Menu

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

03.11.2026, 18:27
Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Noyabrın 3-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları üçün nəzərdə tutulmuş “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda təlim proqramının başlanması ilə əlaqədar tədbir keçirilib.

"AzPolitika" xəbər verir ki, tədbirin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sədr bu əlamətdar günlərin xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təcəssümü olduğunu vurğulayaraq, Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini, xalqımızın milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib, bu möhtəşəm Qələbənin gələcək nəsillər üçün qürur və iftixar mənbəyi olduğunu bildirib.

Həmçinin Dövlət Bayrağı Gününün əhəmiyyətini qeyd edən Fərhad Abdullayev üçrəngli bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin, azadlıq və suverenliyimizin rəmzi kimi Vətənimizin hər bir guşəsində qürurla dalğalanmasının xalqımızın tarixi qələbəsinin və əbədi dövlətçilik iradəsinin təcəssümü olduğunu nəzərə çatdırıb.

Daha sonra sədr rəqəmsal texnologiyaların sürətli inkişafının dövlət idarəçiliyində yaratdığı yeni imkanlar, idarəetmə proseslərinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin əhəmiyyəti, eləcə də dövlət qulluqçularının rəqəmsal bilik və bacarıqlarının artırılmasının aktuallığı ilə bağlı fikirlər səsləndirib. Habelə, süni intellekt texnologiyalarının dövlət orqanlarının fəaliyyətində tətbiqinin perspektivləri, bu sahədə mövcud imkanlar və çağırışlar barədə fikirlərini bölüşüb.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək, hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Rektor öz növbəsində tədbir iştirakçılarını əlamətdar günlər münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının milli tariximizin ən mühüm hadisələrindən biri kimi daim ehtiramla xatırlanacağını vurğulayıb, üçrəngli Dövlət Bayrağımızın xalqımızın azadlıq, müstəqillik və milli həmrəylik ideallarını özündə ehtiva etdiyini bildirib.

Daha sonra akademik Urxan Ələkbərov “Müasir dövlət idarəçiliyində süni intellekt və rəqəmsallaşma” mövzusunda geniş mühazirə ilə çıxış edib. Mühazirədə süni intellekt və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi, idarəetmənin səmərəliliyinin artırılmasında rolu, habelə müasir texnoloji həllərin dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası ilə bağlı məsələlərə toxunulub.

Noyabrın 3-dən dekabrın 8-dək Konstitusiya Məhkəməsində keçiriləcək təlim proqramı əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, eləcə də süni intellekt, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahələrində biliklərinin artırılması məqsədilə təşkil olunub. Proqram çərçivəsində rəqəmsal transformasiya, proaktiv idarəetmə, data analitikası, süni intellekt metodları, dövlət informasiya sistemləri və rəqəmsal infrastrukturun təhlükəsizliyi kimi aktual mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol