Türkiyəli jurnalist və şərhçi Yılmaz Özdil Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə dair diqqətçəkən fikirlər səsləndirib.
"Azpolitika"nın xəbərinə görə, o, hazırda iki ölkə arasındakı münasibətlərin pisləşmək təhlükəsi ilə üzləşdiyini düşünür.
“Azərbaycan dünyada Türkiyəni səmimi-qəlbdən sevən yeganə ölkədir. Amma elə görünür ki, münasibətlərimiz pisləşmək ərəfəsindədir. Digər dövlətlər dünyaya öz paytaxtlarından baxır və xalqlarının maraqlarını əsas götürürlər. Biz isə dünyaya din prizmasından yanaşırıq. Qəzzada həlak olan qadın və uşaqlara rəğbət bəsləmək başqa məsələdir, qardaş ölkəmiz Azərbaycana qarşı mövqe tutmaq isə tamamilə fərqli mövzudur”, – deyə Özdil bildirib.
Jurnalist Fələstin lideri Mahmud Abbasın Kiprin yunanların nəzarətində olan hissəsinə səfərinə də münasibət bildirib. Qeyd edək ki, həmin səfər oktyabrın 29-da, Türkiyənin Cümhuriyyət Günündə baş tutub.
“Mahmud Abbas Şimali Kipri görməzdən gəldi və adanın yunan tərəfinin mövqeyini dəstəklədi. İndi biz məhz bu Fələstinə görə Azərbaycanla münasibətlərimizə zərər vururuq?” – deyə jurnalist sual edib.
Özdil Fələstin tərəfinin keçmişdə Türkiyəyə qarşı sərgilədiyi münasibəti də xatırladıb. Onun sözlərinə görə, fələstinli qrupların düşərgələrində PKK terrorçuları təlim keçib, ASALA ilə də əməkdaşlıq əlaqələri olub. Jurnalist, həmçinin Fələstinin Cənubi Kiprə dəstəyinin Türkiyədə lazımi diqqət görmədiyini bildirib.

“Çoxdan unutmuşuq ki, fələstinlilər bizə arxadan necə zərbə vurublar. Onların düşərgələrində PKK yaraqlıları necə təlim keçib, ASALA ilə necə əməkdaşlıq ediblər. Fələstinin Cənubi Kiprə verdiyi dəstəyi də görməzdən gəlirik. Lakin Azərbaycan özünə qarşı edilənləri heç vaxt unutmur. Çünki Azərbaycan dünyaya Bakıdan baxır”, – deyə Özdil vurğulayıb.
Jurnalist Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələsinə də toxunub. O, Qarabağın azad edilməsində İsrail istehsalı olan silahların mühüm rol oynadığını açıqlayıb.
“Azərbaycan Qarabağı İsrail istehsalı olan silahlar sayəsində azad etdi. Reallıq budur. Türkiyənin də, şübhəsiz ki, öz töhfəsi olub. Lakin Azərbaycanın Qarabağın azad edilməsi zamanı istifadə etdiyi silah və sursatların 70–80 faizi İsraildən əldə edilib”, – jurnalist deyib.
Özdil həmçinin Azərbaycan Prezidentinin Türkiyəyə və Mustafa Kamal Atatürkün xatirəsinə göstərdiyi hörməti xatırladıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev Atatürkün xatirəsinə hörmətsizlik edilməməsi üçün Azərbaycanın Zəfər Gününün tarixini dəyişdirib.
“Prezident İlham Əliyev Türkiyəyə hörmət əlaməti olaraq ölkəsinin Zəfər Gününün tarixini dəyişdirib. Mustafa Kamal Atatürkün xatirəsinə hörmətsizlik etməmək üçün bu qərarı şəxsən verib. Söhbət məhz belə bir qardaşdan gedir. Belə bir qardaşla münasibətləri necə korlamaq olar?” – deyə Yılmaz Özdil fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
Azpolitika.info


Şərhlər