Hazırda bütün dünyanın diqqəti sabah ABŞ-də keçiriləcək Konqresə aralıq seçkilərinə yönəlib. Çünki bu seçkinin nəticələri yalnız ABŞ sərhədlərilə məhdudlaşmayacaq. Donald Trampın bu seçkidə Nümayəndələr palatasını, hətta Senatı da itirmək təhlükəsi var. Bu isə onun, o cümlədən də xarici siyasətlə bağlı istədiyi qərarları verib Konqresdən keçirmək imkanlarını məhdudlaşdırır. Buna görə də hazırda dünyadakı “qaynar nöqtələr”də ABŞ seçkiləri diqqətlə izlənilir.
Artıq xeyli müddətdir ki, Qərb mediası Donald Trampın noyabrın 3-də keçiriləcək seçkidən dərhal sonra ABŞ-yə yeni və kütləvi zərbə endirmək barədə əmr verəcəyini iddia edir. Lakin ABŞ administrasiyası daxilində İrana mümkün zərbələrlə bağlı fikir ayrılıqlarının olduğuna dair də iddialar var. Bəziləri seçkinin sabahı günü İrana zərbələr endirməyin tərəfdarıdır. Digərləri isə diplomatiyanı üstün tutmağa çağırır.
Əslində, İranı vurmaq əmrinin seçkinin nəticəsindən asılı olduğu da iddia nolunur və bunun həqiqət payı kifayət qədər yüksəkdir. Bir çox nüfuzlu nəşrlərin yazdığına görə, Trampın Respublikaçılar Partiyasının Konqres seçkilərində mümkün məğlubiyyəti Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına sövq edə bilər.
Lakin Amerikanın "Axios" nəşrinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, Donald Tramp 3 noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil. Nəşrin mənbələri qeyd ediblər ki, Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında 31 oktyabrda keçirilən telefon söhbətində tərəflər ABŞ və İran arasında danışıqların gedişatını, eləcə də hərbi əməliyyatların mümkün bərpasını müzakirə ediblər.

Netanyahunun Trampı Konqres seçkilərindən dərhal sonra İrana zərbə endirməyə inandırmağa çalışdığı bildirilir. Lakin “Axios” mənbələri iddia edir ki, ABŞ Prezidenti hazırda diplomatik danışıqlara üstünlük verir və bu mövqe İsrail Baş nazirini narahat edir. İsrailli mənbə isə hətta liderlər arasındakı son söhbətin gərgin keçdiyini bildirib.
Bundan öncə, oktyabrın 31-də Tramp Tehranla danışıqların yaxşı irəlilədiyini bildirsə də, İranın etibarlılığına şübhə ilə yanaşdığını demiş, lakin hərbi əməliyyatların seçkidən sonra bərpa olunub-olunmayacağı sualına konkret cavab verməkdən çəkinmişdi.

Tanınmış amerikalı jurnalist Taker Karlson isə bir qədər də irəliyə gedərək, “X” sosial şəbəkəsində hətta iddia edib ki, ABŞ administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər. Onun iddiasına görə, mümkün zərbənin hədəfi İranın mərkəzində yerləşən Pikaks dağı olacaq. Karlson deyib ki, İsrail kəşfiyyatı İran hökumətinin həmin ərazidə nüvə proqramını yenidən bərpa etdiyini iddia edib.
Onun qeyd etdiyi kimi, ABŞ-nin adi silahları nüvə obyektlərinin yerləşdiyi ehtimal olunan, 90 metr qalınlığında qranit təbəqəsini deşib keçə bilmir. Bu işin öhdəsindən nüvə bombası gələ bilər, buna görə də bu silahın istifadəsinə zərurət yaranıb.
Eyni zamanda, rusiyapərəst mövqeyilə tanınan Karlsonun sözlərinə görə, Kreml bununla bağlı artıq adını çəkmədiyi ölkələrə xəbərdarlıq edib: "Amerikanın İrana nüvə hücumu yeni bir presedent yaradacaq. Ruslar artıq ən azı iki başqa ölkənin hökumətlərinə ABŞ-nin İrana nüvə hücumunun Ukraynaya qarşı nüvə silahından istifadə etməyə imkan verəcəyi barədə məlumat veriblər".
O deyib edib ki, artıq Donald Tramp vitse-prezident C.D. Vens və xüsusi elçi Stiv Uitkoff da daxil olmaqla, müşavirləri ilə İrana nüvə zərbəsinə dair mümkün tədbirləri müzakirə edir.
Karlson dəqiq vaxt da göstərib və iddia edib ki, Tramp nüvə silahından istifadə ilə bağlı qərarı noyabrın 7-dək verilə bilər.
Hələliksə Qətər vasitəsilə ABŞ-İran danışıqları davam edir. Bunun sülhə gətirib çıxaracağı ehtimalı təəssüf ki, o qədər də yüksək deyil. Belə ki, tərəflər prinsipial məsələlərdə ciddi güzəştlərə gediləcəyinə dair hər hansı bir işarə vermirlər…
Bütün bunlar, Qərb mətbuatının nəyi və nə üçün yazmasından asılı olmayaraq, sabah ABŞ-də keçiriləcək seçkinin İran üçün əhəmiyyətini xeyli artırır. Trampın qeyri-müəyyən, proqnozlaşdırılması çətin olan şəxsiyyəti və siyasəti seçkidəki məğlubiyyətdən sonra daha təhlükəli çalarlar ala bilər. Bu baxımdan İran sülhdən nüvə zərbəsinə, yaxud uzandıqca uzanan, ona ciddi iqtisadi və sosial zərbə vuran blokada və nəticəsiz danışıqlara qədər çeşidli ssenariləri nəzərdən keçirmək məcburiyyətindədir. Bəs qonşu dövlət bu ssenarilərə hazırdırmı, yaxud onların qarşısını alamq üçün hansı addımları atır və atmaq fikrindədir? Bunu yaxın günlərdə görəcəyik…
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər