Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Tərcümə Mərkəzinə əvvəllər ayrılmış büdcə vəsaitinin yenidən Yazıçılar Birliyinə qaytarılmasını təklif edib.
O, bu vəsaitin yazıçıların əsərlərinin xarici dillərə tərcüməsi və Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması üçün vacib olduğunu bildirib.
Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.
Anar Rzayev bildirib ki, Tərcümə Mərkəzi Yazıçılar Birliyindən ayrılaraq müstəqil qurum kimi yaradılarkən ona ayrılmış büdcə vəsaiti də həmin quruma verilib.
O qeyd edib ki, buna baxmayaraq, Yazıçılar Birliyi Tərcümə Mərkəzini öz imkanları hesabına yaşatmağa çalışıb. Bu məqsədlə qurumun birinci mərtəbəsi restoran kimi fəaliyyət göstərməsi üçün icarəyə verilib.
“Biz heç birimiz istəmirdik ki, orada restoran olsun. Yazıçılar Birliyi hara, restoran hara? Biz istəyirik ki, orada mədəniyyət ocağımız olsun”, – deyə o bildirib.
Anar Rzayev restoranın fəaliyyəti dövründə o vaxtkı icra başçısı Hacıbala Abutalıbovun orada reyd keçirdiyini də xatırladıb. Onun sözlərinə görə, restoranın işçiləri ərazidən aparılıb, lakin onların hara aparıldığı indiyədək məlum deyil.
Yazıçılar Birliyinin sədri parlamentə müraciət edərək Tərcümə Mərkəzinə ayrılmış büdcənin quruma qaytarılmasına kömək göstərilməsini istəyib.
“Parlamentə müraciət edirik ki, bizə kömək edin, Tərcümə Mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə qaytarılsın”, – deyə o vurğulayıb.
Anar Rzayev Azərbaycan yazıçılarının əsərlərinin xarici ölkələrdə nəşri məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması yalnız xarici nəşriyyatların təşəbbüsünə buraxılmamalı, yerli səviyyədə də bu istiqamətdə işlər görülməlidir.
“Gözləyək ki, bizi Fransada çap etsinlər? Bizdə bircə Çingizi (Abdullayev) çap edirlər. Amma Azərbaycan üçün tək Çingiz azdır. Digər yazıçılarımızın da əsərləri tərcümə olunmalıdır”, – deyə Anar Rzayev əlavə edib. /Trend


Şərhlər