Menu

İnternet operatorları ilə əlaqə asanlaşır - Dəyişiklik

17.11.2026, 16:14
İnternet operatorları ilə əlaqə asanlaşır - Dəyişiklik

Nazirlər Kabinetinin 2026-cı il 13 noyabr tarixli 382 nömrəli Qərarı ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklər edilib. İnternet xidmətlərinin keyfiyyətinin və dayanıqlılığının daha effektiv monitorinqi, eləcə də operator və provayderlərin fəaliyyəti barədə daha dolğun məlumat bazasının formalaşdırılması məqsədilə uçot qaydaları təkmilləşdirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən "AzPolitika"ya verilən xəbərə görə, dəyişikliklərlə, uçota alınma üçün ərizə ilə müraciət edən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər bir sıra sənədlər təqdim edəcəklər.

Buraya xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsində istismar olunan telekommunikasiya vasitələri, şəbəkənin strukturu, abunəçi tutumunun həddi və istismara verilməsi mərhələləri barədə məlumatlar, telekommunikasiya şəbəkəsinin vektor xəritəsi, internet telekommunikasiya xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminə malik olması barədə sənədlərin surəti daxildir. Eyni zamanda xidmət göstərilən istifadəçi kateqoriyası, eləcə də xidmətin topdan, pərakəndə və ya yenidən satış formasında təqdim olunması barədə məlumatlar da uçota alınma üçün ərizədə əks etdiriləcək.

Dəyişikliklərə əsasən, uçota alınmış operatorlar və provayderlər barədə ictimaiyyətə açıqlanan məlumatların dairəsi də genişləndirilib. Belə ki, digər məlumatlarla yanaşı operator və provayderlərin fəaliyyətinin əhatə dairəsi, hüquqi və fəaliyyət ünvanı, internet informasiya ehtiyatı, fəaliyyət növü, telefon nömrəsi, elektron poçt ünvanı və müqavilə nümunəsi ictimaiyyət üçün əlçatan olacaq.

Yeni yanaşma İKTA-nın internet xidmətləri bazarında faktiki vəziyyəti daha dəqiq qiymətləndirməsinə, xidmət əhatəsinin və şəbəkə infrastrukturunun inkişafını məlumat əsaslı izləməsinə, keyfiyyət və dayanıqlılıq göstəriciləri üzrə monitorinq imkanlarının gücləndirilməsinə şərait yaradacaq. Nəticədə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol