"AzPolitika" "Trend"ə istinadla xəbər verir ki, müxalifətin aparıcı siyasi qüvvələri Qadi Ayzenkotun Baş nazir postuna namizədliyini dəstəklədiyini açıqlayıb. Bununla belə, onun hökuməti formalaşdırması üçün parlamentdə kifayət qədər səs toplaması və koalisiya razılaşması əldə etməsi lazımdır.
Keçmiş baş nazir Naftali Bennettin rəhbərlik etdiyi “Bəyahad” bloku prezident İsxak Hersoqa təqdim edəcəyi tövsiyədə “Yaşar” partiyasının lideri Qadi Ayzenkotun namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bundan əlavə, Eyal Qolanın rəhbərlik etdiyi “Demokratlar” partiyası da prezidentə Ayzenkotun hökuməti formalaşdırmaq üçün namizəd göstərilməsini tövsiyə etmək qərarına gəlib. Müxalifət blokunun digər lideri, “İsrail Beytenu” partiyasının sədri Aviqdor Liberman da Ayzenkotu dəstəkləyəcəyini bildirib.
İsrail qanunvericiliyinə əsasən, prezident parlamentə seçilmiş partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra hökuməti formalaşdırmaq üçün ən uyğun namizədə mandat verir. Namizədin hökuməti qurmaq üçün 28 gün vaxtı olur. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.
Xatırladaq ki, İsraildə oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrinə əsasən, 120 yerlik Knessetdə heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməyib.
Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandat qazanaraq ən böyük fraksiya olub. Ayzenkotun “Yaşar” partiyası 21, Bennettin “Bəyahad” bloku 12, “Birgə Siyahı” 11, “Demokratlar” 8, “Raam” partiyası isə 8 mandat əldə edib.
Ümumilikdə, Netanyahunun siyasi bloku 53, onun əleyhinə olan müxalifət bloku 48 mandat qazanıb. Ərəb partiyalarının parlamentdəki ümumi təmsilçiliyi isə 19 mandat təşkil edib. Seçkilərdə seçici fəallığı 77,9 faiz olub.
Beləliklə, Netanyahunun bloku parlamentdə ən çox mandata malik olsa da, hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər səsə sahib deyil. Ayzenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsi də ərəb partiyalarının dəstəyi olmadan 61 səs həddinə çata bilmir.
Prezident İsxak Hersoqun partiya nümayəndələri ilə məsləhətləşmələrə noyabrın 4-də başlaması gözlənilir. Seçkilərin yekun nəticələrinə əsasən, parlamentin yeni tərkibi noyabrın 10-da fəaliyyətə başlamalıdır.


Şərhlər