Menu

Gənclər universitet seçərkən bu səhvi edir – Sonra iş tapa bilmirlər...

17.11.2026, 16:46
Gənclər universitet seçərkən bu səhvi edir – Sonra iş tapa bilmirlər...

Ali təhsil almaq və universitet diplomuna sahib olmaq uzun illər gənclərin uğurlu karyera qurmasının əsas şərtlərindən biri hesab edilib. Lakin son dövrlər əmək bazarında müşahidə olunan reallıqlar bu yanaşmanı sual altına alır. Belə ki, universiteti bitirən çoxsaylı gənclər ya ixtisaslarına uyğun iş tapa bilmir, ya da aşağı əməkhaqqı ilə çalışmaq məcburiyyətində qalırlar. İşəgötürənlərin təcrübə və praktiki bacarıqlara daha çox üstünlük verməsi də yeni məzunların məşğulluq imkanlarını çətinləşdirir. 

Bəs diplomlu gənclərin işsizlik problemi nədən qaynaqlanır? Universitetlər əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlaya bilirmi, yoxsa ali təhsil artıq iş tapmaq üçün kifayət etmir?

Mövzunu "AzPolitika"ya şərh edən təhsil eksperti Fuad Hacıyev bildirib ki, diplomlu gənclər niyə iş tapa bilmir mövzusunu şərh etməzdən öncə, "ölkəyə hansı mütəxəssisdən nə qədər lazımdır və biz nə qədər hazırlayırıq" sualını ünvanlamalıyıq: 

"Məsələn, UNEC-in iqtisadiyyat yönümlü ixtisaslarından bir ildə məzun olanların sayı ilə əmək bazarının həmin kadrlara illik ehtiyacını müqayisə edək. Digər universitetlərin eyni ixtisaslar üzrə məzunlarını da əlavə edək. Tələbatla hazırlanan kadr sayı arasında uyğunsuzluq varsa, bunu yalnız “gənclər zəif oxuyur” fikri ilə izah edə bilmərik. Bizim gənclərə verdiyimiz istiqamət dəyişməlidir. Hamını “təki diplomun olsun” deyib universitetə göndərmək düzgün deyil. Gənclər peşə təhsilinə yönəlsinlər, konkret iş öyrənsinlər. Məsələn, elektrik, qaynaq, sənaye avadanlıqlarının istismarı, avtomatlaşdırma, günəş panellərinin quraşdırılması və texniki xidməti, eləcə də digər peşələri mənimsəməlidirlər. Əlində bazarın ehtiyac duyduğu peşəsi olan gəncin iş tapmaq üçün konkret üstünlüyü var. Ali təhsil almaq istəyənlər isə alternativ enerji, enerji sistemləri, süni intellekt, kibertəhlükəsizlik kimi ixtisaslara yönəlsinlər. Məsələn, alternativ enerji sahəsinə həm layihəni hazırlayan mühəndis, həm də avadanlığı quraşdıran və işlək saxlayan peşəkar lazımdır. Təhsil planlaması bu ehtiyacın hər iki tərəfini nəzərə almalıdır".

Ekspertin sözlərinə görə, istədikləri ixtisasın ölkəmizdə tədrisi onları qane etmirsə, xaricdə həmin sahə üzrə güclü universitetlərdə, o cümlədən dünyanın ilk 500-lüyündə təhsil almağı hədəfləsinlər, təqaüd imkanlarından yararlansınlar:

"Məqsəd sadəcə xarici diplom əldə etmək yox, ölkəyə lazımlı bilik və bacarıqla qayıtmaq olmalıdır. Valideyn də övladının peşə təhsili seçməsinə uğursuzluq kimi baxmamalıdır. Bizə yalnız diplomlu gənclər deyil, enerji sistemini qura bilən, istehsalatı işlədən, texnologiya yaradan mütəxəssislər lazımdır. Yaxşı mütəxəssislər güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü dövlət deməkdir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol