ABŞ-də keçirilən aralıq seçkisində bir çox gözlənilməz nəticələr qeydə alınıb. Bunlar xüsusən Respublikaçı namizədlərin ənəvi olaraq bu partiyanın qalib gəldiyi ştatlarda məğlub olması ilə bağlıdır. Belə ştatlardan biri də Ohayodur.
“AzPolitika” xəbər verir ki, Ohayo qubernatoru postuna Respublikaçılar partiyasından namizəd olan Vivek Ramasvami Demokrat rəqibi Emi Ektona məğlub olub. Bülletenlərin 86,7%-i sayılarkən Ramasvami səslərin cəmi 45,8%-ni, onun Demokrat rəqibi isə 51 faizini toplayıb. Artıq Ramasvami məğlubiyyətini etiraf edib.

Bu məğlubiyyət Respublikaçılar üçün ciddi fiasko sayılır. Belə ki, bu partiya Ohayoda son 16 ildə ilk dəfədir məğlub olur. Üstəlik, bu ştata tarixində ilk dəfə xanım qubernator rəhbərlik edəcək.
ABŞ mediası Respublikaçıların bu ştatdakı məğlubiyyətini daha çox Ramasvaminin şəxsi keyfiyyətlərilə əlaqələndirirlər. Hətta şəxsən vitse-prezident C.D.Vensin vəDonald Trampın ciddi dəstək göstərmələrinə baxmayaraq Ramasvami xanım rəqibinə qalib gələ bilməyib. Üstəlik, seçki kampaniyasının sonunda o, olduqca çirkin reklam çarxına görə tənqidlərə tuş gəlib. Belə ki, rəqibi Demokrat namizədin şəxsi həyatına müdaxilə edib və bunun üçün həmin namizədin anasından istifadə edib...
Ramasvami Azərbaycanda da kifayət qədər tanınan fiqurdur. Qatı ermənipərəst və anti-Azərbaycan mövqeyilə seçilən Hindistan əsilli bu uş adamı və bədnam siyasətçi bundan öncəki prezidednt seçkisində də namizədliyini irəli sürmüş və Respublikaçılar Partiyasının daxili ilkin seçkilərində məğlub olaraq yalnız 4-cü yeri tutmuşdu.

O, həmin seçkidən öncə, 2023-cü ildə Taker Karlsona verdiyi müsahibədə Azərbaycanla bağlı təxribat xarakterli şər-böhtan söyləmişdi. Hələ həmin vaxt hətta mühafizəkar şərhçilər onun Cənubi Qafqazdakı hadisələr də daxil olmaqla bir sıra beynəlxalq məsələlərlə bağlı açıqlamalarını qiymətləndirərkən, Ramasvaminin prezidentliyə tamamilə yararsız olduğunu bildirirdilər.
Takker Karlsonla 25 dəqiqəlik müsahibəsində o, Azərbaycanı hədəf alaraq, tamamilə saxta məlumatlardan və görüntülərdən istifadə etmişdi. Belə ki, Ramasvami “Fox News” aparıcısına 44 günlük müharibə zamanı Ermənistan ordusunun raket atəşi nəticəsində Gəncə və Bərdədə baş verən dağıntıların fotoşəkillərini göstərərək onları həyasızcasına Azərbaycanın Ermənistana qarşı "cinayətlərinin" sübutu kimi təqdim etmişdi. Daha sonra o, Bakının Vaşinqtonda güclü lobbisinin olduğunu və bunun nəticəsində Amerika siyasətçilərinin "bütün bunlara göz yumduğunu" iddia etmişdi.

Bu “feyk” və biabırçı açıqlamalara Azərbaycan Prezidenti də çıxışlarının birində münasibət bildirmişdi. İlham Əliyev 11 oktyabr 2023-cü ildə MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında çıxışı zamanı həmin videoya toxunmuşdu: “Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar?”.
Göründüyü kimi, Respublikaçılar üçün uğursuz fiqura çevrilən Ramasvamiyə adət etdiyi saxtakarlıq və həyasızlıqları qubernator seçkisində də kömək etmədi...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər