Rusiya Zelenskinin və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bütün rəhbərliyinin məhvinə qoyulan gizli qadağanı ləğv edib.
“AzPolitika” xəbər verir ki, Rusiyanın “Moskovski Komsomolets” nəşrində dərc edilən yazıda belə deyilir.
Yazıda bu qərarın Rusiya Təhlükəsizlik Şurasının qapalı iclasında qəbul edildiyi iddia olunur. Qəzet qeyd edir ki, bu barədə bir neçə media orqanı, eləcə də “Telegram”-dakı hərbi və siyasi kanallar öz mənbələrinə istinadla məlumat yayıblar.
“İclasda təhlükəsizlik rəsmiləri Ukraynanın yüksək hərbi və siyasi rəhbərliyinin fiziki olaraq aradan qaldırılması üçün icazə istəyiblər. Mənbələrə görə, Leninqrad bölgəsinə, xüsusən də Baltik ixrac mərkəzinə və Ust-Luqa limanına davam edən hücumlar son damla olub… Mənbələrə görə, Rusiya Təhlükəsizlik Şurasının iclasının iştirakçıları passiv müdafiə strategiyasını faydasız hesab edirlər - hətta ayrılmış resurslar belə Leninqrad bölgəsində və ölkənin digər bölgələrində ərazinin hər bir hissəsini dron hücumlarından qoruya bilməz. Ukraynadakı körpülərə və enerji sektoruna qarşı cavab hücumlarımız isə Rusiya müəssisələrinə hücumları dayandırmır. Beləliklə, təhlükəsizlik qüvvələri daha radikal bir həll yoluna keçməyi, yəni Rusiya hədəflərinə zərbələr endirmək əmri verənləri aradan qaldırmağı təklif ediblər” - yazıda qeyd olunur.
Nəşr iddia edir ki, Təhlükəsizlik Şurasında Zelenskinin vurulmasına icazə verilib və artıq Ukrayna rəhbərliyinin də bundan xəbəri var. Guya məhz buna görə, Zelenski vaxtının çox hissəsini Avropaya səfərlərdə keçirir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin özü hələ 2023-cü ilin noyabr ayında “The Sun” nəşrinə verdiyi müsahibədə ona qarşı 5-6 dəfə sui-qəsd cəhdi edildiyini demişdi.
“AzPolitika.info”


Şərhlər