Menu

Britaniya - Azərbaycan əlaqələrində yeni dövr - Səfir konfransda prioritetləri açıqladı

17.11.2026, 13:45
Britaniya - Azərbaycan əlaqələrində yeni dövr - Səfir konfransda prioritetləri açıqladı

Noyabrın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransı keçirib.

“AzPolitika” xəbər verir ki, diplomat Böyük Britaniya və Azərbaycan arasında tarixi əhəmiyyət daşıyan Strateji Tərəfdaşlığın elan edilməsindən cəmi bir neçə gün sonra yenidən mətbuat nümayəndələri ilə bir arada olmaqdan məmnunluq duyduğunu bildirib. O, uzunmüddətli dostluğun möhkəm təməlləri üzərində qurulan bu tərəfdaşlığın iqtisadi artıma təkan verəcəyini, təhlükəsizliyi gücləndirəcəyini və innovasiyaları təşviq edərək həm Azərbaycan, həm də Britaniya vətəndaşları üçün real faydalar yaradacağını deyib.

Avqust ayında etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra baş tutan səfərlərin ikitərəfli əlaqələri yeni mərhələyə qaldırdığını diqqətə çatdıran səfir, Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Kokerin sentyabrın 30-da Azərbaycana ikinci səfəri zamanı ilk dəfə ADEX sərgisində iştirak etdiyini və sərgiyə 18 Britaniya şirkətinin qatıldığını vurğulayıb.

Ticarət naziri Lord Anas Sarvarın oktyabrın 6-da Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etmək üçün Azərbaycana səfər etdiyini xatırladan səfir, bu səfərin ticarət, investisiya, nəqliyyat və rəqəmsal infrastruktur üzrə yeni yol xəritəsinin hazırlanmasını irəli apardığını və Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdığını bildirib.

Öz roluna təkcə Bakıda deyil, bütün Azərbaycandakı səfir kimi yanaşdığını və tərəfdaşlığın faydalarının ölkənin müxtəlif bölgələrindəki icmalara çatmalı olduğuna inandığını deyən Dankan Norman, sentyabr ayında Qarabağa səfəri zamanı yenidənqurma işlərinin sürətli gedişinin diqqətini çəkdiyini bildirib. O, "Chapman Taylor" şirkətinin Şuşa, Xankəndi, Ağdam və Füzulidə gördüyü işlərin bu prosesə töhfə verdiyini qeyd edərək, Böyük Britaniyanın 2020-ci ildə ANAMA-nın fəaliyyətinə dəstək göstərən ilk ölkə olmaqdan qürur duyduğunu və keçmiş məcburi köçkünlərin təhlükəsiz geri qayıtması üçün minatəmizləmə fəaliyyətinə dəstəyi davam etdirəcəklərini vurğulayıb.

İki həftə əvvəl Naxçıvana ilk səfərini etdiyini və Naxçıvan Muxtar Respublikasının Baş naziri ilə görüşdüyünü bildirən səfir, logistika, enerji, turizm və kənd təsərrüfatı olmaqla dörd istiqamət üzrə müzakirələr apardığını deyib. O, Naxçıvanın Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malik olduğunu, eləcə də "Chapman Taylor" şirkətinin Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırladığını diqqətə çatdırıb.

Yeni qəbul edilmiş Strateji Tərəfdaşlığın üç əsas istiqamətindən birinin ticarət, investisiya və iqtisadi artım olduğunu bildirən səfir, enerji münasibətlərinin əsas sütun olaraq qaldığını deyib. O, "Xlinks" və "Green Energy Corridor Company" arasında Xəzərin təmiz enerjisinin Avropa bazarına ötürülməsini nəzərdə tutan Anlaşma Memorandumunu alqışladıqlarını vurğulayıb.

Azərbaycan şirkətlərinin səhmlərinin həm Bakı, həm də Londonda listingini təşviq etmək üçün London və Bakı fond birjaları arasında əlaqələrin inkişafını dəstəklədiklərini bildirən diplomat, regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarını cəlb etmək üçün azərbaycanlı tərəfdaşlarla işlədiklərini qeyd edib.

Strateji tərəfdaşlığın təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcəyini deyən səfir süni intellekt, rəqəmsal transformasiya və Ələt Azad İqtisadi Zonasında qabaqcıl məlumat mərkəzi infrastrukturunun inkişafı istiqamətində fəal əməkdaşlıq etdiklərini bildirib.

Böyük Britaniyanın Azərbaycanın Dövlət Proqramı üzrə təhsil alan tələbələr üçün ən populyar istiqamət olduğunu qeyd edən Dankan Norman, 2027/28 tədris ili üçün "Chevening" təqaüd proqramına son yeddi ilin ən yüksək müraciət sayının qeydə alındığını məmnuniyyətlə vurğulayıb. O, həmçinin Warwick Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Bərpa Olunan Enerji" ixtisası üzrə birgə magistr proqramı çərçivəsində əlavə dörd tələbə qrupunun təhsilə başladığını diqqətə çatdırıb.

Azərbaycanın Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşı olduğunu bildirən səfir, bu il ilk birgə müdafiə təlimlərinin keçirildiyini və ikitərəfli hərbi təlim əməkdaşlığının indiyədək görünməmiş səviyyəyə çatdığını deyib.

Britaniya hərbi komandarlarının Azərbaycanda, azərbaycanlı zabitlərin isə Böyük Britaniyada həmkarları ilə birlikdə təlim keçdiyini qeyd edən diplomat, kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi ilə yanaşı, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizədə də Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə çalışdıqlarını vurğulayıb.

Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində mövqelərin üst-üstə düşdüyünü bildirən səfir Azərbaycanın Ukraynaya davamlı dəstəyini alqışladıqlarını və Böyük Britaniyanın nə qədər vaxt tələb olunursa olunmasın Ukraynanın yanında olacağını deyib. O, həmçinin İrandakı münaqişənin sona çatması və Hörmüz boğazının yenidən açılması istiqamətində diplomatik səyləri dəstəklədiklərini qeyd edib.

Cənubi Qafqazda ötən il ərzində sülh istiqamətində əldə olunmuş irəliləyişi (sərhədyanı "Sülh Körpüsü" təşəbbüsü, delimitasiya prosesi, yanacaq tədarükü və telekommunikasiya razılaşmalarını) alqışladıqlarını bildirən Dankan Norman davamlı sülhün təmin edilməsi üçün dialoq və əməkdaşlığın qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Səfir nitqinin sonunda münasibətlərin inkişafına töhfə verən hər kəsə təşəkkür edib və tərəfdaşlığın bundan sonra da inkişafını səbirsizliklə gözlədiyini bəyan edib.

Səfir “AzPolitika”nın “yaxın zamanlkarda Böyük Britaniyadan daha yüksək səviyyəli səfərlər gözlənirmi” sualına belə cavab verdi:

“Mən dedim ki, artıq altı aydır mən Azərbaycanda səfirəm və bu dövr ərzində Britaniyanın ticarət və investisiya naziri Lord Storkport, müdafiə naziri Lord Koker Azərbaycana səfər edib. Cümə axşamı ölkənizin Prezidenti ilə Baş nazir görüşləri oldu. Həmçinin Xarici işlər naziri ilə Şotlandiyanın xarici işlər naziri telefon danışığı baş tutub. Yəni bu altı ay ərzində əslində xeyli sayda yüksək səviyyəli təmaslar baş verib”.

E.Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol