Ukraynanın NATO-ya üzvlüyü məsələsi Rusiya ilə Qərb arasında münasibətlərin ən həssas və mübahisəli mövzularından biri olaraq qalır. Amerikalı hərbi analitik Daniel Devis Ukraynanın Alyansa qəbul edilməsinin NATO üçün ciddi təhlükə yaradacağını və bunun qısa müddətdə nüvə münaqişəsinə gətirib çıxaracağını iddia edib. Bəs Kiyevin NATO sıralarına qoşulmasına mane olan əsas amil həqiqətən Rusiyanın mümkün hərbi reaksiyası və nüvə müharibəsi təhlükəsidirmi, yoxsa Qərb dövlətləri Ukraynanın müdafiəsi ilə bağlı daha böyük öhdəliklər götürməkdən çəkinirlər?
Mövzu ilə bağlı "AzPolitika"ya danışan politoloq Aydın Tağıyev bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi ətrafında aparılan müzakirələrdə təhlükəsizlik dilemması, çəkindirmə nəzəriyyəsi, kollektiv müdafiə mexanizmi və geosiyasi balans kimi anlayışlar əsas yer tutur:
"Burada Ukraynanın NATO-ya qəbul edilməməsinin səbəbini yalnız Rusiyanın mümkün hərbi reaksiyası və ya nüvə müharibəsi riski ilə izah etmək məsələyə sadələşdirilmiş yanaşma olardı. Mövcud reallıq göstərir ki, burada həm strateji təhlükəsizlik hesablamaları, həm də Qərb dövlətlərinin öz üzərlərinə götürmək istədikləri öhdəliklərin həcmi paralel şəkildə rol oynayır. NATO sırf siyasi platforma deyil, kollektiv müdafiə ittifaqıdır. Alyansın Vaşinqton Müqaviləsinin 5-ci maddəsi üzv dövlətlərdən hər hansı birinə qarşı hücumu bütün üzvlərə qarşı savaş kimi qiymətləndirir. Bu baxımdan, Ukraynanın NATO-ya üzv qəbul edilməsi onun təhlükəsizliyinin avtomatik olaraq ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər müttəfiqlərin birbaşa məsuliyyət sahəsinə keçməsi demək olar. Hazırkı şəraitdə Ukrayna-Rusiya müharibəsinin davam etdiyi nəzərə alınarsa, belə bir qərar NATO ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma ehtimalını kəskin şəkildə artıra və hətda qaçılmaz edə bilər. Məhz buna görə də bir çox Qərb paytaxtlarında bu məsələ təkcə Ukraynanın müdafiəsi deyil, həm də Avroatlantik təhlükəsizlik sisteminin bütövlüyü prizmasından qiymətləndirilir".

Politoloqun sözlərinə görə, məsələ yalnız nüvə müharibəsi riskindən ibarət deyil:
"Əgər Qərb dövlətləri Ukraynanın üzvlüyünü strateji baxımdan tam şəkildə dəstəkləsəydilər, müxtəlif təhlükəsizlik mexanizmləri və keçid modelləri üzərində daha fəal işləyə bilərdilər. Burada əsas amillərdən biri də siyasi iradə və məsuliyyət bölgüsüdür. NATO dövlətləri Ukraynaya maliyyə, silahlanma və diplomatik dəstək verməyə hazır olsalar da, onların hamısı birbaşa hərbi müdaxilə və ya öz ordularını döyüş zonasına göndərmək öhdəliyini eyni səviyyədə qəbul etmirlər. Bu isə göstərir ki, məsələ müəyyən mənada risklərin paylaşılması və strateji yükün bölüşdürülməsi ilə bağlıdır. Digər tərəfdən, beynəlxalq münasibətlər nəzəriyyəsində “strateji qeyri-müəyyənlik” adlandırılan yanaşma da burada özünü göstərir. Qərb Ukraynaya dəstəyini davam etdirərək Rusiyanın qələbəsinin qarşısını almağa çalışır, lakin eyni zamanda NATO ilə Rusiya arasında qırmızı xətlərin aşılmamasına diqqət yetirir. Bu siyasət həm Ukraynanı tam tək buraxmamağa, həm də münaqişənin qlobal xarakter almasının qarşısını kəsməyə hesablanıb. Başqa sözlə, Qərbin məqsədi Ukraynanı müdafiə etməkdir. Lakin bunu Alyansın Rusiya ilə açıq müharibəyə cəlb olunması bahasına etmək istəmir. Mövcud mühribə təlafatı və dağıntılarından maksimum yan keçməyə çalışırlar. Buna görə də Ukraynanın NATO-ya qəbul edilməməsinin əsas səbəbini tək bir faktorla izah etmək düzgün olmazdı. Nüvə eskalasiyası və Rusiya ilə birbaşa hərbi toqquşma riski, şübhəsiz ki, ən ciddi və fundamental amillərdən biridir".
Aydın Tağıyev vurğulayıb ki, Qərb ölkələrinin uzunmüddətli hərbi, siyasi və iqtisadi öhdəlikləri genişləndirmək məsələsində ehtiyatlı davranması da mühüm rol oynayır:
Əslində bu iki faktor bir-birini tamamlayır: NATO dövlətləri həm böyük güclər arasında nəzarətdən çıxan müharibə riskindən çəkinir, həm də onilliklər davam edə biləcək yeni təhlükəsizlik öhdəliklərinin nəticələrini hesablamağa çalışırlar. Elə məhz buna görə də Ukraynanın NATO məsələsi təkcə üzvlük proseduru deyil, Avropa təhlükəsizlik arxitekturasının gələcəyini müəyyənləşdirən strateji seçim kimi qiymətləndirilir. Bu səbəbdən qərarlar emosional deyil, geosiyasi realizm, risk menecmenti və güc balansı prinsipləri əsasında formalaşdırılır. Hesab edirəm ki, gedişatla bağlı tam konkret nəsə demək hələ tezdir. Çünki baş verən hadisələrin gedişatını yam net dəqiq yalnız qarşıdakı zaman göstrəcək".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər