Menu

“Onlar başlarını divara vururlar” - Ermənistanda yeni konstitusiya davası qızışır

03.11.2026, 17:47
“Onlar başlarını divara vururlar” - Ermənistanda yeni konstitusiya davası qızışır

Ermənistanda yeni Konstitusiya layihəsi hakimiyyətlə müxalifət arasında ciddi siyasi qarşıdurmaya səbəb olub. Baş nazir Nikol Paşinyan hökumətinin hazırladığı sənədə rəhbərlik edən ədliyyə naziri Srbuhi Qalyan layihənin balanslı olduğunu və müxalifətin də onu dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Müxalifət isə sənədi Azərbaycanın tələbləri əsasında hazırlanmış Konstitusiya adlandırır.

“AzPolitika” xəbər verir ki, Qalyan müxalifətin iddialarına sərt cavab verib.

“Onlar çox danışır, başlarını divara vururlar və artıq bu mübahisələrə son qoyulmalıdır. Bu, bizim daxili işimizdir. Biz illərdir bu işlə məşğuluq və istəyirik ki, qərarı xalq versin. Kimin nə dediyi məni maraqlandırmır. Mən öz işimin sahibiyəm”, – deyə nazir bildirib.

Mübahisənin əsas səbəbi Ermənistanın 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə yeni Konstitusiyada istinadın nəzərdə tutulmamasıdır. Bakı sülh müqaviləsinin imzalanmasının şərtlərindən biri kimi bu istinadın Konstitusiyanın preambulasından çıxarılmasını tələb edir. Azərbaycan həmin sənəddəki müddəaları ölkəmizə qarşı ərazi iddiası kimi qiymətləndirir.

Hazırlanmaqda olan yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmayacağı artıq məlumdur. Müxalifət isə bunu Azərbaycanın tələblərinin yerinə yetirilməsi və Ermənistanın dövlətçilik prinsiplərindən geri çəkilməsi kimi təqdim edir.

Hazırkı qaydalara əsasən, yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlament deputatlarının azı üçdə ikisinin, yəni 70 nəfərin dəstəyi tələb olunur. Hakim “Mülki Müqavilə” Partiyasının isə 64 deputatı var. Beləliklə, layihənin referenduma çıxarılması üçün əlavə 6 səs lazımdır.

Ədliyyə naziri müxalifətin bu səsləri təmin edəcəyinə və son qərarı xalqın ixtiyarına buraxacağına ümid etdiyini bildirib. O, həmçinin yeni layihədə referendum üçün tələb olunan parlament səs çoxluğu həddinin aşağı salınmasının nəzərdə tutulduğunu deyib.

“Düşünürəm ki, bu həddi aşağı salacağıq. Əsas məsələ səs sayı deyil. Vacib olan yeni Konstitusiya qəbul edildikdən sonra ona yalnız referendum yolu ilə dəyişiklik edilə bilməsidir”, – deyə Qalyan bildirib.

Nazir Baş nazir Nikol Paşinyanın müxalifət yeni Konstitusiyaya qarşı çıxacağı təqdirdə ictimai təzyiqlə üzləşə biləcəyi barədə açıqlamasına da münasibət bildirib. Onun sözlərinə görə, söhbət referendumun əleyhinə mitinq keçirilməsindən deyil, xalqın qərar verməsi üçün parlamentdə tələb olunan səs həddinin aşılmasından gedir.

Qalyan müxalifətin layihəyə qarşı səs verməsini demokratiyaya qarşı çıxmaq kimi qiymətləndirib: “Onlar əleyhinə səs verirlər, deməli, demokratiyanın əleyhinə səs verirlər”.

Parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan isə nazirin açıqlamalarını tənqid edib. O bildirib ki, İlham Əliyevin 2021-ci ildə Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bəyan etməsi faktını dəyişmək mümkün deyil.

Vardanyanın sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü ildəki qərarında ölkənin Azərbaycana qarşı ərazi iddiasının olmadığını bildirib. Buna görə də onun fikrincə, Müstəqillik Bəyannaməsinə qarşı mübarizə aparmağa və onu köhnəlmiş sənəd kimi təqdim etməyə ehtiyac yoxdur. 

Digər müxalifət qüvvəsi – “Güclü Ermənistan” fraksiyası da yeni Konstitusiya layihəsinə qarşıdır. Fraksiyanın nümayəndəsi Edqar Qazaryan etirazlarının əsas səbəbinin Müstəqillik Bəyannaməsinə yeni sənəddə istinad edilməməsi olduğunu deyib.

O, layihənin tam mətninin hələ dərc olunmadığını etiraf etsə də, hakimiyyət nümayəndələrinin açıqlamalarının mövqelərini müəyyənləşdirmək üçün kifayət etdiyini bildirib.

“Söhbət Müstəqillik Bəyannaməsinin rədd edilməsindən gedir. Baş nazir də bildirib ki, orada Bəyannaməyə heç bir istinad olmayacaq. Bizi narahat edən də məhz budur”, – deyə Qazaryan vurğulayıb.

Müxalifətçi Müstəqillik Bəyannaməsinin yeni Konstitusiyadan çıxarılmasını Ermənistan dövlətçiliyinin əsaslarının inkarı kimi qiymətləndirib və bunun dövlətin aradan qaldırılmasına gətirib çıxara biləcəyini iddia edib.

Beləliklə, Ermənistanda yeni Konstitusiya ətrafında mübahisə həm ölkədaxili siyasi qarşıdurmaya, həm də Bakı ilə İrəvan arasında sülh prosesinə təsir edə biləcək məsələyə çevrilib. Hakimiyyət qərarı referendum vasitəsilə xalqa həvalə etmək istəyir, lakin bunun üçün parlamentdə lazımi səs çoxluğunu necə təmin edəcəyi hələlik aydın deyil. Müxalifət isə layihənin referenduma çıxarılmasına qarşı mübarizə aparacağını bəyan edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol